Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-813/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 64 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının mənzilinin bir mərtəbə yuxarıda yerləşən mənzildən uzun müddət su axması nəticəsində onun mənzilinə ciddi şəkildə ziyan dəymişdir. Belə ki, üst qonşunun mənzilindən su axması səbəbindən iddiaçının mənzilində tavan hissəsinin və divar kağızları yararsız hala salınmışdır ki, bu səbəbdən də ona maddi zərər dəymişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 49 saylı MKİS-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş və Nəsimi rayonu, Puşkin küçəsi 12/14, mənzil 64-də yaşayan İddiaçı müraciəti əsasında vətəndaşın mənzilinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üst mərtəbədə yaşayan 66 saylı mənzilin sakini Cavabdeh mənzilində sanitar qovşağının nasazlığı nəticəsində alt mərtəbəyə su sızıb və nəticədə 64 saylı mənzilin tavan hissəsi və divar kağızı yararsız hala salınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzilinin təmir etməsindən imtina etmişdir. Həmçinin, iddiaçı ilə Babaei Yaşhar adlı İran vətəndaşı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14-də yerləşən 64 saylı mənzilin kirayəyə verilməsinə dair müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən aylıq 200 manat miqdarında kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının mənzilində bu problem yaranması səbəbindən 2021-ci ilin yanvar ayından kirayəçi mənzildən çıxmış və iddiaçı mənzilini kirayəyə verə bilməmişdir. Bu səbəbdən də maddi zərərlə üzləşmiş və hesab edir ki, dəymiş maddi ziyan cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının mənzilinə dəymiş 2000 manat məbləğində ziyanın, uzun müddət mənzilini kirayə verə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 300 manat və 120 manat dövlət rüsumuna görə ödənilmiş vəsait, cəmi 4420 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim edərək, Cavabdeh iddiaçının mənzilinə dəymiş 2000 manat məbləğində ziyanın, uzun müddət mənzilini kirayə verə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 300 manat və 63 manat dövlət rüsumuna görə ödənilmiş vəsait, cəmi 4363 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 198167 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 64 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 149 saylı reyestr kitabının 22084 nömrəli vərəqində, 30/14336 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan kirayəyə verən İddiaçı ilə kirayəçi Babaei Yashar arasında bağlanmış xx.xx.2016-cı il tarixli “mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsi) əsasən kirayəyə verən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 64-ü aylıq 200 manat kirayə haqqı ödənilməsi şərti ilə, xx.xx.2019-cu il tarixədək kirayəçi Babaei Yashara kirayəyə vermişdir. İş materiallarında olan Nəsimi rayon 49 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, üst mərtəbədə yaşayan 66 nömrəli mənzilin sakini Cavabdeh mənzilində sanitar qovşağının nasazlığı nəticəsində alt mərtəbəyə su sızıb və nəticədə 64 nömrəli mənzilin tavan hissəsinə və divar kağızını yararsız hala salmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzilin təmir etməsindən imtina etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 4 saylı Vəkil Bürosunun hesabına 300 manat pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/1291 nömrəli, 12 may 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 saylı evin 64 saylı mənzilinin qapısı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 64 saylı mənzilinin divarlardakı su sızma izlərini və 49 saylı MKİS-in əməkdaşları tərəfindən 23 noyabr 2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, mübahisəli 64 saylı mənzilə 66 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 64 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 774 manat məbləğində müəyyən olunur. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 64-ə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 66-dan su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 774 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 2000 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, bina 12/14, mənzil 64-ə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 774 manat məbləğində olduğu müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 774 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “uzun müddət mənzilini kirayə verə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzili ilə əlaqədar bağlanmış kirayə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin tarixdən sonra, əsas da iddiaçının mənzilinə su sızması baş verdiyi tarixdə həmin mənzillə əlaqədar kirayə müqaviləsinin bağlanılması halı öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). İddianın hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi olmaqla, cəmi 1099 (bir min doxsan doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun qalan 38 (otuz səkkiz) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi olmaqla, cəmi 1099 (bir min doxsan doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumunun qalan 38 (otuz səkkiz) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-813/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-813/2022
23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver