Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-857/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 248.535,85 (iki yüz qırx səkkiz min beş yüz otuz beş manat, 85 qəpik) manat, bundan 75.460 (yetmiş beş min dörd yüz altmış manat, 71 qəpik) manat əsas, 172.300,33 (bir yüz yetmiş iki min üç yüz manat, 33 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.52 (yeddi yüz yetmiş beş manat, 52 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 539 (beş yüz otuz doqquz) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 sərəncamında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 75460 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “Meridian” firması ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında Cavabdeh1 sərəncamında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, 23 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 086/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixə cəmi borcu 248.535,85 (iki yüz qırx səkkiz min beş yüz otuz beş manat, 85 qəpik) manat təşkil edir. Bundan 75.460 (yetmiş beş min dörd yüz altmış manat, 71 qəpik) manat əsas, 172.300,33 (bir yüz yetmiş iki min üç yüz manat, 33 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.52 (yeddi yüz yetmiş beş manat, 52 qəpik) manat faiz borcu təşkil edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 mənzillə bağlı müqavilənin etibarsız olmasının nəzərə alınmasını xahiş etdi.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086 nömrəli kredit müqaviləsindən görünür ki, bank ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin alınması məqsədilə istifadə etmək, 180 ay müddətinə qaytarılmaq, müəyyən müddətə faizlər (15 %) ödənilmək və təminatlılıq əsasında 75.460 manat məbləğində krediti borcalana verməyi öhdəsinə götürmüş, alınacaq mənzilin eyni zamanda ipoteka predmeti olması qeyd edilmişdir.
8. “Meridian” firması ilə Cavabdeh1 arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, firma dəyəri 75.460 manat təşkil edən ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda, X mərtəbədə yerləşən 23 saylı mənzili Cavabdeh1 verməyi öz öhdəsinə götürmüşdür.
9. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 086/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda, X mərtəbədə yerləşən 23 saylı mənzil tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. LPO İddiaçı1 ASC tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, bankın bütün filialları üzrə 1999-2010-cu illərə aid üzrə 7.642 iş sənədlərin saxlanma müddəti başa çatdığı üçün məhv edilmək üçün ayrılmışdır. Kredit dosyesinə aid sənədlərlə bağlı “kredit ödənildikdən və ya balansdan silindikdən sonra” qeydi edilmişdir.
11. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarından görünür ki, İddiaçı1 ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən bankın ləğvedicisi təyin edilmişdir.
12. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə banka xx.xx.2024-cü il tarixinə 75.460 manat əsas, 172.300,33 manat faiz, 775,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 248.535,85 manat məbləğində borcu vardır.
13. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25A, 23 saylı mənzil (10-cu mərtəbə, 1-ci giriş) ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-110 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (məktuba təsdiqedici sənədlər əlavə edilmişdir).
15. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 539 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. İş materiallarına kreditin ödənmə cədvəli və hesabdan çıxarış da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank ünvan 1 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən 23 saylı mənzilin alınması məqsədilə 180 ay müddətinə, illik 15 % ödəmək şərtilə 75.460 manat məbləğində krediti cavabdehə verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə “Meridian” firması arasında isə həmin tarixdə sözügedən mənzilin alqı-satqı müqaviləsi (kooperativ binada mənzil tikintisi üçün müqavilə) bağlanmış, firma dəyəri 75.460 manat təşkil edən həmin mənzili cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilədən sonra, həmçinin, bankla cavabdeh arasında həmin mənzil barəsində sadə formada ipoteka müqaviləsi bağlanmışdır.
18. Bank tərəfindən kredit müqaviləsində göstərilən məbləğdə pulun cavabdehə verilməsi iddia edilsə də, məhkəmə araşdırmaları zamanı cavabdeh izahatında müqavilədəki imzaların ona məxsus olduğunu, lakin ona heç bir pul verilmədiyini, sadəcə “müqaviləni imzala, sənə mənzil verəcəyik” dediklərini, sonradan isə mənzilin də başqasına satılması və ona verilməyəcəyi barədə məlumat verdiklərini qeyd etmişdir. Cavabdeh ona pul verilmədiyini mübahisələndirdiyindən, kredit müqaviləsində göstərilən məbləğdə pulun, həqiqətən də, cavabdehə verilməsini təsdiq edən mötəbər sübutların (kassa məxaric orderinin) məhkəməyə təqdim edilməsi iddiaçı tərəfə təklif edilsə də, iddiaçı tərəfindən məhkəməyə yalnız kredit və ipoteka müqavilələri, borcun məbləğinə dair maliyyə arayışı, pulun hesabdan məxaric edilməsini əks etdirən hesabdan çıxarış, bankın bütün filialları üzrə 1999-2010-cu illərə aid üzrə 7.642 işə aid sənədlərin saxlanma müddəti başa çatdığı üçün məhv edilmək üçün ayrılması barədə xx.xx.2015-ci il tarixli akt təqdim edilmiş, aktda kredit ödənildikdən və ya balansdan silindikdən sonra kredit dosyesinə aid sənədlərin, o cümlədən kassa məxaric orderinin məhv edildiyi qeydi edilsə də, hazırkı kredit üzrə heç bir ödəniş edilməməsinə və müqavilənin həmin vaxt hələ qüvvədə olmasına baxmayaraq, kassa məxaric orderinin məhv edilməsi iddiası ilə həmin sənəd məhkəməyə təqdim edilməmişdir.
19. Məhkəmə araşdırmaları zamanı bankın pulu birbaşa “Meridian” firmasına təqdim edibetməməsi məsələsi də araşdırılmış, belə ki, firmanın hüquqi varisi "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında həmin mənzillə əlaqədar nə bank, nə də cavabdeh tərəfindən firmaya (MMC-yə) ödəniş edilmədiyini, mənzilin hazırda başqa şəxsin mülkiyyətində olduğunu, cavabdehlə bağlanmış müqavilənin mühüm şərtləri müqavilədə qeyd edilmədiyinə görə müqavilənin etibarsız olduğunu bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən mənzil ilkin olaraq başqa şəxsin adına qeydiyyata alınmış və sonradan da başqa şəxsə özgəninkiləşdirilmiş, həmin mənzillə bağlı dövlət reyestrində cavabdeh barəsində heç bir qeyd aparılmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, bank kassa məxaric orderinin məhv edildiyini iddia edərək məhkəməyə təqdim etmədiyindən, pulun firmaya (MMC-yə) məxsus hesaba köçürülməsi halı da məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır.
20. Kreditin rəsmiləşdirildiyi tarixdən müqavilə müddətinin bitməsinə qədər keçən 180 ay ərzində müqavilə üzrə heç bir ödəniş edilmədiyindən, məhkəmə araşdırmaları zamanı ötən müddət ərzində borcun ödənilməsi, ipoteka predmetinə yönəldilmə və s. tələblə bank (və ya ləğvedicisi) tərəfindən pretenziya qaydasında cavabdehə və ya məhkəməyə müraciət edilib-edilməməsi məsələsi araşdırılaraq müəyyən edilmişdir ki, bank (və ya ləğvedicisi) həmin müddət ərzində belə bir tələblə cavabdehə pretenziya verməmiş və ya məhkəməyə müraciət etməmiş, belə ki, cavabdehə yalnız müqavilənin müddəti bitdikdən 3 aya yaxın müddət keçəndən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən qabaq pretenziya göndərilmişdir.
21. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun və məhkəmə xərclərinin cavabdehdən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir, üçüncü şəxs isə mənzillə bağlı cavabdehlə aralarında bağlanmış müqavilənin etibarsız olmasının nəzərə alınmasını xahiş edir.
c) Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
23. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etməlidir. İşin obyektiv həlli üçün isə yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlarla bağlı ümumi prinsip ondan ibarətdir ki, onlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. Bu baxımdan, hazırkı iş üzrə cavabdehdən kredit müqaviləsi üzrə borcu tələb edən iddiaçının vəzifəsi olmuşdur ki, həmin borcu şəxsən cavabdehə təqdim etməsinə dair mötəbər sübut olan, cavabdeh tərəfindən imzalanmış kassa məxaric orderini məhkəməyə təqdim etsin. Lakin iddiaçı “kassa məxaric orderinin hələ müqavilə qüvvədə olduğu müddət ərzində tərtib edilmiş aktla məhv edilməsinə dair” ağlabatan hesab edilməyən dəlil irəli sürür. Bu dəlil həm də ona görə ağlabatan hesab edilmir ki, bağlandığı gündən etibarən müqavilə üzrə heç bir vaxt heç bir ödəniş edilməmiş, lakin buna baxmayaraq, iş problemli kreditlərə aid edilmək və iş üzrə müvafiq hüquqi tədbirlər başlanmaq əvəzinə (borcluya pretenziya vermək, işi məhkəməyə göndərmək və s.) əvəzinə, kredit dosyesinə daxil olan kassa məxaric orderi məhv edilmişdir. Maraqlısı odur ki, aktda “kredit ödənildikdən və ya balansdan silindikdən sonra” qeydi edilmişdir. Belə olan halda aktın nə dərəcədə mötəbər olması məsələsi də maraq doğurur.
24. Beləliklə, iddiaçı cavabdehin borcunun olmasını yalnız məhkəməyə təqdim edilmiş müqavilələr, hesabdan çıxarış və maliyyə arayışına istinadla əsaslandırmışdır. Cavabdeh isə müqavilələrdəki imzanın ona məxsus olduğunu danmır, lakin iş üzrə toplanmış bütün sübutlarla və üçüncü şəxsin nümayəndəsinin də izahatında göstərdikləri ilə məcmu şəkildə qiymətləndirildikdə ağlabatan hesab edilmiş “ona heç bir pul verilməməsi, sadəcə “müqaviləni imzala, sənə mənzil verəcəyik” deyilməsi, sonradan isə mənzilin də başqasına satılması və ona verilməyəcəyi barədə məlumat verilməsi” kimi dəlilləri irəli sürür. Qeyd olunanlara əsasən, məhkəmə yalnızca tərəflərin imzalaması mübahisəsiz olan müqavilələrə əsaslanaraq cavabdehə pul verilməsi faktının təsdiq edildiyini müəyyən etmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, göründüyü kimi, cavabdehlə aralarında bağlanmış müqavilə əsasında ona kreditin verilməsi faktını sübutetmə vəzifəsini daşıyan iddiaçı LPO bank (və ləğvedicisi) buna dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə təqdim etməmiş, bununla da, iş üzrə öz sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
25. Qeyd edilməlidir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab edir ki, aralarında bağlanmış müqavilə üzrə cavabdehin ona borcu olduğunu iddia edən bank ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir. Lakin bu məsələ ilə bağlı sübutetmə vəzifəsini daşıyan bank tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hallardan birinin tərəflər arasında olmasına dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə verməmişdir.
26. Məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (iddiaçı bank) tərəfindən pulun borcluya (cavabdehə) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin puç əqd (heç bir hüquqi nəticə yaratmayan, əhəmiyyətsiz əqd) olması müəyyən edilməklə, cavabdehin bank qarşısında ödənilməmiş borcu olmasına dair öhdəliyinin yaranması faktı sübuta yetirilməmiş hesab olunur. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənəd olduğundan, öhdəliyin yaranması və mövcud olması faktlarını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Kredit müqaviləsinin əhəmiyyətsiz (puç) əqd olmaqla, heç bir hüquqi nəticə yaratmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, mövcud olmayan əsas öhdəliyin icrasını təmin etmək qismində tərəflər arasında bağlanmış ipoteka müqaviləsi də puç əqd olmuşdur.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin bankdan pulu götürməsi və banka borcunun yaranması sübut olunmadığına görə, tərəflər arasında Mülki Məcəllənin 386.1ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması faktı öz təsdiqini tapmır. Göstərilənləri ümumiləşdirən məhkəmənin mövqeyinə görə, bank tərəfindən cavabdehə pul verilməsi faktı öz təsdiqini tapmadığından, əsas öhdəlik və onun icrasını təmin edən öhdəlik üzrə irəli sürülmüş hazırkı iddia təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (2009-cu ildə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (reyestrdə 2011-ci il qeyd edildiyindən, 2011-ci ildə qüvvədə olan redaksiyada).
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.
31. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
32. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
33. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
35. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
36. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu LPO İddiaçı1 ASC-yə aid edilməlidir.
Nəticə:
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu LPO İddiaçı1 ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova