Məhkəmə qərarları › İş №e-2(006)-685/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-685/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-685/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1939-cu il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi, 48 ünvanda yerləşən evin tərkib hissəsindən 50 ildən artıqdır ki, istifadə etmişdir. Yuxarıda qeyd olunan ünvanda istifadəsində olan yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində evi yararsız vəziyyətə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin həmin ərazi üzrə qurumuna sorğu verilsə də, baş vermiş yanğının səbəbləri və araşdırmalar barədə bu günə qədər onlara heç bir məlumat verilməyib. Hadisədən qısa bir müddət öncə evin mülkiyyətçisi olan Cavabdeh, onun mülkiyyətində olan evin digər hissəsini sökərək ticarət obyektinin inşasına başlamışdır. Sözügedən yanğın hadisəsi baş verdikdən dərhal sonra mülkiyyətçi onların istifadəsində olan tərkib hissəsində də söküntü işlərinə başlamış və iddiaçı ailəsi ilə birlikdə oradan çıxmaq məcburiyyətində qalmış və hal-hazırda sıxlıq şəraitində Mərdəkan qəsəbəsində qohum evində məskunlaşmışlar. Bu səbəbdən iddiaçı dərhal yaşadıqları sahədə söküntü işlərinin aparılmasına mülkiyyətçiyə qadağa edilməsi ilə bağlı müvafiq müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Qanunla müəyyən edilmiş müddət başa çatdıqdan sonra mülkiyyətçi ona etdiyi xahişlərə baxmayaraq söküntü işlərini davam etmiş və həmin illəri başa çatdıqdıqdan onra dərhal obyektin tikinti işlərinə başlamışdır. Ərizənin əvvəlində qeyd olunan əməlləri ilə mülkiyyətçi uzun müddət istifadələrində olan yaşayış sahəsindən istifadə hüquqlarından onları qanunsuz məhrum etməklə iddiaçıya və ailəsinə bərpaolunmaz ziyan vurmuşdur. Mülkiyyətçi tərəfindən onlara vurulmuş ziyan artıq bərpaolunmazdır və həmin ziyan yalnız kompensasiya yolu ilə aradan qaldırıla bilər. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçıya 8000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan yaşayış sahəsindən istifadə hüququnun pozulması ilə bağlı iddiaçıya 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı 1939-cu il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən evin tərkib hissəsindən 50 ildən artıqdır ki, istifadə etmişdir. 1972-ci il tarixdə həmin evdə keçmiş Mənzil Məcəlləsinə əsasən qeydiyyata düşmüşdür və həmin evdə yaşayış sahəsi kimi istifadə etmək hüququnu əldə etmişdir. 2012-ci il tarixdə hazırki iş üzrə Cavabdeh tərəfindən al]ı-satqı yolu ilə keçmiş mülkiyyətçidən alınmışdır. Bu zaman iddiaçı buna etiraz etməmiş, ancaq qeydiyyatda qalmaqda və həmin evdə yaşamaqda davam etmişdir. Azərbaycan Respublikası MM-nin tələblərinə əsasən mülkiyyətçinin dəyişilməsi özlüyündə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Qeyd olunan mənzildə xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin həmin ərazi üzrə qurumuna sorğu verilsə də, baş vermiş yanğın səbəbləri və araşdırmalar barədə bu günə qədər onlara heç bir məlumat verilməyib. Hadisədən qısa bir müddət öncə evin mülkiyyətçisi olan iddiaçı – Cavabdeh, onun mülkiyyətində olan evin digər hissəsini sökərək ticarət obyektinin inşasına başlamışdır. Sözügedən yanğın hadisəsi baş verdikdən dərhal sonra mülkiyyətçi iddiaçının və onun ailəsinin istifadəsində olan tərkib hissəsində də söküntü işlərinə başladı və bu səbəbdən iddiaçı ailə ilə birlikdə oradan çıxmaq məcburiyyətində qalmışdır. Nəticədə iddiaçının hüquqları kobudçasına pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı ilə mülkiyyətçi Cavabdeh arasında həmin evdən yaşayış sahəsi kimi istifadə hüququna dair razılığı ifadə edən müqavilə olmamışdır. Cavabdeh həmin daşınmaz əmlaka mülkiyyət hüquqları 2012-ci ildə yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev, tələbkar İddiaçı, mübahisəli ünvanda tikinti-söküntü aparan məsul şəxs X5, hal-şahidləri X3 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin MTT(006)-216/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus və istifadəsində olan evdə söküntü işlərin aparılması borclu Cavabdeh və digər şəxslərə qadağan olunmalıdır. İcra sənədinin icrasını dərhal təşkil etmək məqsədilə həmin ünvana gəlmişlər. Ünvanda olarkən traktorla həmin evin söküldüyü görmüşlər və dərhal söküntü tərəflərdən həmin evdə dayandırılmışdır. Həmin evin sökülməsi, ərazidə söküntü aparan məsul şəxs X2 və digər şəxslərə Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izah olunmaqla qadağan olunmuşdur.

8. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, 1939-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, F.İbrahimbəyli küçəsində yerləşən 48 saylı evdə xx.xx.1971-ci ildən qeydiyyatdadır. 1968-ci il təvəllüdlü oğlu X4 xx.xx.1975-ci ildən qeydiyyatdadır.

9. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh tərəfindən ünvanlanmış təklifin surətindən görünür ki, Cavabdeh tərəfindən onun və ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüquqlarının bərpaolunmaz pozulması nəticəsində onlara vurulmuş zərərin əvəzinə 50.000 manat məbləğində pul vəsaitin ödənilməsini xahiş etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, F.İbrahimbəyli küçəsində yerləşən 48 saylı evdə 1971-ci ildən qeydiyyatdadır. Qeyd olunan əmlak hazırki cavabdehə alğı-satqı yolu ilə 2012-ci il tarixdə keçmiş və alğı-satqı baş tutarkən iddiaçı mənzilin satılmasına etiraz etməmişdir (iddiaçının nümayəndəsi və vəkilinin izahatına əasən). xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində ev yararsız hala düşmüşdür. Cavabdeh mülkiyyətində olan evin bir hissəsində, həmçinin iddiaçının istifadəsində olan hissəsində söküntü işlərini başlamışdır. Hazırda iddiaçı yaşayış sahəsindən istifadə hüququnun pozulması ilə bağlı 50.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi tələb hüququnun yaranma tarixi əvvəlki Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qüvvədə olduğu tarixə təsadüf etmişdir.

11. Odur ki, bu hüquq münasibətlərinə ilk öncə əvvəlki qanunverciliyin hüquqi təbiətdən yanaşaraq köhnə qanunvericiliyin qaydaları tətbiq edilməlidir.

12. Belə ki «Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi 4-cü maddəsi Mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən mülki hüquq və vəzifələr SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan, habelə vətəndaşların və təşkilatların qanunda nəzərdə tutulmasa da, mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına əsasən mülki hüquq və vəzifələr yaradan hərəkətlərindən əmələ gəlir. Bunlar aşağıdakılardır : 1) qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən; 2) inzibati aktlardan, o cümlədən dövlət, kooperativ və sair ictimai təşkilatlar üçün — planlaşdırma aktlarından; 3) kəşf, ixtira və səmərələşdirmə təklifləri, elmi və bədii əsərlərin, incəsənət əsərlərinin yaradılması nəticəsində; 4) başqa şəxsə ziyan vurmaqdan, habelə kifayət qədər əsas olmadan başqa şəxsin vəsaiti hesabına əmlak əldə etməkdən və ya əmlaka qənaət etməkdən; 5) vətəndaşların və təşkilatların sair hərəkətləri nəticəsində; 6) mülki-hüquqi nəticələrin baş verməsini qanunun əlaqələndirdiyi hadisələrdən əmələ gəlir (16).

13. Əvvəlki Mənzil Məvəlləsinn 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

14. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən isə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

15. Qüvvədə olan Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

16. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

18. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir

19. Məhkəmə bu halda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd olunan mənzilə istifadə hüququ əvvəlki qanunverciliyin qüvvədə olduğu müddətdə yaranmış olsada O, qeyd olunan mənzilin satılmasına razılıq verməsi barədə iradə ifadəsi hazırki Mülki Məcəllənin qüvvədə olduğu dövrə təsadüf etmişdir. Yəni 2012-ci il dən mənzilin yeni mülkiyyətçisi (hazırki cavabdeh) yarandığından iddiaçı ilə mülkiyyətçi arasında notarial qaydada verilmiş razılıq olmalı idi ki, o razılıqda olmamışdır.

20. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evində iddiaçının istifadə hüququ yaransada (əvvəlki Mənzil Məcəlləsinə əsasən) bu hüquq onun evin satılmasına razılıq barədə vermiş olduğu ərizə əsasında aradan qalxmışdır.

21. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclası zamanı izahatında qeyd etmişdir ki, iddiaçı mənzil satılarkən notarial qaydada razılıq vermişdir. Daha sonradan isə yeni mülkiyyətçinin (hazırki cavabdehin) ailə üzvü olmamaqla onunla hər hansı bir mülki hüquq münasibətində olmamış və istifadə hüququ ilə bağlı notarial qaydada bağlanan razılıq ərizəsi verilməmişdir. Bu hal isə onu göstərir ki, artıq iddiaçının həmin mənzilə marağı itmiş və həmin ərizə ilə istifadə hüququ aradan qalxmışdır.

22. Bu halda iddiaçının qeyd olunan mənzilə istifadə hüququ artıq olmadığından hər hansı kompensasiyanın ödənilməsindən də söhbət gedə bilməz.

23. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçının mübahisəli mənzilə dair şəxsi servitutu olmuş olsaydı da belə, əmlak məhv olduğundan iddiaçının servitut hüququ da aradan qalxmışdır.

24. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar