Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6453/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X2, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 % ödəmək şərtilə 1.747,01 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçıya 1.747,01 manat əsas, 263,50 manat faiz borcu olmaqla, cəmi 2.010,51 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 1.747,01 manat əsas, 263,50 manat faiz borcu olmaqla, cəmi 2.010,51 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 40,51 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olmuşdur, onun bütün şərtləri ilə razıdır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış 1.747,01 manat əsas, 238,50 manat faiz, 25 manat cərimə, cəmi 2.010,51 manat borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli elektron arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh kredit xətti açılmışdır. Kredit limitinin məbləği 700 manat, kreditin başlama tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2026-cı il, kreditin müddəti 35 ay, faiz dərəcəsi 27,6 % illik (2,3 % aylıq), gecikməyə görə faiz dərəcəsi ödənilməmiş minimal ödənişin 0,5 %-i, gecikməyə görə cərimə birinci ay 5 manat, növbəti aylar 10 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə həmin tarixə banka 1.747,01 manat əsas, 263,50 manat faiz borcu olmaqla, cəmi 2.010,51 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 40,11 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına SMS-lərin olduğu cədvəl, ümumi oferta və hesabdan çıxarış da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 700 manat məbləğində kredit xətti açılmış, sonradan kreditin limiti 1.747,01 manat təşkil etmişdir. Cavabdeh kredit xəttindən istifadə etsə də, qrafik üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış borcu və məhkəmə xərclərini tələb edir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə yarandığını iddia etdiyi 1.747,01 manat əsas və 263,50 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etmiş, lakin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyada cavabdehin iddiaçıya tələb edilən məbləğdən az əsas və faiz borcunun olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1.747,01 manat əsas, 238,50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.747,01 manat əsas, 238,50 manat faiz borcu olmaqla, cəmi 1.985,51 manat məbləğində pul və iş üzrə çəkilmiş 40,51 manat məhkəmə xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.747,01 (bir min yeddi yüz qırx yeddi manat bir qəpik) manat əsas, 238,5 (iki yüz otuz səkkiz manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1.985,51 (bir min doqquz yüz səksən beş manat əlli bir qəpik) manat məbləğində pul və iş üzrə çəkilmiş 40,51 (qırx manat əlli bir qəpik) manat məhkəmə xərcinin əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(006)-6453/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6453/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver