Məhkəmə qərarları › İş №e-2(006)-848/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-848/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-848/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X4 oglunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “əsas kredit borcun, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «əsas kredit borcunun və kredit borcuna görə hesablanmış faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 19.922,25 manat əsas borc, xx.xx.2024-cü il tarixə 3.408 manat faiz olmaqla, cəmi 23.330,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159,99 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə bağlanmış 14 iyul 2022-ci il tarixli, 001/KKX/113/5262369/140722 №-li ödəniş kartı üzrə kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 illik 20% olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh1 şəxsi ehtiyac/digər məqsədi ilə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alana kredit 36 ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli 001/ZM/113/5262369/140722 №-li zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2024-cü il tarixə banka 19.922,25 manat əsas borc, xx.xx.2024-cü il tarixə 3.408 manat faiz olmaqla, cəmi 23.330,25 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 3.1.4-cü bəndinin tələbinə görə Borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2023-cü il tarixdə cəmi 810 manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2022-ci il tarixli, 001/KKX/113/5262369/140722 №-li ödəniş kartı üzrə kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. 14 iyul 2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 19.800 manat pul vəsaitini nağd şəkildə İddiaçı ASC-nin Mərkəz filialından təhvil almışdır. 14 iyul 2022-ci il tarixli 001/ZM/113/5262369/140722 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi (əsas öhdəliyin əsas borc üzrə məbləği ******* (bir milyon) manat təşkil edir.) üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi 23 dekabr 2022-ci il tarixdə bağlanmış 113-MFG-428 saylı girov müqaviləsindən görünür ki, bazar dəyəri 13.946.124,80 manat, likvid dəyəri 10.000.000 manat təşkil edən ünvan 1i ünvanında yerləşən ******* ədəd predo bezləri İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə sorğu edilmiş “ASAN Finans sistemi vasitəsilə fiziki şəxslərin fərdi identifikasiya nömrəsi əsasında iş yerinə dair arayışdan görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı məbləği 800 manat təşkil edir. Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış kredit sifarişi ərizəsindən görünür ki, Cavabdeh2 MMC-nin direktor müavini Cavabdeh1 xx.xx.2022-ci il tarixdə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% illik dərəcəsi ilə 20.000 manat dəyərində kredit kartı sifariş etmişdir. Azərbaycan Kredit Bürosundan xx.xx.2022-ci il tarixdə edilmiş 81704093 nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 barəsində 1 dəfə - xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən sorğu edilmişdir. Həmçinin çıxarışdan görünür ki, Cavabdeh1 həmin tarixə aktiv, bağlanmış və zamin olduğu öhdəliklər barədə məlumat AKB sistemində mövcud deyil. Azərbaycan Kredit Bürosundan xx.xx.2022-ci il tarixdə edilmiş ********* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixdə borcalan şəxsə verilmiş 20.000 manat kredit məbləğinin ödənilməsi üzrə zamin qismində öhdəlikləri mövcuddur. 31 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə həmin tarixə 19.922,25 manat əsas borc, 3.408 manat faiz olmaqla, cəmi 23.330,25 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı borcluya və zaminə pretenziya məktubu göndərmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış öhdəliklərin (19.921,25 manat əsas borc, 3.153,42 manat faiz) icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh1 məxsus hesabdan xx.xx.2022-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 hesabına 19.998 manat kredit məbləği köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli 5/209 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin materiallarının 72-74-cü vərəqlərdə olan 14 iyul 2022-ci il tarixli 001/ZM/113/5262369/140722 saylı zaminlik müqaviləsində olan möhür əksləri sənədin üzərinə birbaşa vurulmuşdur (1-ci sual üzrə). Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 72-74-cü vərəqlərdə olan 14 iyul 2022-ci il tarixli 001/ZM/113/5262369/140722 saylı zaminlik müqaviləsində olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir (2-ci sual üzrə). Tədqiqata "xxxx" MMC-nin 2022-ci ildə istifadədə olan möhürün eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyindən, tədqiq olunan müqavilənin üçüncü vərəqindəki «zamin» qrafasında olan möhür əksinin müqayisəli tədqiqatı aparılmadı (3-cü sual üzrə). Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 160 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 iddia ərizəsində qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Cavabdeh1 borcalan qismində üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən onun öhdəliklərinə zamin durmuş digər Cavabdeh2 MMC-yə münasibətdə də bankın tələbləri əsaslı hesab edilməlidir. Məhkəmə cavabdehlərin nümayəndəsinin (vəkili) vəsatətlərində irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, cavabdehin ilkin dəlili zaminlik müqaviləsinin zamini təmsil edən şəxs tərəfindən imzalanmaması olduğu və habelə müqavilədəki möhürün həmin hüquqi şəxsə məxsus möhür əksi olmadığı üçün cavabdehin vəsatətinə məhkəmə tərəfindən müqavilədəki imza və möhürlə bağlı ekspertiza təyin edilmiş, lakin məhz elə cavabdeh tərəfindən ekspertiza tədqiqatı üçün zəruri tədqiqat nümunələri təqdim edilmədiyindən müvafiq tədqiqat aparılması mümkün olmamışdır. Cavabdehlərin nümayəndəsi (vəkili) digər vəsatətində isə dəlil olaraq təmsil etdiyi Şahanə Əkbərovanın kredit müqaviləsi imzaladığını bildirmiş, lakin həmin məbləğin 5.000 manat təşkil etdiyini qeyd etmişdir. Cavabdeh Şahanə Əkbərovanın digər cavabdeh hüquqi şəxsin təsisçisi (təqdim edilmiş nizamnaməyə əsasən X3) ilə qohumluq əlaqələri və həmin hüquqi şəxsin iddiaçı bankla işgüzar münsibətləri (ən azından xx.xx.2022-ci il tarixli girov müqaviləsi) nəzərə alınmaqla Şahanə Əkbərovanın mübahisəli krediti və həmin məbləği qəbul etməsinə dair qəbzi imzalamamasına dair dəlilləri yalnız məsuliyyətdən yayınma xarakteri daşıyır.Göründüyü kimi cavabdehin irəli sürdüyü dəlillər ziddiyyətli olmaqla, bir-birini özü tərəfindən təkzib etmişdir. Cavabdeh əvvəlcə müqavilələrin saxta olduğunu bildirir, daha sonra ekspertiza tədqiqatı üçün zəruri nümunələri təqdim etmir, sonra isə müqavilədəki məbləğin şəxsə verilən məbləğlə eynilik təşkil etmədiyini qeyd edir.Məhkəmə bütün bu dəlilləri yalnız mübahisənin əsassız olaraq uzadılmasına xidmət edən mövqe kimi qiymətləndirir. Üstəlik də iddiaçı tərəfindən təqdim edilmiş kassa məxaric orderində şəxsin imzasını, hesab əməliyyatlarına dair çıxarışda da müqavilədə və kassa məxaric orderində nəzərdə tutulmuş həmin məbləğin kredit qrafasında əks olunmasını görmək mümkündür. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbləri cavabdehin əsaslı arqumentləri və bu arqumentləri təsdiq edən sübutlarlarla tam şəkildə təkzib edilmədiyindən iddia özlüyündə əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin 19.921,25 manat manat əsas borc, 3.153,42 manat faiz borcu olmaqla, cəmi 23.074,67 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, bildiriş məktubunda qeyd olunan 07 oktyabr 2024-cü il tarixə mövcud olan 19.921,25 manat əsas borc, 3.153,42 manat faiz və ödənilmiş 159,99 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 70 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 19.921,25 (on doqquz min doqquz yüz iyirmi bir manat, iyirmi beş qəpik) manat əsas borc, 3.153,42 (üç min bir yüz əlli üç manat, qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 23.074,67 (iyirmi üç min yetmiş dörd manat, altmış yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 159,99 (bir yüz əlli doqquz manat, doxsan doqquz qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 (yetmiş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar