Məhkəmə qərarları › İş №e-2(006)-6679/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6679/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6679/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 20.12.2012-ci il təvəllüdlü X2 və 16.11.2014-cü il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay iki uşağa görə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarda aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(012)-701/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia üzrə tərəflər arasında bağlanılmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 20.12.2012-ci il təvəllüdlü X2 və 16.11.2014-cü il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması və uşaqlar yetkinlik yaşına çatandək saxlanılması üçün 15 yanvar 2018-ci il tarixindən başlayaraq cavabdehdən hər ay hər bir uşağa 200 manat olmaqla, cəmi hər ay 400 manat miqdarında alimentin tutulması qət edilmişdir. Halhazırda X2 8, X6 6 yaşı var. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan əlavə də cavabdeh “X13” MMC-də tikinti meneceri vəzifəsində işləyir və aylıq əmək haqqı 5.633,90 manat təşkil edir. Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, buna nail ola bilməmişdir. Buna görə də, aliment məbləğnin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 6 aydır ki, Qarabağ ərazisində işlədiyi üçün aldığı aylıq əmək haqqı artmışdır. Yəni, bu hal müvəqqəti xarakter daşıyır. Bir müddət sonra aldığı əmək haqqı azalacaq. İddiaçıya aylıq 800-1.000 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmiş, lakin cavabdeh razı olmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında cavabdehin sözlərini təsdiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(012)-701/2018 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə X7 arasında bağlanmış və Qax rayon Qeydiyyat şöbəsi tərəfindən 26 iyun 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 77 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 20.12.2012-ci il təvəllüdlü X2 və 16.11.2014-cü il təvəllüdlü X6 anaları X3 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində alimentin tutulub X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “X13” MMC-nin 30.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh hazırda “X13” MMC-də tikinti meneceri vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 5.633,90 manat təşkil edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 28.09.2021-ci il, 2021-002628 saylı arayışdan görünür ki, tərəflər 28.09.2021-ci il tarixində keçirilən “alimentin artırılması” tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. (Mediator M.Məmmədova). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulur. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli,8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, cavabdeh “X13” MMC-də menecer vəzifəsində işləyir, ondan sabit pul məbləğində aliment tutulması yolverilməzdir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləği o zaman tutulur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alır. İş materiallarından göründüyü kimi bu halların heç biri mövcud olmadığından aliment Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd edilən qaydada tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılmaları üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəməyə təqdim olunmuş sübutlardan göründüyü kimi, cavabdeh hazırda rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğuldur və əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20.12.2012-ci il təvəllüdlü X2 və 16.11.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(012)-701/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq (dəyişdirilərək), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, qanunvericiliyə əsasən alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) tutulmalara başlama anı qətnamənin qanuni qüvvəyə mindiyi andan başlanılır. Bu səbəbdən, iddiaçının iddia tələbinin «iddia ərizəsinin məhkəməyə təqdim edildiyi andan etibarən» aliment tutulması hissəsi əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.12.2012-ci il təvəllüdlü X2 və 16.11.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(012)-701/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq (dəyişdirilərək), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar