Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-789/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28400 manat məbləğində pulun və 176 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisində rəsimləşdirilmiş xx.xx.2018-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən X1 ilə Cavabdeh arasında 16000 manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra da 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən X1 ilə Cavabdeh arasında 24000 manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2018-ci ildə götürdüyü 16000 manat puldan 4400 manat pul borcu qalmışdır, bu barədə xx.xx.2021-ci il tarixdə qeyd yazaraq imza etmiş və qaytarmağa söz vermişdir. Eyni zamanda ******* saylı çıxarışı götürdüyü borcu qaytaranda qaytarılacağı iddiaçı tərəfindən qeyd olunmuşdur. Amma xx.xx.2019-cu ildə götürdüyü 24000 manat pul borcundan ödəniş olunmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödəməmişdir. Tərəfindən xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə də bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 28400 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı dəfələrlə tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin yenədə pulu ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadna keçirilməklə, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 16 000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2019-cu il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 24 000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2020-ci il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 40000 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqavilələri bağlanılmış, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənişlər olunmaqla cəmi 4400 manat borcun qalmasını, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə heç bir ödənişin olmamasını qeyd etməklə, cəmi 28400 manatın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılması və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 40000 manat məbləğində puldan hal-hazıradək iddiaçıya müəyyən ödənişlər etməklə, 28400 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiadan məlumatlı olmaqla, ona qarşı hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 176 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, iddia tələbinin cavabdehdən 176 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməklə cavabdehdən 176 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28400 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 176 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 28400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-789/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-789/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver