Məhkəmə qərarları › İş №e-2(006)-804/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-804/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-804/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300.000 (üç yüz min) dollar məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2017-ci ilin əvvəllərində dostu Nahid Ağayevin sayəsində kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh iddiaçıya özünə məxsus olan obyektləri göstərmiş və iddiaçıdan oranı işlətmək üçün borc pul verməyi xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq 300.000 (üç yüz min) dollar məbləğində ona (kredit) borc vermişdir. Borca dair Bakı şəhər 43 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixində notarial müqavilə bağlanmışdır. Müqavilə əsasında cavabdeh almış olduğu pulu xx.xx.2022-ci il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh ondan qaçır, telefonlara cavab vermir. Onun iddiaçının vəsaitini qaytarmaq niyyəti olmadığı aşkar şəkildə görünür. İddiaçı pozulmuş hüquqları ilə əlaqədar məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, baxış iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilib, iclasın iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı İstintaq Təcridxanasında saxlandığı müəyyən edilən Cavabdeh çatdırılması və onun məhkəmə iclasında iştirak etmək istəyib-istəməməsi barədə ərizəsinin alınması üçün göndərilmiş iddia ərizəsi və məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş isə Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə qaytarılaraq cavabdehin sənədlərlə tanış olmaqdan və imza etməkdən imtina etdiyi bildirilmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini və təcridxananın məktubunu nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

5. Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3M-1051 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul borc vermiş, borc alan Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.

6. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 800 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə faizsiz olaraq 300.000 ABŞ dolları məbləğində pul xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc verilmişdir.

8. Lakin cavabdeh nə müqavilə ilə müəyyən edilmiş tarixədək, nə də ondan sonrakı müddət ərzində borcunu geri qaytarmamışdır.

9. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə verdiyi 300.000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

10. İddia tələbini iş üzrə toplanmış sübutlarla birgə araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 300.000 ABŞ dolları məbləğində borc verilməsi hazırkı iş üzrə mötəbər sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır.

11. Hər bir tərəfin öz tələb və etirazlarının əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları barədə mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı tərəfindən cavabdehə 300.000 ABŞ dolları məbləğində pulun borc kimi verilməsi faktı öz təsdiqini tapdığından, pulu qaytarmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuş, lakin cavabdeh iddia ərizəsi və məhkəmə bildirişini almaqdan imtina edərək, nə iddia ərizəsinə əsaslandırılmış etirazını, nə də borcdan hər hansı bir məbləğdə ödənilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə tərəfindən müvafiq notariat ofisinə ünvanlanmış sorğuya cavab olaraq isə müqavilənin cavabdeh tərəfindən ödəniş edilməsi səbəbindən ləğv edilməsi ilə bağlı heç bir məlumat verilməmişdir.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti üzrə cavabdeh öz öhdəliyini pozduğundan, iddia təmin edilməli, Cavabdeh 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı verilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddə. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddə. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddə. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

17. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

18. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı verilməlidir.

21. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Nəticə:

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 300.000 (üç yüz min) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar