Məhkəmə qərarları › İş №e-2(006)-85/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-85/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-85/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 234.86 AZN (iki yüz otuz dörd manat səksən altı qəpik) əsas məbləğ üzrə borc, 27.41 AZN (iyirmi yeddi manat qırx bir qəpik) hesablanmış və ödənilməmiş faiz borcu, 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik) cərimə borcu, 2.00 AZN (iki manat) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3.40 AZN (üç manat qırx qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 283.46 AZN (iki yüz səksən üç manat qırx altı qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X4 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə «X4 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 800.00 AZN (səkkiz yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kredin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X4 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 234.86 AZN (iki yüz otuz dörd manat səksən altı qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 27.41 AZN (iyirmi yeddi manat qırx bir qəpik), cərimə borcu: 15.79 AZN (on beş manat yetmiş doqquz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 283.46 AZN (iki yüz səksən üç manat qırx altı qəpik) təşkil edir. xx/xx/2013 -cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka sonuncu kredit ödənişləri xx.xx.2022-ci il tarixində 26.10 manat və xx.xx.2022-ci il tarixində 30 manat məbləğlərində olmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də bоrcalan ilə bağlanmış müqaviləyə əsasən, bоrcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditоr bоrcalandan kredit bоrcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün хərclərin оnların hesabına, о cümlədən оnların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuхarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X4 Azərbaycan” QSC-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iş yükünün çox olması ilə əlaqədar iddiaçı tərəfin məhkəmə iclasında iştirakının mümkün olmayacağını qeyd edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilədən görünür ki, bank kart sahibinə 5 il müddətə 800 manat məbləğində kredit kartı limitini açır. Kart sahibi isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin, nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür. Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, o, kredit kartı üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli qarışıq müqavilə üzrə banka həmin tarixə 234.86 manat əsas məbləğ üzrə borc, 27.41 manat hesablanmış və ödənilməmiş faiz borcu, 15.79 manat cərimə borcu, 2.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3.40 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 283.46 manat borcu vardır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilə üzrə tələb olunan faiz, cərimə və komisyon borcunu müəyyən etmək mümkün deyildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Zərurət yarandığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə lazımi sənədlərin və mütəxəssis rəyinin təqdim edilməsi “X4 Azərbaycan” QSC-dən tələb edilmişdir. “X4 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ilə «X4 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” hal-hazırda qüvvədədir və ləğv ilə bağlı tərəflər arasında hər hansı bir razılaşma mövcud deyil. Əks halda kart bloklanmış olardı və həmin kartdan istifadə mümkün olmazdı. İş materiallarına əlavə edilən sənədlərdən açıq-aydın görünür ki, kart 2017-ci ilə qədər aktiv istifadə olunub və karta mədaxil və məxaric olunmuşdur. Tələb edilən sənədlər təqdim edildikdən sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" ASC-nin və “X5” ASC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, Cavabdeh banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 199,86 manat (4.468-4.268,14); - faiz borcu üzrə 27,41 manat; - cərimə borcu üzrə 109,50 manat; - komissiya borcu 2 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 755,35 manat ödəniş aparılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə 800 manat məbləğində kredit limiti təyin edilmişdir. İddiaçı cavabdehin kart üzrə ödənişləri gecikdirməsini iddia edərək, xx.xx.2022-ci il tarixdə ona yaranmış borcu ödəməsi ilə bağlı xəbərdarlıq etmiş, bundan sonra isə müvafiq maliyyə arayışını təqdim edərək, pul tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh iddiaçıya borcunun olmadığını mübahisələndirdiyindən, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, keçirilmiş birinci ekspertiza nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müqavilə üzrə tələb olunan borcu müəyyən etməyin mümkün olmamasına dair ekspert rəyi verildiyindən, iş üzrə tam və obyektiv tədqiqat aparılması iş üzrə lazımi sənədlərin və mütəxəssis rəyinin təqdim edilməsi iddiaçıdan tələb edilmiş, həmin sənədlər məhkəməyə təqdim edildikdən sonra əlavə ekspertiza təyin edilmişdir. Təyin edilmiş ekspertiza nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəyində cavabdehin müqavilənin bitmə tarixinə tələb edilən məbləğdən artıq məbləğdə (cəmi 338,77 manat) borcunun olması, lakin müqavilə müddəti bitəndən sonra da cavabdeh tərəfindən 755,35 manat məbləğində ödəniş edilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bank hesabı və kredit müqavilələrinin ünsürlərini ehtiva edən qarışıq müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə göstərilmiş məbləğdə kredit xəttini cavabdehə açmış, cavabdeh müqavilə müddəti ərzində həmin müqavilədən irəli gələn öhdəliyini tam yerinə yetirməsə də, müqavilə müddəti bitəndən həmin öhdəliyi yerinə yetirmiş, banka olan borcunu bağlamışdır. Lakin buna baxmayaraq, iddiaçı cavabdehin müqavilə üzrə ona borcu olduğunu iddia etdiyindən, bu barədə tələblə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırmaları nəticəsində mötəbərliyi sual doğurmayan ekspert rəyi ilə cavabdehin iddiaçıya borcunun olmadığı müəyyən edilmişdir. Hər bir tərəfin öz tələb və etirazlarının əsaslandığı halları sübut etməli olmasına dair mülki prosessual qanunvericiliyin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdehin iddiaçıya öhdəliyinin olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərində olsa da, iddiaçı cavabdehin ona iddia edilən məbləğdə borcunun olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Formalaşmış təcrübəyə görə, bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir. Beləliklə, iddia tələbi müvafiq qaydada sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 954.1-ci maddəsinə görə, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddəsinə müvafiq olaraq, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçı “X4 Azərbaycan” QSC-yə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində pul iddiaçı “X4 Azərbaycan” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçı “X4 Azərbaycan” QSCyə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində pul iddiaçı “X4 Azərbaycan” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar