Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-646/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli M23/11 saylı müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş əsas borc: 60 (altmış) manat və ödənilməmiş əsas borca hesablamış dəbbə pulu: 167 (bir yüz altmış yeddi) manat və xx.xx.2021-ci il tarixli, BM-001/21 saylı borc müqaviləsi üzrə 2023 (iki min iyirmi üç) AZN, ümumilikdə 2250 (iki min iki yüz əlli) AZN məbləğində borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 43 manat 64 qəpik məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli M23/11 №-li “İdeal Taksit” kartından istifadəyə dair müqaviləyə əsasən, ona 300 (üç yüz) manat nominalında “İdeal Taksit” kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 60 (altmış) manat olmaqla 5 (beş) ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Cavabdeh müvafiq kartdan istiadə edərək 300 (üç yüz) manat dəyərində alış-veriş etmiş, 4 ay üçün, yəni 240 manat (iki yüz qırx) manat ödəmiş, lakin borc məbləğinin qalıq hissəsini təşkil edən 60 (altmış) manat məbləğini xx.xx.2021-ci ilədək ödəməmiş, nəticədə şirkət qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla da ümumi ödəmədiyi əsas məbləğ 60 (altmış) manat təşkil etmiş və 932 (doqquz yüz otuz iki) gün gecikməsi olmuşdur. Müqavilənin 6.2-ci bəndinə əsasən, gecikdirmənin hər günü üçün qalıq borcun 0.3%-i məbləğində olmaqla, 167 (bir yüz altmış yeddi) manat məbləğində dəbbə pulu hesablanmışdır. Bundan əlavə, eyni tərəflər arasında xx.xx.2021-ci il tarixli, BM-001/21 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə 10 ay müddətində ödəmək şərtilə 2750 (iki min yeddi yüz əlli) manat borc verilmişdir. xx.xx.2021-ci il tarixə sözügedən borc üzrə ödənilməli məbləğ 2137.22 AZN (iki min bir yüz otuz yeddi manat, iyirmi iki qəpik) təşkil edir. İddiaçı tərəfindən cavabdehə pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik iddia ərizəsi verilən günədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin mətninə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M23/11 №-li “İdeal Taksit” kartından istifadə üzrə müqavilə və ona 1 saylı əlavə ödəniş qrafikindən görünür ki, Cavabdeh “İdeal Taksit” plastik kartını əldə edərək müəyyən olunmuş müddətdə İddiaçı MMC-yə məxsus mağazalarda istifadə etməyi, İddiaçı MMC isə qeyd edilən kartlardan özünə məxsus mağazalarda maneəsiz istifadə üçün Cavabdeh şərait yaratmağı öhdəsinə götürmüşdür. Müqavilənin predmetini Cavabdeh əldə etdiyi 300 (üç yüz) manat nominalında kartın İddiaçı MMC-yə məxsus mağazalarda istifadəsi və hər ay 60 manat olmaqla, 5 ay müddətinə dəyərinin hissə-hissə ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlər təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, M23/11 №-li müqavilə üzrə Taksit layihəsinin təyinatı ilə tanış olmuş, bütün şərtləri qəbul etmiş və kartdan istifadə məsuliyyətini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BM-001/21 №-li borc müqaviləsindən görünür ki, İddiaçı MMC 2750 manat məbləğində pulu Cavabdeh verməyi, Cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq 2021-ci il sentyabr ayından ödəməyə başlamaq şərti ilə 10 ay ərzində həmin məbləği tam şəkildə İddiaçı MMC-yə geri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh onunla ediləcək son haqq-hesabdan sonra şirkətə olan 2023 manat məbləğində borcunu müvafiq borc müqaviləsinin şərtlərinə uyğun olaraq 10 ay ərzində ödəyəcəyini bildirmiş və bu öhdəliyi qəbul etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M23/11 №-li müqaviləyə əsasən, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə 60 manat əsas borc, 167 manat dəbbə pulu, eyni tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BM-001/21 №-li borc müqaviləsinə əsasən, 2137.22 manat olmaqla, ümumilikdə 2364.22 manat məbləğində pul öhdəliyi icra olunmamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 43.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında alqısatqı (nisyə) və kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki qanunvericiliyin tələblərinə görə, müqavilə öhdəliyin yaranma əsaslarından biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1-324.2ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 600.1, 600.4, 601.1-601.2-ci maddələrinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən normaların hazırki mülki işin hallarına tətbiqi nəticəsində məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli M23/11 nömrəli müqaviləni əşyanın nisyə satılması haqqında müqavilə, xx.xx.2021-ci il tarixli BM-001/21 №-li müqaviləni isə kredit müqaviləsi kimi qiymətləndirmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona məxsus mağazalarda istifadə edilməsi məqsədilə 300 manat dəyərində olan kart (məhsul) cavabdehə təqdim edilmiş (satılmış), cavabdeh isə kartın (məhsulun) dəyərini hər ay 60 manat olmaqla 5 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyini tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 60 manat məbləğində borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə iddiaçı 2750 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq 2021-ci il sentyabr ayından ödəməyə başlamaq şərti ilə 10 ay ərzində həmin məbləği tam şəkildə iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin bu müqavilə üzrə olan öhdəliyi xx.xx.2021-ci il tarixdə qismən əvəzləşdirilmiş və onun iddiaçıya müqavilə üzrə 2023 manat məbləğində borcu qalmış, qalıq borcun məbləği və həmin öhdəliyi qəbul etməsi ilə əlaqədar yazılı iltizam cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş, lakin bundan sonra həmin borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutlara əsasən, iddiaçı tərəfindən müqavilələr üzrə öhdəliyin tam icra edilməsi, cavabdeh tərəfindən isə həmin müqavilələr üzrə öhdəliyin tam icra edilməməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə müqavilədə göstərilən müddətdin keçməsinə baxmayaraq, borcunu ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış əsas borcu tam şəkildə iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borc məbləğləri ilə əlaqədar olan hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, 05 mart 2020-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat əsas borc, 01 aprel 2021-ci il tarixli müqavilə üzrə 2023 (iki min iyirmi üç) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 167 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 3 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 05 mart 2020-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat əsas borc, 3 (üç) manat cərimə borcu, cəmi 63 (altmış üç) manat və 01 aprel 2021-ci il tarixli müqavilə üzrə 2023 (iki min iyirmi üç) manat olmaqla, ümumilikdə 2086 (iki min səksən altı) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 43.64 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 43.50 manat məbləğində dövlət rüsumu ödənilməsi müəyyən edildiyindən, ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 5.50 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 mart 2020-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat əsas borc, 3 (üç) manat cərimə borcu, cəmi 63 (altmış üç) manat; 01 aprel 2021-ci il tarixli müqavilə üzrə 2023 (iki min iyirmi üç) manat olmaqla, ümumilikdə 2086 (iki min səksən altı) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 43.50 (qırx üç manat əlli qəpik) manat dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 5.50 (beş manat əlli qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-646/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-646/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver