Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-703/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8839 manat əsas, 1637,98 manat faiz, 59,93 manat cərimə borcu olmaqla, cəmi 10536,91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 122,02 məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27,5% ödəmək şərtilə 9700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 04 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASCyə 8839 manat əsas, 1637,98 manat faiz, 59,93 manat cərimə borcu olmaqla, cəmi 10536,91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, kredit götürdüyü zaman işləyirdi. Lakin sonradan işdən ayrılmış, bu səbəbdən ödənişləri ödəmək onun üçün çətin olmuşdur. Veteran olduğu üçün hazırda 80 manat təqaüd alır. Əsas və faiz borca dair hissədə iddia tələbi ilə razı olsa da, cərimə borcunu yüksək hesablandığı üçün qəbul etmir. İzahatının sonunda göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36181nkADJb/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Sonradan bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək illik 27.5% dərəcəsi ilə 9700 manat kredit təklif edilmiş, təklif Cavabdeh tərəfindən qəbul edilərək, qeyd edilən şərtlərlə xx.xx.2023-cü il tarixli, 9862nkADJb/23 saylı razılaşma imzalanmışdır. Borcluya ünvanlanmış pretenziya məktubuna əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə 8839 manat əsas, 1130,98 manat faiz, 17,51 manat cərimə borcu olmaqla, cəmi 9987,49 manat borcu yaranmışdır. Məktubda borcluya banka olan borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə müqavilə münasibətlərinə son qoyulacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" ASC-yə həmin tarixə 8839 manat əsas, 1637,98 manat faiz, 59,93 manat cərimə borcu olmaqla, cəmi 10536,91 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 36181nkADJb/22 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% ödənilməsi şərti ilə 4.000 manat məbləğində kredit verilməsi, daha sonra növbəti xx.xx.2023-cü il tarixli müqavilə əsasında 27.5% dərəcəsi ilə 9700 manat kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. İşdə olan xəbərdarlıq məktubundan aydın olur ki, bank məhkəməyə müraciət etmədən öncə borcluya banka olan borcunu ödəməsini təklif etmiş, əks təqdirdə müqavilə münasibətlərinə son qoyulacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Cavabdeh ekspertizanın keçirilməsini tələb etmədiyindən, əksinə cərimə borcu xaric, iddia tələbini qəbul etdiyindən, mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur, iddiaçının təqdim etdiyi sübutlardan müqavilə üzrə borcun düzgün hesablandığı müəyyən olunur. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 121,62 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 36181nkADJb/22 nömrəli kredit müqaviləsi üzrə 8839 manat əsas borc, 1637,98 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 10496,98 manat, ödənilmiş 122,02 dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 36181nkADJb/22 nömrəli kredit müqaviləsi üzrə 8839 manat əsas borc, 1637,98 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 10496,98 manat, ödənilmiş 122,02 dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-703/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-703/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver