Məhkəmə qərarları › İş №e-2(006)-716/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-716/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-716/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 151.500 manat borcun, 442 manat dövlət rüsumunun, əldən çıxmış fayda olaraq 3.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ondan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almaq məqsədi ilə 110.000 manat məbləğində pul vəsaiti almış və kağız üzərində müqavilə tipli razılaşma imzalayaraq xx.xx.2024-cü il tarixə qədər 110.000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını vəd etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan borc olaraq aldığı 110.000 manat pulun sadəcə 2.000 manatını geri qaytarmışdır. Eyni zamanda, Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən torpaq sahəsini almaq və təmir-tikinti məqsədləri üçün əlavə olaraq 45.000 manat pul vəsaiti almış və həmin pulun 1.500 manatını xx.xx.2023-cü il tarixdə geri ödəmişdir. Hal-hazırda Cavabdeh ona 151.500 manat borcu vardır. Lakin cavabdehə ona olan borcunu ödəməsini dəfələrlə bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edirlər. Tərəflər qohumdurlar və münasiətləri çox yaxşı olub. Hüquqlarını müdafiə etdiyi şəxs Səbail rayonu və Hövsan qəsəbəsi ərazisindən daşınmaz əmlak aldığı üçün pul vəsaiti lazım olmuş və qarşı tərəfdən sələmə borc pul götürmüşdür. İddiaçıdan 110.000 manat və 45.000 manat borc pul götürüb. Borcdan 1.500 manat və 2.000 manatı geri qaytarıb və məbləğlər faizdən silinib. 2024-cü ilin may-iyun aylarında 1500 manat və 2000 manat daxil olmaqla, ümumilikdə 60.000 manatdan çox pulu qaytarıb. Səbail rayonu və Hövsan qəsəbəsində yerləşən əmlaklar cavabdehin mülkiyyətindədir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən həyata keçirilmiş ödəniş məbləği nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli qəbzdən göründüyü kimi, İmanov X1 Rəhim Kərim oğlundan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almaq məqsədi ilə 110.000 manat borc götürmüş, borcu xx.xx.2024-cü il tarixədək ödəyəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 51 saylı Notariat Ofisində 25 sentyabr 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ilə müəyyən edilir ki, müqavilə alıcı Cavabdeh ilə satıcı X2 arasında bağlanmışdır. Müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi alıcıya 45.000 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqları xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli qəbzdən göründüyü kimi, İmanov X1 Rəhim Kərim oğlundan ünvan 2 ünvanda yerləşən torpaq sahəsini almaq və təmir-tikinti məqsədləri üçün əlavə olaraq 45.000 manat borc almışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində 30 aprel 2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ilə müəyyən edilir ki, müqavilə alıcı Cavabdeh ilə satıcı X4 arasında bağlanmışdır. Müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsi alıcıya 25.800 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsi üzərində hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixdə aldığı 110.000 manat borcdan 2.000 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı 45.000 manat borcdan 1.500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əvvəla qeyd edilməlidir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər, aralarında sadə yazılı müqavilə bağlamış, bağlanmış müqaviləyə görə İddiaçı borcverən, Cavabdeh isə borcalan qismində çıxış etmişdir. xx.xx.2020-ci il tarixli müqavilə əsasında 110.000 manat, digər xx.xx.2021-ci il tarixli müqavilə əsasında isə 45.000 manat borc Cavabdeh verilmişdir. Borc məbləğləri daşınmaz əmlakın əldə edilməsinə görə götürülmüşdür. Lakin borc müqaviləsinin şərtlərinə əməl edilməyib, alınmış borc, cüzi məbləğ xaric, geri ödənilməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək və borcu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. İddia tələbi ilə müəyyən edilir ki, təkcə borc deyil, eyni zamanda əldən çıxmış fayda da tələb edilir. İddia tələbində həm borc, həm də əldən çıxmış fayda tələb edildiyinə görə məhkəmə ilkin olaraq qaytarılmalı olan borcun məbləğinə münasibət bildirməyi zəruri hesab edir. Tərəflər arasında borc müqaviləsinin bağlanmasını onun iştirakçıları inkar etmir. Yəni müqavilənin mövcudluğu, müqavilədə qeyd edilmiş məbləğdə borcun verilməsi mübahisə olunmur. Mübahisə doğuran məsələ qalıq qalmış borc barədədir. İddiaçının bildirdiyinə görə cavabdehə ümumilikdə vermiş olduğu 155.000 manat borcdan cəmi 3.500 manat geri ödəniş edilmiş və istinad etdiklərinə dair sübutları (qəbzləri) təqdim etmişdir. İddiaçının əksinə borcun verilməsini inkar etməsə də, qaytarılmış məbləğin daha artıq olduğunu bildirən cavabdeh bu vaxtadək 60.000 manat ödədiyini qeyd edərək, yalnız qalan hissədə iddia tələbini etiraf etmişdir. Mülki Məcəllənin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, iddiaçı qəbzlər təqdim edib, ödənilmiş cəmi məbləğin 3.500 manat olduğuna istinad etmiş, məhkəmə iclaslarında da nümayəndəsi vasitəsilə həmin məbləğdən daha artıq həcmdə ödənişin edilməməsini qeyd etmişdir. Cavabdehin isə 2.000 və 1.500 manat ödəniş edib qəbzi imzaladığı halda, daha artıq məbləğdə (ümumilikdə 60.000 manat) ödəniş həyata keçirib buna dair hər hansı sübut təqdim etməməsi istinad etdiyi halları inandırıcı hesab etməyə imkan vermir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Bununla da məhkəmənin qənaətinə görə tərəflər arasında müqavilənin bağlanması yolu ilə öhdəlik-hüquq münasibətləri yaranmış olsa da, öhdəliyin şərtləri məhz cavabdeh tərəfindən pozulmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan 110.000 manat və 45.000 manat borc almış, həmin borc məbləğlərindən müvafiq olaraq 2.000 manat və 1.500 manat ödəniş etmiş, qalan borcu nəzərdə tutulmuş müddətdə ödəməyərək, iddiaçıya borclu qalmışdır. Hazırda borc məbləği 151.500 manat təşkil edir. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbindən göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir, bu səbəbdən, o, iddiaçı qarşısında borc məbləği həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 442 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 151.500 manat borc və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 433 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin borcu qaytarmaması nəticəsində 3.000 manat əldən çıxmış fayda qismində zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 151.500 manat borc və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 433 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar