Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-838/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı dəymiş zərərin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 218.45 manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli e-2(006)-2533/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "X1 Azərbaycan" QSC “Azcollect" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “Azcollect" MMC-yə sifariş etmişdir. “Azcollect MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ödənilən 1250 manat, xx.xx.2023-cü il tarixdə 206.35 manat məbləğlərindəki vəsait “Azcollect" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən “Azcollect" MMC-yə 218.45 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi xx.xx.2023cü il tarixdə qəbul etmiş, lakin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən Cavabdeh "X1 Azərbaycan" QSC-nin xeyrinə cəmi 1426.34 manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, həmin müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələr əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan “X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, həmin müqavilənin 4.20-ci bəndində əsasən həmin müqavilədən yaranan (irəli gələn) borcların Cavabdeh tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC Cavabdeh qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsini qəbul, bəyan və təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq «X1 Azərbaycan» QSC ilə Cavabdeh oglu arasında imzalanmış xx.xx.2017-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş 1456.34 manat pul vəsaitinə görə «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 218.45 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən 5 iş günü müddətində cavabdehdən 218.45 manatın ödənilməsi tələb olunmuş, əks halda xidmət haqqının ödənilməsi üçün məhkəmə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məhkəmə qətnaməsi əsasında olan “X1 Azərbaycan" QSC-yə borcu "xxxx" MMC vasitəsilə ödənilmiş və bu barədə MMC-nin xidmət haqqı 218.45 manat təşkil etmişdir. Eyni zamanda o, borcunun geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC ona qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsi barədə xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə öhdəlik götürmüşdür. Bununla da müəyyən edilir ki, cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçıya 218.45 manat məbləğində zərər dəymişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 218.45 manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 218.45 manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-838/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-838/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver