Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-639/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 22 iyul 2022-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) nikaha girməklə ailə qurmuşlar. Cavabdehlə nikaha girdikdən sonra iddiaçı cavabdehin razılığı əsasında daimi yaşamaq üçün ailə üzvü kimi onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salmanzadə küçəsi, ev 110 B, 139 mənzilə (Yeni qaydalarla: AZ1078, ünvan 1 köçmüş və eyni zamanda özünə məxsus cehiz və digər şəxsi əşyalarını da həmin mənzilə gətirmişdir. Həmin tarixdən halhazıradək həmin mənzildə yaşayır, cavabdeh isə son zamanlar valideynlərinə məxsus başqa evdə yaşayır. O, aralarında olan nikahın pozulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və boşanmadan sonra hazırda yaşadığı ona məxsus mənzili boşaltmağını tələb edir (bu barədə ona qarşı iddia hal-hazıradək verməyib). İddiaçının isə başqa yaşayış yeri yoxdur, heç bir yerdə işləmir. Cavabdehlə aralarında olan nikah gələcəkdə pozulsa belə, o, cavabdehin razılığı ilə onun mülkiyyətində olan mənzilə ailə üzvü kimi köçüb, onunla birlikdə həmin mənzildə uzun müddət yaşadığından, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salmanzadə küçəsi, ev 110 B, mənzil 139 (Yeni qaydalarla: AZ1078, ünvan 1 ünvana onun istifadə hüququ tanınmalıdır. Hazırda heç bir yerdə işləmədiyindən, yaşamaq üçün kirayə mənzil tutmağa imkanı yoxdur. Cavabdehlə aralarında olan nikah pozulmamışdır. Bu səbəbdən də onun mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salmanzadə küçəsi, ev 110 B, 139 saylı mənzilə (Yeni qaydalarla: AZ1078, ünvan 1 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 22 iyul 2022-cü il tarixdə nikaha girməklə ailə qurmuşdur. Cavabdehlə nikaha girdikdən sonra iddiaçı cavabdehin razılığı əsasında daimi yaşamaq üçün ailə üzvü kimi onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salmanzadə küçəsi, ev 110 B, 139 mənzilə köçmüş və eyni zamanda özünə məxsus cehiz və digər şəxsi əşyalarını da həmin mənzilə gətirmişdir. Daha sonra onlar arasındakı münasibətlər pozulmuş və cavabdeh onlar arasındakı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı həmin tarixdən hal-hazıradək həmin mənzildə yaşayır, cavabdeh isə son zamanlar valideynlərinə məxsus başqa evdə yaşayır. İddiaçının isə başqa yaşayış yeri yoxdur, heç bir yerdə işləmir. Onun özünün başqa yaşayış yeri əldə etməsi mümkün deyildir. Ona görə də bu halların diqqətəlayiq hal kimi nəzərə alınmasını və iddiaçının cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixdə rəsmi nikah bağlanılmış və iddiaçı mübahisəli mənzilə köçmüşdür. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı cavabdehə məxsus mənzildə istifadə hüququnun tanınmasını tələb edir.
b) Mülki işin materialları:
7. Belə ki, mülki işin materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 526370 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2022-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin iyul ayının 22 günündə 1175 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Osmanova Salmanova soyadı verilmişdir.
8. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salmanzadə küçəsi, ev 110 B, 139 mənzilə (Yeni qaydalarla: AZ1078, ünvan 1 ünvanı "xxxx" MTK üzvlərinin ümumi iclasının 119 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən ********** qeydiyyat nömrəli çıxarış ilə xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud deyil.
11. Mülki işin materiallarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4888/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət sarayında (Bakı nikah evi) bağlanmış 22 iyul 2022ci il tarixli, 1175 nömrə ilə qeyd alınmış nikah pozulmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
13. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
14. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2022-ci ildə yaranmışdır. Deməli, göstərilən mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır.
15. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
16. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
17. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
20. İşin faktiki hallarından göründüyü kimi tərəflər 2022-ci ildə ailə qurublar, iddiaçı cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçmüş və orada onun ailə üzvü kimi yaşamışdır. xx.xx.2023-cü ildə tərəflərin nikahı məhkəmə qətnaməsi əsasında pozulmuş və beləliklə də ailə münasibətlərinə xitam verilmişdir. Yuxarıda qeyd olunduğu kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi).
21. İddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun həmin mənzildə qısa müddət yaşamasını, hazırda cavabdehin ailə üzvü artıq sayılmadığını, eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacının olması iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia rədd edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
30. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.