Məhkəmə qərarları › İş №e-2(006)-639/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-639/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-639/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 108600 manat borcun və ödənilmiş 398.7 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət tanıdığı və etibar etdiyi Cavabdeh ilə Yaqut ticarət mərkəzindən tanışlığı yaranmışdır. Cavabdeh qızıl-alqı satqısı ilə məşğul olmuşdur. Söhbət əsnasında ona bildirmişdir ki, onun Bakı şəhərində bir neçə Lombard fəaliyyəti ilə məşğul olan tanışları vardır. O, tanışlarının vasitəsi ilə ucuz qiymətə qızıllar əldə edərək onları rayon ərazisində daha baha qiymətə sata bilər. Bu məqsədlə ona maddi dəstək göstərməsini bildirmişdir. Daha sonra aralarında olan razılaşma əsasında ona borc müqaviləsində qeyd edilən miqdarda pul vermiş və o da qısa müddət ərzində onun pulunu qaytaracağını bildirmişdir. Lakin, bir müddət sonra Qəmər Xanım onunla telefon vasitəsi ilə danışaraq rayona ucuz qiymətə vermiş olduğu qızılları nisyə verdiyini və həmin qızılların pullarını ala bilmədiyi üçün onun pulunu qaytara bilmədiyini bildirmişdir. Bu halda ona həmin şəxsləri ona göstərməsini və onun öz pullarını onlardan ala biləcəyini bildirmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlasa da o, həmin şəxslərin adlarını ona bildirməmişdir. Daha sonra isə müəyyən etmişdir ki, ümumiyyətlə belə şəxslər mövcud deyildir. Qəmər Xanım onu aldadaraq ondan almış olduğu pulları məlum olmayan başqa işlərə sərf etmişdir. Çoxlu təkidləri nəticəsində o, gələcəkdə sübut üçün borc müqaviləsi əsasında verdiyi məbləği qaytaracağını ona bildirmişdir. Daha sonra 30 yanvar 2024-cü il tarixində cavabdeh X1 ilə aralarında borc müqaviləsi bağlanmışdır. Borc alan Cavabdeh öz xətti ilə həmin tarixdə qəbz formasında 108600 manat pulun tam formada aldığını öz imzası ilə təsdiq etmişdir. Borc müqaviləsinə əsasən 108600 manat məbləğində pul vəsaitini borc alan yəni Cavabdeh 3 ay müddətində yəni xx.xx.2024-cü tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq Borc Alan dediyi müddət bitdikdən sonra süni maneələr yaradaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Özünə dəfələrlə bildirdikdə guya qızlılları verdiyi şəxslərin hələ də pulu qaytarmaması bəhanəsini uydursa da sonradan məlum olmuşdur ki, ondan götürdüyü pulu digər başqa yerlərə xərcləmiş və borclarını bağlamışdır. Özünə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Aralarında bağlanan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən borc məbləğinin bu müqavilənin 2.2.1-ci maddəsində göstərilən vaxtda qaytarmadıqda hər gecikdirilmiş gün üçün qaytarılmayan məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar yolu ilə həll olunması qeyd edilmişdir. Cavabdeh X1 xx.xx.2024-cü il tarixinədək öz üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə pretenziya qaydasında xx.xx.2024-cü il tarixdə öz qeydiyyat ünvanına məktub yollanmışdır. Həmin pretenziya məktubunda cavabdehə yazılı qaydada “30 yanvar 2024-cü il tarixli borc müqaviləsinə əsasən üzərinizə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda məktub çatdığı gündən etibarən 3 gün müddətinə qanunsuz hərəkətlər nəticəsində bu günə kimi ödənilməli olan 108600 manat pulun (maddi zərərin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon məhkəməsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh heç birinə məhəl qoymamışdır. Sonda bütün bu məsələni həll etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, borc müqaviləsi heç bir təzyiq altında bağlanmamışdır. Əvvəl verdiyi borc pullar da tam şəkildə ödənilməmişdir. 30 yanvar 2024-cü ildə bağlanılan borc müqaviləsi əvvəlki borcları əhatə etmir. Yanvar ayında pulu verən zaman yox, müqavilə bağlanarkən başqa şəxslər olmuşdur. Borc pulu verməkdə məqsədi əlavə pul qazanmaq olmuşdur. Cavabdeh qızıl alveri ilə məşğul olmuşdur. Bundan əvvəl verdiyi borc pulları ödəyirdi. Ona görə cavabdehə qarşı etibar yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında pul münasibətləri 2023-cü ilin iyul-avqust aylarından başlamışdır. İddiaçı özü bizneslə məşğuldur. Şərik olduğu şəxsdən borc pul alıb və o şəxsdə etibar yaratmaq üçün cavabdehlə borc müqaviləsi bağlamışdır. Həmin şəxs iddiaçıya 108.600 manatı 3 ay müddətinə vermişdir. İddiaçı dəfələrlə cavabdehdən həmin pul məbləğini tələb etməsinə baxmayaraq, cavabdeh ödəniş etməkdən yayınmış, bu halda artıq iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdəki tarixlərin heçbiri bağlanmış müqavilədən sonrakı dövrü əhatə etmir. Şəxslər arasında olan pul münasibətləri 2023-cü ildən davam edib və həmin ödənişlər o tarixləri əhatə edir. Borc müqaviləsi 2024-cü ilin yanvar ayında 3 ay müddətə bağlanılmışdır. Aprel ayından artıq 6- 7 ay keçmişdir. Cavabdehin bu müqavilənin etibarlılığı ilə bağlı şübhələri var idisə kifayət qədər müddət olmuşdur ki, müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən etiraf etməklə, cavabdehin iddiaçıya 40 000 manat borcu vardır. 108.600 manat məbləğində borc müqaviləsini təzyiq altında imzalamışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ona pulu aralarında borc müqaviləsi bağlanmamışdan öncə vermişdir. 2023-cü ilin sentyabr, oktyabr, noyabr aylarında müəyyən məbləğlərdə borca pul almışdır. Borcunun bir qismini ödəmişdir. Hal-hazırda bu işlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırılır. Onun orada izahatı alınmışdır. 108.600 manat borca pul ona verilməmişdir. İddiaçıya hissə-hissə olmaqla 3000, 5000, və 15000 manat civarında ödənişlər etmişdir. Borc müqaviləsi və qəbzdəki imza ona məxsus olsa da, o, hədə-qorxu, təzyiq altında o müqaviləyə imza çəkmişdir. Hal-hazırda iddiaçıya 40.000 manat borcu qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verən İddiaçı ilə borcalan Cavabdeh arasında 108.600 manat məbləğində pulun sonuncuya borca verilməsi, həmin borcun xx.xx.2024-cü il tarixədək qaytarılması barədə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 108600 manatın tam həcmdə almasına dair qəbzi imzalamışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində vermiş olduğu izahatı məhkəmə iclasında verdiyi izahatı ilə uyğun olmuşdur. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi qəbz və onların surətlərinə baxış keçirərkən müəyyən olunmuşdur ki, onlar müxtəlif tarixləri əhatə etməklə müqavilədən əvvəlki dövrə aiddir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ümumilikdə 108.600 manat pulun borc verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq edilməsə də, cavabdeh tərəfindən etiraf edilmiş, lakin, müqavilənin onun iradəsi əleyhinə bağlanmasını iddia etməklə, həmin məbləğdə pulun iddiaçıdan almadığını, müqavilənin təzyiq altında imzaladığını qeyd etmiş, iddiaçıdan borca aldığı pulları müxtəlif vaxtlarda qaytarmasını bildirmişdir. Bunu məhkəməyə təqdim etdiyi qəbzlərlə sübut etməyə çalışmış, hal-hazırda isə iddiaçıya cəmi 40 000 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılması və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və aldığı 108600 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehin həmin müqavilənin onun iradəsi əleyhinə hədə-qorxu, təzyiq altında imza etməsi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, buna dair heç bir sübutlar məhkəməyə təqdim edilməmiş, xx.xx.2024-cü il tarixdən ötən dövr ərzində cavabdeh müqaviləni mübahisələndirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiadan məlumatlı olmaqla, ona qarşı hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı iddia verilməsi üçün 398.7 manat dövlət rüsumu ödəməli olduğundan həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh verilmiş borca görə 108600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 398.7 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 108600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 398.7 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar