Məhkəmə qərarları › İş №e-2(006)-645/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-645/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-645/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kompensasiya məbləğinin silinməsi və qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə onun problemli kreditinə hesablanmış 5.174 manat 39 qəpik kompensasiya məbləğinin 4.619 manat hissəsinin Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə ümumi borcundan cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məcburi qaydada silinməsi; Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcundan kompensasiya məbləği silindikdən sonra, eyni zamanda əmək haqqından tutulmalar da çıxıldıqdan sonra qalıq qalmış məbləğin restrukturizasiya edilməsinin LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcundan cərimə və faiz məbləğlərini silməklə yerdə qalan məbləğin restrukturizasiya edilməsinin LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə 26 %-lə 6.610 ABŞ dolları kredit götürmüşdür. Kredit götürdükdən bir müddət sonra ölkədə devalvasiya olduğundan, ödəniş etməsində çətinliklər yaranmışdır. Buna görə də, Cavabdeh1 ASC məhkəməyə müraciət edərək ondan kredit borcunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-4589/2015 saylı qətnaməsi ilə ondan və zaminlər X1, X2 6.087,52 ABŞ dolları əsas borc, 924 ABŞ dolları faiz, 105,18 ABŞ dolları cərimə olmaqla, cəmi 7.116,7 ABŞ dolları pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamədən sonra o, hissə-hissə ödənişlər etmişdir. 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır. Fərmandan irəli gələn məsələrin həll edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Fərman 3 hissədən ibarət olmaqla icra mexanizmi olmuşdur: Fərmanın əhatə dairəsinə düşən kreditlər üzrə kompensasiyanın hesablanması; Hesablanmış kompensasiyaların 365 gündən çox gecişməsi olan borclarına silinməsi; 365 gündən artıq gecikməsi olan qalıq borcların restrukturizasiya edilməsi. Birinci bənd üzrə, yəni kompensasiyanın hesablanması vəzifəsi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə qoyulmuşdur. İkinci bənd üzrə vəzifələr, yəni hesablanmış kompensasiyaların silinməsi vəzifəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi siyahılar üzrə kredit borcu olan bankların üzərinə qoyulmuşdur. Üçüncü bənd üzrə isə borcların restrukturizasiya edilməsi hüququ, bankların dəvətindən sonra problemli krediti olan vətəndaşın üzərinə qoyulmuşdur. Onun məhkəmə qətnaməsi ilə olan problemli krediti də 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ona Cavabdeh1 ASC-dən götürdüyü dollar krediti üzrə 5.174,39 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiya məbləğinin 4619,52 manat hissəsi Cavabdeh1 ASC-yə olan borcuna, geri qalan hissəsi isə "xxxx" ASC-yə olan borcuna silinmişdir. Silinmədən sonra Cavabdeh1 ASC-yə 4.947,31 manat borc qalmış və həmin məbləğ restrukturizasiya edilməli məbləğdir. Fərmandan sonra ləğv edilmiş Cavabdeh1 ASC-yə getsə də, onlar özlərinin əlaqə saxlayacağını bildirmişlər. Bu ilin əvvəllərində məlum olmuşdur ki, onun kredit borcundan kompensasiya məbləği bu günə kimi silinməyib və borcunun əmək haqqından tutulması üçün İcra məmuru iş yerinə məktub göndərmişdir. 7-8 ay əmək haqqının yarısı tutularaq cavabdehin hesabına köçürülmüşdür. Müraciətindən sonra icra məmuru tutulmanı dayandırmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ləğv edilmiş Cavabdeh1 ASC, onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Şəki rayon üzrə İcra və Probasiya şöbəsi nəzərə almadan qanunsuzluğa yol verdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi Mərkəzi Bankın elektron portalından çıxarışdan göründüyü kimi ona 5.174,39 manat kompensasiya hesablanıb. Həmin kompensasiya məbləği silindikdən sonra onun Cavabdeh1 ASC-yə 4.947,31 manat borcu qalmışdır. Həmin məbləğ 5 il müddətinə illik 1 faiz olmaqla, 12 ay güzəşt müddətinə restrukturizasiya edilməlidir. İş materiallarına əlavə etdiyi ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi, onun banka olan 4.709,15 ABŞ dolları (8.025,55 manat) borc məbləği əmək haqqından hər ay 50 % olmaqla tutulması xahiş edilmişdir. Məlumat verir ki, sözügedən ərizə ilə ilk əvvəl Şəki rayon məhkəməsinə müraciət etsə də, məhkəmə ərizəsinə Bakı şəhərində baxılmalı olmasını göstərərək geri qaytarmışdır. Bundan sonra yenidən Bakı şəhəri Xətai rayon məhkəməsinə eyni ərizə ilə müraciət etsə də, məhkəmə cavabdehlərin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu olduğunu qeyd edərək ərizəsini geri qaytarmışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna, Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə qətnaməsi mövcuddur, iddiaçı Fərmanın təsir dairəsinə düşən məbləğin restrukturizasiya edilməsi xahişi ilə banka 2019-cu ilin dekabrın 31-dək müraciət etməmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar