Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-762/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1544,70 (bir min beş yüz qırx dörd manat yetmiş qəpik) manat məbləğində zərərin və 35,45 (otuz beş manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1580,15 (bir min beş yüz səksən manat on beş qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021ci il tarixində 01/3211 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00250 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacını dövlət yoxlamasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə edilməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş və həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1544,70 (bir min beş yüz qırx dörd manat yetmiş qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı İB Bakı RQSD (qaz paylayıcısı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında xx.xx.2021-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.1.10-cu yarımbəndinə əsasən “X1”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifəsidir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-1449-1 №-li Aktdan görünür ki, **********1 nömrəli “G-4” markalı Zenner tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və sayğacın istismara yararsız olması aşkar edilmiş, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. “Təbii X1nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (**********00250) məxsus Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 60, mən. 25 ünvanında sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və sayğacın istismara yararsız olması aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023cü il tarixdə tərtib edilmiş akt əsasında Cavabdeh (**********00250) məxsus Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 60, mən. 25 ünvanında quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və itirilmiş qazın həcminin 12960 m3 olması müəyyən edilmişdir. Cavabdeh (abonent kodu: **********00250) məxsus ünvan 2 ünvanı üzrə abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayında qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmış, 2023-cü ilin noyabr ayının sonuna borc 1544,70 manat təşkil etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 35,45 (otuz beş manat qırx beş qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 25 nömrəli mənzilin iddiaçı tərəfindən təbii qazla təchiz edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ünvana qaz sayğacı quraşdırılmış və **********00250 nömrəli abonent kodu verilmişdir. Həmin qaz sayğacına xx.xx.2023-cü ildə iddiaçının əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması barədə akt tərtib edilmişdir. Bununla bağlı cavabdehə verilmiş abonent koduna borc yazılmışdır. Hazırda iddiaçı itirilmiş qaza görə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə borcun əsassız yazıldığını bildirərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiqvə təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qazsayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi)və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdeh fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə, sayğacın nasaz vəziyyətə düşməsinin cavabdehin təqsirindən baş verməsi iş materialları, iddiaçının dəlil və sübutları ilə təsdiq olunmur. İddiaçı tərəfindən sayğacın cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin cavabdehdən tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-762/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-762/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver