Məhkəmə qərarları › İş №e-2(006)-85/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-85/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-85/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «öhdəliklərə xitam verilməsi» tələbinə dair ilk; LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı və X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «öhdəliklərə xitam verilməsi» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh LPO Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10KT saylı kredit və xx.xx.2014-cü il tarixli 10/1 saylı ipoteka müqaviləsi üzrə müddətlərin keçməsi əsası ilə onun bank qarşısında olan öhdəliklərinə xitam verilməsi və fərdi yaşayış evinin ipolteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 10KT saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh ona 80.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə kredit öhdəliyinin təminatı kimi xx.xx.2014-cü il tarixdə onunla bank arasında 10/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsi 8 saylı fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir. Onun tərəfindən həmin kredit müqaviləsi üzrə ödənişlərin əksər hissəsi ödənilmişdir və müvafiq qəbzlərin əsilləri ondadır, istənilən vaxt məhkəməyə təqdim edə bilər. Hesab edir ki, bankla onların arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müddətlər keçdiyindən onun bank qarşısında öhdəliyinə xitam verilməlidir. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı və X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12 may 2014-cü il tarixli 10KT saylı kredit müqaviləsinə əsasən 33.382,02 manat məbləğində əsas borc, 7,24 manat faiz, 3.116,87 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanan 5 % borcu 4.844,16 manat olmaqla, ümumilikdə 41.350,29 manat məbləğində pul və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 216 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi; 12 may 2014-cü il tarixli 10KT saylı kredit müqaviləsi üzrə tutmanın Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsində 0,0286 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 249,0 m2 ümumi, 151,9 m2 yaşayış, 97,1 m2 yardımçı sahədən ibarət, 6 otaqlı 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların boşaldılması və onların açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında 12 may 2014-cü il tarixdə kredit verilməsi haqqında 10 KT saylı kredit müqaviləsi bağlanmışdır. 12 may 2014-cü il tarixli 10 KT saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya ümumilikdə 80.000 manat məbləğində kredit verilmişdir. 12 may 2014cü il tarixli 10KT saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçısində 0,0286 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 249,0 m2 ümumi, 151,9 m2 yaşayış, 97,1 m2 yardımçı sahədən ibarət, 6 otaqlı 8 nömrəli fərdi yaşayış evi 10 iyun 2014-cü il tarixli 10/1 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bununla bağlı qeyd olunmuşdur ki, borclu şəxs, hazırkı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 12 may 2014-cü il tarixli 10KT saylı müqavilə üzrə 06 aprel 2022-ci il tarixə banka 33.382,02 manat məbləğində əsas borc, 7,24 manat faiz, 3.116,87 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanan 5 % borcu 4.844,16 manat olmaqla, ümumilikdə 41.350,29 manat məbləğində borcu vardır. Borclu ilə bağlanmış kredit müqaviləsinin 6-cı bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin 8-ci bəndinin tələblərinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən borcluya dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndində isə göstərilir ki, «Borc alan»ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «İpoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi «İpoteka qoyan»ın vəzifəsidir. Bu səbəbdən, məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət olunmuşdur. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-yə və qarşılıqlı iddia üzrə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, LPO Cavabdeh ASC-nin nümayəndəsi və X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsinin və qarşılıqlı iddia üzrə cavabdeh X2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlildir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12 may 2014-cü il tarixli 10KT saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya ümumilikdə 80.000 manat məbləğində kredit verilmişdir. Kredit illik 7 %-ə, 12 may 2019-cu il tarixədək (5 il müddətinə) verilmişdir. - 10 iyun 2014-cü il tarixli 10/1 saylı ipoteka müqaviləsindən görünür ki, 12 may 2014-cü il tarixli 10KT saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsində 0,0286 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 249,0 m2 ümumi, 151,9 m2 yaşayış, 97,1 m2 yardımçı sahədən ibarət, 6 otaqlı 8 nömrəli fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. - Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş 10 iyun 2014-cü il tarixli ərizədən görünür ki, X1 rayonu Xırdalan şəhəri R.Behbudov küçəsi 8 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. - 31 mart 2022-ci il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdən görünür ki, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borc alan İddiaçı borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və X4 xəbərdar etmişdir. - 05 aprel 2022-ci il tarixli **********164 saylı ərizədən görünür ki, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. - 06 aprel 2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, yuxarıda qeyd olunan ərizə (müraciət) qəbul olunmuş və 15 manat dövlət rüsumu ödənilmişdir. - 11 aprel 2022-ci il tarixli **********178 saylı maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12 may 2014-cü il tarixli 10KT saylı kredit müqaviləsinə əsasən borc alanın 06 aprel 2022-ci il tarixə banka 33.382,02 manat məbləğində əsas borc, 7,24 manat faiz, 3.116,87 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanan 5 % borcu 4.844,16 manat olmaqla, ümumilikdə 41.350,29 manat məbləğində borcu mövcuddur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 9/4238 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 10KT saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə dövründə illik 7 %-lə, müqavilə dövründən sonra illik 5 %-lə faiz hesablanmaqla İddiaçı xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borcu və faiz 38.899,35 manat məbləğində, xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas borc və faiz 33.686,34 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2019-cu il tarixə Əsas borc üzrə – 38.801,27 manat; Faiz üzrə – 98,08 manat (illik 7 %). xx.xx.2022-ci il tarixə Əsas borc üzrə 31.829,61 manat; Faiz üzrə – 0,00 manat (illik 7 %); Faiz üzrə – 1.856,73 manat (illik 5 %). Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10KT saylı kredit müqaviləsinə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli 9/8163 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 10KT saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə dövründə illik 7 %-lə, müqavilə dövründən sonra illik 5 %-lə faiz hesablanmaqla İddiaçı xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borcu və faiz 38.899,35 manat, xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas borc və faiz 33.995,79 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2019-cu il tarixə Əsas borc üzrə – 38.801,27 manat; Faiz üzrə – 98,08 manat (illik 7 %). xx.xx.2022-ci il tarixə Əsas borc üzrə – 31.829,61 manat; Faiz üzrə – 0,00 manat (illik 7 %); Faiz üzrə – 2.166,18 manat (illik 5 %). Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/1955, 9/2068 saylı rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin təqribən 125.500 manat, likvid dəyərinin isə təqribən 119.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə öncə ilk iddiaya münasibət bildirərək qeyd edir ki, ilk iddia əsaslı deyil və təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10KT saylı kredit müqaviləsi üzrə müddətlər keçməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2014-cü il tarixli 10KT saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanmış, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdən etibarən 3 illik iddia müddətinin axımı başlanmış və qanunvericiliklə müəyyən edilmiş iddia müddəti bitmədən xx.xx.2022-ci il tarixdə bank tərəfindən İddiaçı qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi»nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh öncədən də iddia müddəti bitməmiş ilk iddia üzrə iddiaçıdan borcun ödənilməsini tələb etmiş, bu barədə ona rəsmi bildiriş göndərmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti ilk iddia üzrə cavabdeh tərəfindən buraxılmadığından, ilk iddia təmin edilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı LPO Cavabdeh ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu İddiaçı icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO Cavabdeh ASC ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən 100 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 215 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «öhdəliklərə xitam verilməsi» tələbinə dair ilk iddiası rədd edilməli; ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı və X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, 31.829,61 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 2.166,18 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 34.495,79 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 179 manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsi 8 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 119.000 manat müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO Cavabdeh ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalıq məbləğ qalarsa cavabdeh İddiaçı qaytarılmalı, həmin əmlak boşaldılmalı, aparılmış xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 200 manat və xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat olmaqla, cəmi 300 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Belə ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 500 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «öhdəliklərə xitam verilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı və X3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. 31.829,61 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 2.166,18 manat faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 34.495,79 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 179 manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Rəşid Behbudov küçəsi 8 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 119.000 manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO Cavabdeh ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalıq məbləğ qalarsa cavabdeh İddiaçı qaytarılsın. Həmin əmlak boşaldılsın. Aparılmış xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 200 manat və xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat olmaqla, cəmi 300 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar