Məhkəmə qərarları › İş №e-2(006)-807/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-807/2023

29.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-807/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı “yaşayış binasında sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftə qoyulmuş maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 (iyirmi) mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş böyükölçülü liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və sakinlərə həmin liftdən istifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən mübahisə edilən binada yerləşən liftlərə keçirilən yerli baxış zamanı cavabdehlər tərəfindən üzərinə məhdudiyyət qoyulmuş liftin böyük olmadığı aşkar edilmişdir. Yerli baxış keçirilənədək cavabdehlər mübahisə edilən liftin böyük ölçülü olduğunu ehtimal edirdilər. Bu hal isə yalnız məhkəmənin keçirdiyi yerli baxış zamanı aşkar edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3in cavabdehlər Cavabdeh2 MTK-ya, "xxxx" MMC və “VTB” Banka qarşı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 (iyirmi) mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş böyükölçülü liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiyanın sökülməsi və sakinlərə həmin liftdən istifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair iddia ərizəsinin təmin edilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçılar Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binaları olan kompleksin sakinləridirlər. Müxtəlif dövlərdə onların hər biri qeyd edilən yaşayış binasının "xxxx" blokunda yerləşən mənzilləri rəsmi olaraq Cavabdeh2 MTK tərəfindən alqı-satqı yolu ilə almışlar. Kompleksin 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün MTK tərəfindən iki ədəd müasir lift quraşdırılmışdır. Liftlərdən biri kiçik ölçülü, digəri isə iri ölçülüdür. Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə digər cavabdeh "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri "xxxx" MMC tərəfindən həyata keçirilir. Qeyd edilən 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün inşa edilmiş iki müasir liftdən irihəcimli lifti cavabdehlər yalnız “VTB” bankın işçilərinin istifadəsinə vermişlər. Belə ki, qeyd edilən blokda “VTB” Bankın baş ofisi yerləşir. Cavabdehlər isə qanunsuz olaraq yaşayış binasının sakinlərinin istifadəsi üçün nəzərdə tutulan liftin qapısı üzərinə qalın şüşə konstruksiya çəkərək liftin qapısını tamamilə şüşə örtüklə örtmüşlər. Liftdən istifadə etmək üçün əvvəlcə qeyd edilən şüşə qapını xüsusi elektron açarla açmaq, daha sonra liftin içərisinə daxil olmaq olar. Lakin, cavabdehlərin qanunsuz əməlləri nəticəsində həmin liftdən yalnız cavabdeh “VTB” bankın liftə olan “xüsusi buraxılışlı” əməkdaşları istifadə edə bilir. Məhkəmənin nəzərinə çatdırılır ki, lifti sakinlərin istifadəsindən alaraq, üzərinə qalın şüşə örtük çəkdirib “VTB” bankın istifadəsinə verilməsi heç bir bina sakini ilə razılaşdırılmamış, heç kəsin fikri nəzərə alınmamışdır. Hazırda çoxsaylı sakinləri olan "xxxx" blokunda yalnız bir kiçik ölçülü lift sakinlərin istifadəsindədir. 20 mərtəbəli binada yüzlərlə insan yaşayır. Bir kiçik lift isə həmin insanları evlərinə çatdırmaq üçün azlıq edir. Həmçinin, tutumu kiçik olduğundan 3-4 nəfərdən artıq adamın eyni vaxtda həmin liftə minməsi və ya sakinlərin evlərinə aldıqları iri həcimli ev əşyaların daşınması qeyri-mümkündür. Hər gün "xxxx" blokunun sakinləri dəqiqlərlə (bəzən 20-30 dəqiqə) tək bir liftin qarşısında dayanaraq liftdən istifadə etmək üçün növbə gözləyir. Bu da bina sakinlərinə çox böyük əziyyət verir. Bununla bağlı, dəfələrlə həm Cavabdeh2 MTK rəhbərliyinə, həm cavabdeh "xxxx" MMC-yə, həm də cavabdeh “VTB” Bank rəhbərliyinə öz iradlarını bildirsələr də, heç bir tərəf liftə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına dair bir iş görmür. Hətta dəfələrlə kobud şəkildə haqlı iradlarını rədd etmişlər. Bununla bağlı ölkədə fəaliyyət göstərən televiziya şirkətlərinə müraciət etmişlər. Televiziya çəkilişləri ilə də məsələ gündəmə qaldırılmışdır. Buna baxmayaraq, bu günədək cavabdehlər liftə qoyduqları məhdudiyyətləri aradan qaldırmaq istəmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisənin məhkəmədən kənar həll edilməsini tərəfdarıdır. Binada 3 lift vardır. Onların icarəyə götürdükləri lift 1-ci, 2-ci, 21-ci və 22-ci mərtəbələrdədir. Liftdən daha çox bankın nümayəndələri istifadə edir. Bank xüsusi mühafizə olunan yerdir. Liftə onlar tərəfindən məhdudiyyət qoyulmamışdır. Belə ki, Cavabdeh2 MTK ilə razılığa gəlmişlər ki, liftlərdən biri onların, qalan ikisi vətəndaşların istifadəsinə verilsin. Liftdən daim istifadə edilir. Bankın 1-ci mərtəbəndə də girişi vardır, sadəcə yuxarı mərtəbələrə qalxmaq üçün liftdən istifadə edilir. Liftdə sadəcə 21 və 22-ci mərtəbələrin düymələri vardır. Lift 21-ci mərtəbədən birbaşa 2-ci və 1-ci mərtəbəyə düşür. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, binada çox sayda bloklar vardır və hər blokda da liftlər mövcuddur. Bu blokda 3 lift vardır və 20 mərtəbəlidir. Blokun 5 mərtəbəsi və həmçinin yuxarı iki mərtəbəsində sakinlər yaşamırlar, qeyri-yaşayış sahəsidir. Blokda faktiki olaraq sakinlər iki liftdən istifadə edirlər. Binada 6 blok vardır. Beşində 2 lift vardır. Təkcə bu blokda 3 lift vardır ki, onlardan biri də hansı ki qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən liftin gecikməsinə dair fikir absurddur. Belə ki, liftdə gecikmələr nadir hallarda müşahidə edilə bilər. Odur ki, iddianın əsassız olduğunu hesab edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh3 ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, hazırki məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabacadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməlidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, hazırda sözügedən yaşayış binasının 20-ci mərtəbəsində 237 №-li mənzildə yaşayır. Binanın 6-cı mərtəbəsində bir işlək lift vardır. İki lift olmasına baxmayaraq yalnız biri işləyir. Hər mərtəbədə banka məxsus bir lift vardır. Binanın layihəsində 3 lift vardır, lakin buna baxmayaraq, yalnız bir lift sakinlərin istifadəsindədir. Hər gün "xxxx" blokunun sakinləri dəqiqlərlə, 20-30 dəqiqə, tək bir liftin qarşısında dayanaraq liftdən istifadə etmək üçün növbə gözləyir, bu da bina sakinlərinə çox böyük əziyyət verir. Xüsusi ilə səhər və axşam saatlarda. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 197 (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M7, M2) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı4 məxsusdur. Mülki işin materiallarında olan 05 fevral 2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, mənzil 202 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, 0186687№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. Mülki işin materiallarında olan 27 sentyabr 2004-cü il tarixli müqavilədən görünür ki, hazırki iş üzrə Cavabdeh2 MTK ilə X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Kooperativ, yəni Cavabdeh2 MTK Bakı şəhəri, Xətai prospekti 787-ci məhəllə ünvanında yerləşən 22 mərtəbəli yaşayış binalarının B blokunun tikintisi başa çatdıqdan sonra 1 ədəd lifti Payçıya, yəni X4 verməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddia qaldırılması üçün iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçılar Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binaları olan kompleksin sakinləridirlər. Müxtəlif dövlərdə onların hər biri qeyd edilən yaşayış binasının "xxxx" blokunda yerləşən mənzilləri rəsmi olaraq Cavabdeh2 MTK tərəfindən alqı-satqı yolu ilə almışlar. Kompleksin 20 mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün 3 ədəd lift nəzərdə tutulmuşdur. Lakin, sakinlər yalnız 1 liftdən istifadə edirlər, digər 2 litdən istifadəsinə qadağan qoyulduğu üçün, onlardan istifadə edilməsi qeyri-mümkündür. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması məqsədilə hazırki iş üzrə mübahisəli liftlərin olduğu yaşayış binasında yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının "xxxx" blokuna daxil olduqda girişdə 3 ədəd lift vardır. Onlardan iki liftin bütün mərtəbələrə çıxışı vardır. Eyni zamanda, həmin yaşayış binasında hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 ASC-nin 1-5 mərtəbədə baş ofisi və 21-22 mərtəbədə bankın ofisi yerləşir. Yaşayış binasının "xxxx" blokunun 1-ci mərtəbəsində olan liftlərin biri (böyük lift) vətəndaşların istifadəsindədir. Digər qalın şüşə örtüklü konstruksiya ilə əhatə olunmuş lift isə yalnız Bank əməkdaşlarının istifadəsindədir. Həmin lift 1-5 və 21-22-ci mərtəbələrdə giriş və çıxış üçün Bank əməkdaşları tərəfindən istifadə olunur və yalnız həmin mərtəbələrdə liftin qapıları açılır, digər mərtəbələrdə isə liftin qapı açılmır. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın "xxxx" blokunun 1-ci mərtəbədə açarla bağlanan bir qapı var, qapının arxasında isə Cavabdeh2 MTK-ya məxsus ofis yerləşir. Blokda yerləşən 3 liftdən biri bağlı qapı arxasında, Cavabdeh2 MTK-ya məxsus olan ofisdə yerləşir. Həmin liftdən binanın bütün sakinləri istifadə edə bilmir, yalnız ayrı-ayrı mərtəbələrində yerləşən mənzillərin sakinləri istifadə edə bilir. Beləliklə, yerli baxışda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının "xxxx" blokunun birinci mərtəbəsində quraşdırılan və sakinlərin istifadəsi üçün nəzərdə tutulan 3 liftdən sakinlər yalnız 1 liftdən istifadə edə bilirlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 MTK ilə digər cavabdeh "xxxx" MMC-nin üzvü olan X5 arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında yaşayış binasındakı liftlərdən biri X2 mülkiyyətinə verilmiş, İsayev Tofiq isə həmin lifti hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh3 ASC-yə icarəyə vermişdir. Elə buna görə də iddia tələbində qeyd edilən qalın şüşə konstruksiya ilə əhatə olunmuş liftə yalnız Bankın nümayəndələri giriş edə bildiklərindən yaşayış binasının sakinləri yalnız bir liftdən istifadə edə bilirlər. Digər üçüncü liftin isə bütün mərtəbələrə çıxışı yoxdur, yalnız müxtəlif mərtəbələrdə liftə giriş-çıxış nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz» Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 35.5. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi liftlər binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur. Göründüyü kimi ki, iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi binada olan liftlərdən biri qalın şüşə konstruksiya ilə əhatə olunmuşdur ki, (hansı ki, həmin liftə yalnız cavabdeh Bankın nümayəndələri giriş-çıxış edə bilirlər), digər isə Cavabdeh2 MTK-ya məxsus olan ofisdə yerləşir. Bu da binanın "xxxx" blokunda yerləşən mənzillərin sakinlərini, yəni mülkiyyətçilərini həmin liftdən istifadə etməsini mümkünsüz etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı “yaşayış binasında sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftə qoyulmuş maneənin aradan qaldırılması” iddia ərizəsı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 (iyirmi) mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiya sökülməli və sakinlərə həmin liftdən istifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında 20 (iyirmi) mərtəbəli yaşayış binasının "xxxx" blokunda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş liftin girişinə cavabdehlər tərəfindən quraşdırılmış qalın şüşə örtüklü konstruksiya sökülsün və sakinlərə həmin liftdən istifadə edilməsi məhdudiyyətinin aradan qaldırılması öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar