Məhkəmə qərarları › İş №e-2(006)-661/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-661/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-661/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 iyul 2021 il tariхli, 100804-239710/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 03 noyabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3,788.98 manat məbləğində əsas bоrc və 2,577.92 manat faiz borcu оlmaqla, ümumilikdə 6,366.9 (altı min üç yüz altmış altı manat doxsan qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 3788.98 manat məbləğində əsas bоrc və 2577.92 manat faiz borcu оlmaqla, cəmi 6366.9 (altı min üç yüz altmış altı manat doxsan qəpik) manat borcun və 84.07 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 iyul 2021 il tariхli, 100804-239710/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 16% dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 03 noyabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3,788.98 manat məbləğində əsas bоrc və 2,577.92 manat faiz borcu оlmaqla, ümumilikdə 6,366.9 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə, gecikdirilmiş kredit yaranmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 24 ay müddətinə, illik 16% olmaqla 20000 AZN məbləğində kredit verilmişdir. Hazırda iddiaçı tərəf cavabdehin banka xx.xx.2023-cü il tarixə 3788.98 manat məbləğində əsas və 2577.92 manat məbləğində faiz borcunun yarandığını iddia edərək, həmin borcun və ödənilmiş 84.07 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamentinin direktoru X2 Rəşad Tahir oğlu tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli istehlak kreditinin alınması üçün ərizədən görünür ki, Cavabdeh ona istehlak məqsədilə 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 8.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı “kredit müqaviləsi”nə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 16%-lə 20000 AZN (iyirmi min manat) məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 03 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı müqaviləyə əsasən 03 noyabr 2023-cü il tarixinə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3788.98 AZN məbləğində əsas borc və 2577.92 AZN faiz borcu olmaqla, ümumilikdə 6366.9 AZN məbləğində borcu vardır. 10.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin tarixə olan 5817.5 manat məbləğində borcu ödənilməsi ilə bağlı cavabdehə təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. 11.Mülki işin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə kredit ödənişləri həyata keçirilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1188 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri, tərəflər arasında bağlanmış 100804-239710/1 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixinə və eyni zamanda xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı ASCyə olan borcunun tam ödənildiyi və 701.52 manat məbləğində artıq ödənişin edildiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3710 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2023-cü İİ tarixə ' İddiaçı ASC-yə 701,52 AZN məbləğində artıq ödənişi müəyyən olunur. Qeyd edilir ki, vəsatətə cavab olaraq bank tərəfindən təqdim edilmiş cari hesabdan çıxarış məlumatlarında göstərilmiş “cərimə borcu üzrə” silinmələr “21214” saylı hesabda öz əks tapmışdır. Həmçinin, digər hesabdan çıxarışda da gündəlik faizin hesablanması “21214” saylı və “64710” saylı hesablarda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borclan”-na, “64710” saylı hesabın isə “Fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri - milli valyutada” aid olduğu müəyyən edildi. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən cərimənin “70110” saylı hesaba aid olduğu göstərilir. Belə olduğu halda, 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Bu səbəbdən də ekspert tərəfindən 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh cərimə borcu hesablanması, iddiaçı bank tərəfindən aparılmış cərimə üzrə silinmələr nəzərə alınmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 16.Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 17.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 18.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 20.Hazırki iş üzrə tərəflər arasında 29 iyul 2021-ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən iddiaçı Bank, cavabdehə 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 20.000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin vəsaiti təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə faizləri ilə birlikdə iddiaçı Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, müqavilə üzrə qeyd edilən məbləği cavabdehə vermişdir. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini və kreditin ödəmə qrafikini pozduğunu iddia etsə də, məhkəmə tərəfindən mübahisənin düzgün və obyektiv həli baxımından cavabdehin iddiaçı Banka müqavilə üzrə həm müqavilənin müddətinin bitdiyi tarixə, həm də maliyyə arayışının tərtib edildiyi tarixə hansı məbləğdə borcunun qalması, cavabdeh tərəfindən edilən ödənişlərin (edildiyi təqdirdə) hansı hissədə əsas, faiz və cərimə borcunun silinməsinə yönəldilməsi və s. kimi sualların cavablandırılması məqsədilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1188 nömrəli ekspert rəyi təqdim edilmişdir. Həmin ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, cavabdehin iddiaçı Banka xx.xx.2023-cü il tarixinə və eyni zamanda xx.xx.2023-cü il tarixinə kredit borcu tam ödənilmiş və hətta cavabdeh tərəfindən iddiaçı Banka 701.52 manat məbləğində artıq ödəniş edilmişdir. Daha sonra iddiaçı tərəf sözügedən ekspert rəyində cərimə məbləğinin nəzərə alınmamasına istinad edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmiş və hazırki iş üzrə növbəti dəfə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/3710 nömrəli ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh cərimə borcu hesablanmamış, bu səbəbdən də ekspert tərəfindən 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh cərimə borcu hesablanması, iddiaçı bank tərəfindən aparılmış cərimə üzrə silinmələr nəzərə alınmamışdır. 21.Odur ki, məhkəmə iddia tələbinin əsas və faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində cərimə borcunun tutulmasını deyil, kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulmasını xahiş etmişdir. Göründüyü kimi müvafiq ekspert rəyləri ilə isə cavabdehin iddiaçı Banka onlar arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı “kredit müqaviləsi” üzrə borcunun qalmadığı, bank tərəfində təqdim edilmiş hesabdan çıxarışlara və cərimə üzrə hesablanan “21214” saylı hesab üzrə hesablamalara əsasən cərimə borcnun qalmadığı müəyyən edilmişdir. Bundan əlavə isə məhkəmə tərəfindən bir deyil iki dəfə mühasibatlıq ekspertizası keçirilmiş və hər iki rəylər üzrə cavabdehin iddiaçıya borcun olmadığı müəyyən edilmişdir. 22.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 23.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 26.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 27.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəyləri əsasında cavabdehin müqavilə üzrə Banka heç bir borcunun qalmadığı (əksinə, cavabdeh tərəfindən 701.52 manat məbləğində artıq ödənişin edildiyi) öz təsdiqini tapdığından, iddiaçının tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 28.Daha sonra məhkəmə iddia tələbinin hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 84.07 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni müqavilə üzrə yaranmış borcun tutulması hissəsində təmin edilmədiyindən, həmin iddianın qaldırılması üçün də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 29.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 31.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 32.Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 AZN (yüz əlli manat) məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 33.Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 35.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 36.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 AZN (yüz əlli manat) məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar