Məhkəmə qərarları › İş №e-2(006)-717/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-717/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-717/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 may 2018-ci il tarixli, 101840-521113/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 02 dekabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 385,26 AZN məbləğində əsas borcu və 95,95 AZN faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN məbləğində kredit borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 385,26 AZN məbləğində əsas borcu və 95,95 AZN faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN məbləğində borcun və 30,40 AZN manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 10 may 2018-ci il tarixli, 101840-521113/1 saylı kredit müqaviləsinin 1.1-ci maddəsində qeyd olunur ki, bu müqavilə ilə bank borcalana şəxsi istehlak məqsədilə 27% dərəcəsi ilə 30 ay müddətinə 10000 AZN məbləğində kredit verir, borcalan isə müqavilə şərtləri çərçivəsində kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə əsasən borcalanın bankdakı cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil etməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 10 may 2018-ci il tarixli, 101840-521113/1 saylı kredit müqaviləsi üzrə banka 385,26 AZN məbləğində əsas borcu və 95,95 AZN faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, bank cavabdehə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün xəbərdarlıq etmiş və öhdəliklərin icrasını təmin etmədiyi halda məhkəməyə müraciət edəcəyi haqqında məlumat vermişdir. Beləliklə, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2018-ci il tarixli, 101840- 521113/1saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 30 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun 02 dekabr 2022-ci il tarixinə banka kredit müqaviləsi üzrə 385,26 AZN məbləğində əsas borcu və 95,95 AZN faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN məbləğində borcu yaranmışdır. Cavabdehə bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, borc bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. İddia tələbinin təmin edilməsinin hüquqi əsasları ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, bank tərəfindən 30,40 AZN (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, iddia tələbi təmin edildiyindən, qeyd edilən məbləğ də cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 385,26 AZN (üç yüz səksən beş manat, iyirmi altı qəpik) əsas borc və 95,95 AZN (doxsan beş manat,doxsan beş qəpik) faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN (dörd yüz səksən bir manat, iyirmi bir qəpik) məbləğində borc və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 385,26 AZN (üç yüz səksən beş manat, iyirmi altı qəpik) əsas borc və 95,95 AZN (doxsan beş manat,doxsan beş qəpik) faiz borcu olmaqla, ümumilikdə 481,21 AZN (dörd yüz səksən bir manat, iyirmi bir qəpik) məbləğində borc və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar