Məhkəmə qərarları › İş №e-2(006)-868/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-868/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-868/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4233258A111 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmiş və o, müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yeirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASCyə 2478.20 AZN əsas, 466.66 AZN faiz, cəmi 2944,86 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən xx.xx.2021ci il tarixli, RGTK4233258A111 nömrəli müqavilə üzrə 2478,20 manat əsas borc, 466.66 manat faiz borcu olmaqla, cəmi 2944,86 manat məbləğində vəsaitin və 49.44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4233258A111 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh gündəlik tələbat məqsədilə 3153,00 AZN məbləğində krediti illik 20% ödəmək şərtilə vermiş və Cavabdeh aldığı krediti, kredit üzrə hesablanacaq faizləri hissə-hissə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh gündəlik tələbat məqsədilə verilən 3153 manat məbləğində krediti almışdır. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 2478.20 AZN əsas, 466.66 AZN faiz, cəmi 2944,86 AZN borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 49.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4233258A111 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 20% ödəmək şərtilə 3153,00 AZN məbləğində kredit vermiş, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri hissə-hissə 24 ay müddətinə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2478.20 manat məbləğində əsas, 466.66 manat məbləğində faiz olmaqla, cəmi 2944,86 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4233258A111 nömrəli müqavilə üzrə 2478.20 manat əsas borc, 466.66 manat faiz borcu olmaqla cəmi 2944,86 manat borc cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 49.44 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4233258A111 nömrəli müqavilə üzrə 2478,20 manat əsas borc, 466,66 manat faiz borcu olmaqla, cəmi 2944,86 (iki min doqquz yüz qırx dörd manat səksən altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 49,44 (qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar