Məhkəmə qərarları › İş №e-2(006)-69/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-69/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-69/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı Rafı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Rafı̇ q oğlunun cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğluna qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Rafı̇ q oğlu cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğluna qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında 22 iyul 2023-cü il tarixdə bağlanılmış mənzil kirayə müqaviləsinə xitam veriliməsi, 22 iyul 2023-cü il tarixli mənzil kirayə müqaviləsinə əsasən ödənilməmiş 5000 manat kirayə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və cavabdehin öz ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzildən çıxarılaraq həmin mənzilin iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı keçmiş dostu Cavabdeh1 məxsus olmuş ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzili notarial qaydada bağlanmış 02 mart 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ondan almışdır. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra tərəflər şifahi qaydada razılaşmışlar ki, cavabdeh qalmağa digər yeri olmadığı üçün bir müddət iddiaçı tərəfindən alınmış mənzildə yaşıyacaq, özünə ev aldıqdan sonra isə sözgedən mənzili iddiaçıya təhvil verəcəkdir. Cavabdeh bir müddət iddiaçıya məxsus evdə yaşadıqdan sonra iddiaçı ondan evi onda təhvil verməyi tələb etmişdir. Cavabdeh isə bunun əvəzində ev almağa imkanının olmadığını üçün evi ona təhvil verə bilməyəcəyini bildirmişdir. Bundan sonra tərəflər razılaşmışdılar ki, iddiaçı aldığı evdən fayda əldə etməsi üçün cavabdehin isə uzun illərdi yaşadığı evdə yaşamağa davam etməsi üçün aralarında kirayə müqaviləsi bağlasınla. Bunun nəticəsində, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 22 iyul 2023-cü il tarixli mənzil kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzili Cavabdeh1 6 ay müddətində kirayəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Kirayə götürən Cavabdeh1 Kirayə verən İddiaçı aylıq 2500 manat (iki min beş yüz) kirayə haqqını Bank Respublikadakı hesaba ödəməlidir. Lakin cavabdeh sözügedən kirayə müqaviləsinin bağlanmasından 2 aydan artıq vaxt keçməsinə baxmayaraq nə bu günə qədər kirayə haqqını ödəməmişdir nə də ki iddiaçıya məxsus mənzili ona qaytarmamışdır. Bunun nəticəsində isə cavabdehin iddiaçıya 5000 manat borcu yaranmışdır. İddiaçı ödənilməmiş kirayə haqqı məbləğinin dərhal ona ödənilməsi və sözügedən kirayə müqaviləsinə xitam verilərək mənzili ona təhvil verilməsi ilə bağlı xx.xx.2023-ü il tarixdə cavabdehə məktub göndərmişdir. Tərəflər arasında bağlanan kirayə müqaviləsinin 14-cü maddəsinin “a” bəndinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda, həmçinin həmin maddənin “c” bəndinə əsasən kirayə hüquq münasibətinin davam etməsi nəticəsində kirayə verən iqtisadi cəhətdən xeyli zərər çəkdikdə kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Şərh edilənlərdən də göründüyü kimi cavabdeh kirayə müqaviləsi üzrə öhdəliklərini təqsirli olaraq pozmuş, mənzili kirayə götürdüyü gündən 2 aykeçməsinə baxmayaraq bu günə qədər kirayə haqqını ödəməmişdir. Buna görə də tərəflər arasında bağlanan 22 iyul 2023cü il tarixli mənzil kirayə müqaviləsinə xitam vermək zərurəti yaranmışdır. Daha sonra İddiaçı Rafı̇ q oğlu iddia ərizəsinə bir neçə dəfə dəqiqləşmə vermiş və son olaraq məhkəmədən 22 iyul 2023-cü il tarixli mənzil kirayə müqaviləsinə əsasən ödənilməmiş 5000 manat kirayə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzildən çıxarılması, məznilin tam olaraq boşaldaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Rafı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında olan: Mülki işin materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - kirayə verən İddiaçı ilə kirayəçi Cavabdeh1 arasında bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160.1 kv/m olan mənzili kirayəçiyə aylıq 2500 manat məbləğinə xx.xx.2024cü il tarixinədək kirayəyə vermişdir. -Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş X1 ərizəsi əsasında 07 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 07 oktyabr 2023-cü il tarixdə Nərimanov RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X4 tərəfindən vətəndaş X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1729/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55-05301-093159, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 379 üzərində İddiaçı adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 340000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 tutularaq, cavabdeh İddiaçı ödənilməsi, iddia tələbinin “xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3539/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-1729/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 379 saylı mənzilə dair Bakı şəhəri 53 saylı Notariat notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4Ə-2020 reyestr nömrəsi ilə təsdiq edilmiş iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 02 mart 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və sair” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3454/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli 2(103)- 3539/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə hazırki işə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim etdikləri sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 02 mart 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 379 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, həmin mənzil cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra İddiaçı Rafı̇ q oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzil 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsi əsasında cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğluna aylıq 2500 manat məbləğinə xx.xx.2024-cü il tarixinədək kirayəyə verilmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtı-vaxtında iddiaçıya ödənilməmişdir. Lakin cavabdeh kirayə müqaviləsinin bağlanmasından 2 ay artıq vaxt keçməsinə baxmayaraq kirayə haqqını ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında izahat verərək, müqavilənin formal xarakter daşıdığını, qiymətin şişirildiyini, həmin ərazidə 2500 manata heç bir evin olmadığını bildirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh aylıq kirayə haqqı vaxtı-vaxtında iddiaçıya ödəmədiyini inkar etməmiş, iddianın rədd edilməsini müqavilənin formal xarakter daşıması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2018ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın və bağlanılmış 22 iyul 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1729/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3539/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3454/2024 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız, tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin isə formal olduğunu bildirsə də, yuxarıda göstərilən məhkəmələrin qanuni qüvvəsini almış qərarlarına əsasən həmin müqavilələrin etibarlılığı artıq təsdiq edilmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymətləndirmə verməzdən əvvəl ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuş və kirayə müqaviləsini həm bir tərəfli qaydada (müqavilə şərtlərinə uyğun olaraq), həmçinin müddətin bitməsi ilə (qanundan irəli gələn əsas ilə məhkəmə icraatı zamanı) kirayə müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin mənzildən çıxarılması və ödənilməmiş kirayə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə kirayə haqqını ödəmədiyindən, kirayə müqaviləsinə həm bir tərəfli qaydada, həmçinin vaxtın bitməsi ilə (məhkəmə icraatı zamanı kirayə müqaviləsinin vaxtı bitmişdir) xitam verildiyindən iddiaçının cavabdehdən ödənilməmiş kirayə haqqının ödənilməsini və cavabdehin mənzildən çıxmasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlu iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzildən çıxarılmalı, cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlundan 5.000 manat kirayə haqqı alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Əhmədov Abı̇ d Əzı̇ z oğlu iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzildən çıxarılmalı, cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlundan 5.000 manat kirayə haqqı alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlu iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 160.10 kv.m. olan mənzildən çıxarılsın. Cavabdeh Əhmədov Abı̇ d Əzı̇ z oğlundan 5.000 (beş min manat) manat məbləğində kirayə haqqı alınaraq İddiaçı Rafı̇ q oğluna ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar