Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-7117/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı «OPTİMAL ELEKTRONİKA” MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «OPTİMAL ELEKTRONİKA” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müqavilə üzrə 299,64 manat qalıq borcu və 268,60 manat cərimə borcu olmaqla, cəmi 568,24 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.09.2018-ci il tarixli, NQK01785 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 467,64 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 299,64 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 895,32 manat təşkil edir (bax: əlavə olunan maliyyə arayışı). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 13%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 13%-i 268,60 manat təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında 01.09.2018-ci il tarixdə ümumilikdə dəyəri 3.113,81 manat təşkil edən “SAMSUNG J330 BLACK” markalı telefonun hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair NQK01785 nömrəli müqavilə bağlanılmışdır. 01.09.2018-ci il tarixli təhvil-təslim aktına əsasən NQK01785 nömrəli alqı-satqı müqaviləsi üzrə “SAMSUNG J330 BLACK” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 23.09.2021-ci il tarixli maliyyə arayışına əsasən onun tərəf olduğu müqavilə üzrə iddiaçıya 299,64 manat əsas borc, 268,60 manat cərimə borcu, cəmi 568,24 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manat məbləğinədək azaldılmalıdır. Çünki 299,64 manat əsas borc məbləğinə münasibətdə 20 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 01.09.2018-ci il tarixli, NQK01785-Z saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu, kreditora dəymiş zərəri və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 01.09.2019-cu ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 1 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 3.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit müqaviləsi üzrə “alıcı” “satıcı” qarşısında öz öhdəlikləri tamamilə icra edənədək qüvvədədir. MM-nin 367-ci maddəsinə müvafiq olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi, müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə MM-nin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 əsas borc üzrə 299,64 manat, cərimə borcu üzrə 20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 17 manatı, cəmi 336,64 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə digər hissədə və Cavabdeh1 münasibətdə rədd edilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Əsas borc üzrə 299,64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 17 manatı, cəmi 336,64 (üç yüz otuz altı manat, altmış dörd qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-7117/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-7117/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver