Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-841/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 15500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 23 oktyabr 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 15371 AZN əsas, 2427,93 AZN faiz, 105,48 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17904,41 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 15371 AZN əsas, 2427,93 AZN faiz, 105,48 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17904,41 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 144,12 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.İş üzrə iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, cavabdeh isə məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişlər. 4.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olmuşdur, onun bütün şərtləri ilə razıdır. Sənəddə Cavabdeh telefon nömrəsi kimi “***-***-**-**” göstərilmişdir (Həmin oferta iş materiallarında mövcuddur, ofertada cərimə barədə bənd də nəzərdə tutulmuşdur). 9.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəsi və həmin tarixdə ona uyğun bağlanılan 145nkSTB2b/23 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 26% olmaqla 15500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 10.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 145nkSTB2b/23 saylı kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 15.371 manat əsas, 2427.93 manat faiz, 105.48 manat cərimə faizləri olmaqla, cəmi 17.904.41 manat məbləğində borcu vardır. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli,********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 144.12 manat dövlət rüsumu ödənilmiş, 0,40 manat isə xidmət haqqı tutulmuşdur. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10614 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 145nkSTB2b/23 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu əsas borc üzrə – 15.370,83 manat, faiz borcu üzrə – 1.266,89 manat. 14.Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 26 % ödəmək şərtilə 15.500 manat məbləğində kredit verilmişdir. 16.Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən 3 iş günü müddətində borcun ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. 17.Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış 15.371 manat əsas, 2427,93 manat faiz və 105,48 manat cərimə borcu olmaqla, cəmi 17.904,41 manat borcu və məhkəmə xərclərini tələb edir. 18.İş üzrə tam, obyektiv və hərtərəfli tədqiqat aparılması məqsədilə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəyində aralarında olan müqavilə üzrə cavabdehin iddiaçıya pretenziya ilə təyin edilmiş müddətin sonuna – xx.xx.2024-cü il tarixinə 15.370,83 manat əsas, 1.266,89 manat faiz borcunun olması müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər; Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 21.Hazırki iş üzrə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur. 22.İddia tələbinin “əsas və faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə yarandığını iddia etdiyi 15.371 manat əsas və 2.427,93 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya tələb edilən məbləğdən az əsas və faiz borcu olması müəyyən edilmişdir. 23.Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh 15.370,83 (on beş min üç yüz yetmiş manat, səksən üç qəpik) manat əsas, 1.266,89 (min iki yüz altmış altı manat, səksən doqquz qəpik) manat faiz borcu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. 24.İddia tələbinin “cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı olduğundan (ofertada cərimə tətbiq olunması barədə bənd nəzərdə tutulmuşdur) təmin edilməli, 105,48 (yüz beş manat, qırx səkkiz qəpik) manat cərimə borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 25.Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.370,83 (on beş min üç yüz yetmiş manat, səksən üç qəpik) manat əsas, 1.266,89 (min iki yüz altmış altı manat, səksən doqquz qəpik) manat faiz, 105,48 (yüz beş manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 16.743,20 (on altı min yeddi yüz qırx üç manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. 26.Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumunun 140,23 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 95 manat hissəsi Cavabdeh, qalan 5 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 27.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15.370,83 (on beş min üç yüz yetmiş manat, səksən üç qəpik) manat əsas, 1.266,89 (min iki yüz altmış altı manat, səksən doqquz qəpik) manat faiz, 105,48 (yüz beş manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 16.743,20 (on altı min yeddi yüz qırx üç manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 140,23 (yüz qırx manat, iyirmi üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 95 (doxsan beş) manat hissəsi Cavabdeh, qalan 5 (beş) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-841/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-841/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver