Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-637/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 baxılması üçün ayrılmış 160 (yüz altmış) manat məbləğində alimentin 220 (iki yüz iyirmi) manat məbləğinə artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Nikah 22 noyabr 2007-ci il tarixində Nəsimi rayon VVAQD şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması barədə akt qeydləri kitabında 638№ ilə qeydə alınmışdır. Bu nikahdan xx.xx.2007-ci ildə övladları X4 dünyaya gəlmişdi. 16 iyul 2010-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin № 2(006)-2554/2010 saylı Qətaməsinə əsasən Cavabdeh ilə nikahları pozulmuşdur. Qətnaməyə əsasən bu nikahda doğulan xx.xx.2007-ci il təvəllüdlü X4 anası – İddiaçı yanında qalmişdir. X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 iyun 2010-cu il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 72 (yetmiş iki) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2430/2019 saylı Qətnaməsinə əsasən X1 üçün təyin olunmuş aliment Nəsimi Rayon Məhkəməsinə yazdığı ərizəyə əsasən artırılaraq 160 (yüz altmış) manat olmuşdur. Hal-hazırda oğlunu tək böyüdür. Uşağın saxlanılması həmin aliment miqdarı ilə çətindir, uşağın oxumasına və sağlam böyüməsi üçün 160 (yüz altmış) manat yetmir. X6 10-cu sinifdə oxuyur və ən böyük arzusu oğlunu sağlam böyüdüb, Ali təhsil verməkdir. Onuda qeyd edir ki, Nihad idmaçıdır, AKAF-nın kanoeçisidir. Hər bir idmançı kimi o xususi qidalanmalıdır. Lakin 160 manat Nihada normal qaydada sağlam qida almağa belə çatmır. Hələ Nihad xəstələnəndə ona alınan dərmanların məbləğindən söz gedə bilməz. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, X3 baxılması üçün ayrılmış alimentin 235 manat məbləğinə artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı, 021670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 iyun 2007-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 iyul 2010-cu il tarixli, 2(001)-2554/2010 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2007-ci il tarixdə Nəsimi rayon VVAQD şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması barədə akt qeydləri kitabında 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 23 iyun 2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 23 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 iyun 2020-cu il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul mənləğində 72 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2430/2019 saylı qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməsi, 23 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 iyul 2010-cu il tarixli, 2(001)-2554/2010 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti 21 fevral 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-0162 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında X4iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onun maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 160 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2024-cü il üzrə 235 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə olan halda, iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilməsə də məhkəmə, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2430/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 23 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2430/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-637/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-637/2024
08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver