Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-742/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı olaraq ödənilməyən 10.500 (on min beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının mülkiyyət və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 01 dekabr 2023-cü il tarixdə Cavabdehn səlahiyyətli nümayəndəsi X1 etimad ve güvənini qazanaraq ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Müqavilədə göstərildiyi kimi o, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini xx.xx.2027-ci il tarixinədək cavabdeh şəxsə aylıq ödənişi 3500 azn olmaqla icarəyə vermişdir. Lakin icarəyə götürən 2024-cü ilin fevral ayından bəri icarə haqqını ödəməkdən boyun qaçırmış, etdiyi xəbərdarlıqlara məhəl qoymamış və onun mülkiyyətində olan sahədən qazanc əldə etməsinə baxmayaraq onu əlverişsiz vəziyyətə salmışdır. Beləliklə, cavabdehin ona olan borcu hal-hazırda 10500 azn (3 aylıq icarə haqqı) təşkil edir. Cavabdeh müqavilə və qanunun tələblərini əhəmiyyətli dərəcədə pozaraq onun hüquqlarına xələl gətirmişdir. Hazırki vəziyyətdə cavabdeh müqavilə öhdəliklərini icra etməməklə yanaşı onun xüsusi mülkiyyətində olan əmlakı qanunsuz olaraq ona qaytarmaqdan imtina edir. Beləliklə də onun mülkiyyət hüququ pozulur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ilə Cavabdeh MMC-nin adından X2 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə xx.xx.2027-ci il tarixədək icarəyə vermiş və Cavabdeh MMC xx.xx.2023-cü il tarixdən başlayaraq 3500 manat icarə haqqı ödəməsini öhdəsinə götrmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, 2024-cü ilin fevral ayından ödənilməmiş 3 aylıq icarə haqqı olan 10.500 manatın ödənilməsi və xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi təklif edilmişdir, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: Maddə 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; Maddə 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında Cavabdeh MMC-yə icarəyə verilmiş, cavabdeh aylıq 3500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, icarə haqqını tam şəkildə ödəməmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü ilin fevral ayından icarə haqqı olaraq ödənilməyən 10.500 (on min beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona qaytarılmasını xahiş edir. İddia tələbindən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmışdır. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında ona xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 685-ci maddəsi) İşin hallarından aydın olur ki, cavabdeh MMC icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyərək icarə haqqı ödənişlərini gecikdirmiş, beləliklə də müqavilə bağlanarkən iddiaçının ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xəbərdarlıq etdiyi halda belə, cavabdehin həmin müqavilədən irəli gələn vəzifəsini yerinə yetirməməsi mülki qanunvericiliyin normaları baxımından öhdəliyin pozulması kimi qiymətləndirilir. Bu baxımdan iddiaçı hazırkı tələbi qaldırmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddianın “01 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsi təmin olunmaqla İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 2024-cü ilin fevral ayından yaranmış 10.500 manat icarə haqqı borcu hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməklə, ödənilməmiş icarə haqqı İddiaçı ödənilməlidir. Belə ki, cavabdeh MMC hazırkı iş üzrə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməsə də, eyni tərəflər arasında eyni tələb üzrə bundan əvvəl məhkəmənin icraatında olmuş və pretenziya qaydasına riayət edilməməsi əsası ilə baxılmamış saxlanılmış 2(006)-3370/2024 nömrəli iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 izahatında tələb olunan 3 aylıq icarə haqqının ödənilmədiyini etiraf etmişdir (müvafiq iclasın audio-video yazısını əks etdirən disk işə əlavə edilmişdir). Göründüyü kimi, cavabdehin hazırda ödənilməsi tələb olunan 3 aylıq icarə haqqını ödəməməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, icarə haqqının ödənilməsi hissəsində də iddia təmin edilməli, 10.500 (on min beş yüz) manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş 122 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqının əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmaqla İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-742/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-742/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver