Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-811/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 540 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onu aldadaraq 540 manat pul vəsaitini mənimsəmişdir. Bununla bağlı Nərimanov RPİ-də araşdırma aparılmış və mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilərək xx.xx.2024-cü il tarixli məktub təqdim edilmişdir. Onun tərəfindən ödənilmiş məbləğ öz təsdiqini tapsa da, 540 manat maddi ziyan ona ödənilməmişdir. Belə ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsində araşdırma aparılaraq mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh izahatında borcu etiraf etmiş və yalandan 300 manat verdiyini qeyd etsə də, hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, onun tərəfindən təqdim edilmiş səs yazısında 540 manat borcu etiraf etməsi təsdiqini tapsa da, 300 manatın ödənilməsi barədə hər hansı mövqe bildirilməmiş, əksinə bütün borcu yavaşyavaş ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda WhatsApp tətbiqi vasitəsi ilə ona səs göndərərək bildirmişdir ki, ona olan borcunu etiraf edir və qeyd etdiyi xüsusatlar təsdiqini tapır. O, borcun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcu ödəməkdən imtina edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, cavabdeh tərəfindən 300 manatın verilməsi həm səs yazısında, həm də digər sübutlarla təsdiqini tapmır. Lakin buna baxmayaraq, cavabdeh bilə-bilə həm polis orqanına, həm də məhkəməyə yalan ifadə vermişdir. Cavabdeh tərəfindən 500 manatın alınması etiraf edilsə də, 300 manatın ödənilməsini sübut etmək vəzifəsi üzərinə düşsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, “Tiktok” sosial şəbəkəsində paylaşımlar etmişdir, iddiaçı tərəf də həmişə ona jeton atmışdır. Paylaşımlarının birində evini təmir etmək məqsədilə materiallar alacağını bildirməklə təmir-tikinti materiallarının olduğu yerə getdiyi bildirmişdir. İddiaçı ona həmin materialları almaqda kömək edə biləcəyini bildirərək həmin yerdə materialların pulunu ödəmişdir. İddiaçı bunu təmənnasız qarşılıqsız hədiyyə kimi etmişdir. İddiaçı əvvəlcə yaxşılıq etmək məqsədi ilə, ona pul göndərdiyini bildirmişdi. Lakin, iddiaçı sonradan pulu verməkdə məqsədinin bunun müqabilində əxlaqsız təklif etmək olduğunu bildirdi. O, bu təklifə qəti surətdə razı olmadığını bildirdikdə iddiaçı ondan pulu geri tələb etdi. Həmin puldan 300 manatı geri qaytarmışdır. Lakin, 300 manatı təklifdən öncə qaytarmışdır. Belə ki, qaytarmaqda niyyəti ondan ibarət olmuşdur ki, o, heç kəsə yük olmaq istəmir. Ümumilikdə isə iddiaçı ona bu pulun müqabilində sonradan təklif etmişdir. Əvvəlcədən belə bir fikir olmayıb. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nərimanov RPİ 16-cı PŞ-nin 30 yanvar 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə həmin PŞ-yə müraciət edərək, Cavabdeh mənzilinin təmiri üçün kafel-metlax avadanlıqlarını 540 manata almaqla gətirdiyini, lakin geri tələb etməsinə baxmayaraq sonuncunun həmin vəsaiti qaytarmadığını bildirmişdir. Tərəflər PŞ-yə dəvət olunaraq izahatları alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ərizəsi ilə tanış olmuş, 300 manat pulu ödəmiş, 240 manat borcu qalmışdır. Bundan sonra, Bakı şəhəri Nərimanov RPİ 16-cı PŞ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yuxarıda qeyd olunan məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə tərəflərin səs yazıları səsləndirilmişdir. İddiaçı 500 manatdan bir qədər artıq məbləği təşkil edən pulu cavabdehə əvəzsiz vermədiyini bildirmiş, bunun qarşılığını - iddiaçı ilə görüşmək və s. tələb etmiş, əks təqdirdə vəsaitinin ona geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinin düzgün olmadığını bildirmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının dəlili ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının şikayəti əsasında cinayət təqibi orqanında araşdırma aparıldığı zaman verdiyi izahatında iddiaçının ona borc verdiyini qismən etiraf etmiş, belə ki, 540 manat məbləğində puldan 300 manat qaytarmasını bildirsə də, bu halı sübutetmə yükü cavabdehin üzərinə düşür, cavabdeh isə bunu sübuta yetirə bilmir, odur ki, bütün tələb edilən məbləği cavabdeh ona ödəməlidir. İddiaçı iddia tələbində cavabdehə qarşı olan pul tələbini ona vurulmuş maddi ziyan kimi qiymətləndirmiş, ona vurulmuş 540 manat maddi ziyanın ona ödənilməsini tələb etmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən qabaqcadan hər hansı şərtlə razılaşdırılmadan cavabdehin mənzilinin təmiri üçün müəyyən materialların alınmasına pul vəsaiti ödənilmişdir. İddiaçı və cavabdehin arasında həmin pulun borc kimi verilməsinə dair qabaqcadan razılaşma olmamışdır. İddiaçı əvvəlcədən hər hansı şərt irəli sürmədən qeyd edilən vəsaiti iddiaçının mənzilinin təmiri üçün materialların alınmasına ödəmişdir. Sonradan iddiaçı cavabdeh tərəfindən gözlədiyi qarşılığı almadığı üçün həmin pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Hazırda məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı tələb etdiyi pulu cavabdehə könüllü şəkildə heç bir qabaqcadan razılaşdırılmış şərt olmadan hədiyyə etmişdir. Hazırda iddiaçının sanki cavabdehə borc verməsinə və cavabdehin həmin borcu etiraf etməsinə dair dəlilləri tamamilə əsassızdır. Qanunvericilikdə borc müqaviləsinin anlayışı verilmişdir, borc müqaviləsinin mühüm şərti olaraq borcalanın borc verəndən aldığı pulu hansı qaydada qaytarması müəyyən edilməli olduğu halda tərəflər arasında belə bir razılaşma olmamışdır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaçı cavabdehin cinayət təqibi orqanında verdiyi izahatına istinad edir və cavabdehin borclu olmasını qismən etiraf etməsinin nəzərə alınmasını diqqətə çatdırır. İddiaçının bu dəlili ilə bağlı məhkəmə bildirir ki, cavabdehin cinayət təqibi orqanında verdiyi izahatı mütləq xarakter daşımır, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının ona borc məqsədilə hər hansı bir məbləğ vermədiyini göstərmişdir. Ümumiyyətlə isə məhkəmə iddiaçının cavabdehə qarşı pul tələbinin iddiaçıya vurulmuş maddi ziyan kimi göstərilməsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması ilə nəticələnən təqsirli hərəkətlər törədilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə son zamanlar sosial şəbəkələr üzərindən şəxslərin könüllü hərəkətləri ilə digər şəxsləri mükafatlandırılmasının geniş vüsət aldığını da qeyd edir. Hazırki mübahisənin də belə hallardan biri kimi görür. İddiaçının əsl məqsədinin nə olmasından asılı olmayaraq pulun verilməsi anı etibarilə iddiaçı öz hədiyyəsi ilə cavabdehi zənginləşdirmişdir. Sonrakı tələblər hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə pul vəsaitini əvəzsiz qaydada vermişdir. İddiaçı pul vəsaitini borc kimi cavabdehə verdiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə və maddi sübutlarla bu hal təkzib edilir. Belə ki, pul vəsaiti borc verilərkən borcun qaytarılması müddəti, üsulu və digər məsələlər müəyyən edildiyi halda, tərəflər arasında sövdələşmədə bu hallara rast gəlinmir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması nəticələnən təqsirli hərəkətlərə də yol verilməmiş, habelə cavabdehin əsassız varlanmasını qeyd etmək mümkün deyil. Belə ki, cavabdehə verilmiş pulun qanuni əsasını iddiaçının könüllü və sərbəst iradə ifadəsi təşkil etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-811/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-811/2025
06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver