Məhkəmə qərarları › İş №e-2(006)-869/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-869/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-869/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əlı̇ yev İsmət Rüfət oğluna qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əlı̇ yev İsmət Rüfət oğluna qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Əlı̇ yev İsmət Rüfət oğluna qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" 2(006)-5401/2023 saylı mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı cavabdeh Əlı̇ yev İsmət Rüfət oğlundan 715 manat borc məbləği, 71 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun – cəmi 816 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 18 iyun 2020-ci il tarixli WTCN-008721 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 3465 (üç min dörd yüz altmış beşi manat olan iPhone 11 pro max 256 (İMEİ **********90237) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 18 dan gec olmayaraq ödəniş cadvalinə uyğun olaraq aylıq 144 (bir yüz qırx dörd) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-715 (yeddi yüz on beş) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Cavabdeh Əlı̇ yev İsmət Rüfət oğlu "alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ona qarşı yazılmış iddia ərizəsi ilə tanış olmuş və bildirir ki, yazılmış iddia ərizəsi həqiqəti əks ettirməməklə yanaşı təhrif olunmuş yalan məlumatlardan ibarətdir və qəbuledilməzdir. Eyni zamanda, iddiaçı tərəfindən ona qarşı eyni iddia ilə xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırılmış və iş cənab Anar İbadzadənin icraatında olmuşdur. Onun müraciətindən sonra işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçıların məhkəmə prosesində iştirak etməməsi nəticəsində iş baxılmamış saxlanılmışdır. O, həqiqətən də 2020-ci ildə "xxxx" mağazasından telefon almış və ödənişin bir hissəsini kredit şəklində ödəyəcəyini öhdəlik olaraq götürmüşdür. Kredit ödənişinin bitməsinə bir neçə ay qalmış qeyd olunmuş mağazaya zəng edərək bütün borcunu bağlamaq istədiyini bildirmişdi. Həmin dövrdə Azərbaycan Respublikasında pandemiya şəraiti olduğu, mağazaların açıq fəaliyyət göstərmədiyi və heç bir aparat vasitəsilə ödəniş etməyin mümkün olmadığı səbəbi ilə mağazanın Ümid adlı əməkdaşı onunla görüşmüş və geri qalan 714 manat məbləğində pulu ona təqdim etmişdi. Ümid adlı əməkdaş da öz növbəsində mağazaya gedərək qəbzin şəklini çəkib ona göndərmişdi. Pandemiya ortadan qalxdıqdan və mağazalar açıq fəaliyyətə başladıqdan sonra mağazadan ona zəng gəlmişdi. Mağazaya getdikdə məlum oldu ki, "xxxx" MMC- nin Ümid adlı əməkdaşı onun kimi bir neçə müştəridən pul yığaraq sistemə daxil etmədən işdən ayrılmışdır. Bununla bağlı mağazanın maliyyə işlərinə baxan Cəbrayıl adlı əməkdaşına ətraflı izahat yazmışdı və ona göndərilmiş qəbzi təqdim etmişdir. Həmin şəxs artıq onunla heç bir problemin olmadığını bildirmişdi. Həmin dövrdən bu günə qədər mağazadan onunla heç kim əlaqə saxlamamış, əlavə heç bir söhbət olmamışdır. Bu hadisədən 3 il keçdikdən sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən ona göndərilmiş bildirişi aldıqdan dərhal sonra Cəbrayıl adlı əməkdaşa zəng etmişdir. Həmin əməkdaş bir daha ona bildirdi ki, “sənin göndərdiyin qəbzin surəti bizim arxivdə qalıb, səninlə bağlı heç bir problem yoxdur, lazım olarsa biz aidiyəti yerə təqdim edəcəyik.” Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə olunmuş 18 iyun 2020-ci il tarixli WTCN-008721 saylı Nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC dəyəri 3465 manat olan malı Əlı̇ yev İsmət Rüfət oğluna (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, malın dəyərini satıcıya ödəməyini öhdəsinə götürür. Alıcı 2600 manat ilkin ödəniş edərək, qalıq borcu avadanlığın qiymətini 6 ay müddətinə ayda 145 manat olmaqla ödəməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Əlı̇ yev İsmət Rüfət oğlu arasında bağlanmış 18 iyun 2020-ci il tarixli WTCN-008721 girov müqaviləsindən görünür ki, sonuncu İMEİ KODU **********90237 İPHONE 11 PRO MAX 256 markalı mobil telefonu özündə saxlamaq şərtilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə girov qoymuşdur. İş materiallarına əlavə olunmuş 18 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********90237 İPHONE 11 PRO MAX 256 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanan 11 iyul 2023-cü il tarixli, 002 saylı Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Əlı̇ yev İsmət Rüfət oğluna qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 18 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Əlı̇ yev İsmət Rüfət oğlu ilə 18 iyun 2020-ci il tarixində bağlanmış WTCN-008721 saylı müqavilə üzrə əsas borcu 715 manat, 71 manat cərimə olmaqla, cəmi 786 manat borcu var. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Əlı̇ yev İsmət Rüfət oğluna borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ iddiaçıya keçmiş və hazırda iddiaçı cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir. Odur ki, iddiaçı ona güzəşt edilmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 18 iyun 2020-ci il tarixli WTCN-008721 nömrəli müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı və müqavilə üzrə 25 manat məbləğində müəyyən edilməlidir Hazırki işdə cavabdeh Əlı̇ yev İsmət Rüfət oğlu qalan 714 manat məbləğində pulu "xxxx" MMC-yə ödədiyini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda, mübahisəli borcun Əlı̇ yev İsmət Rüfət oğlu tərəfindən "xxxx" MMC-yə ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli , 18 iyun 2020-ci il tarixli WTCN-008721 nömrəli müqavilə üzrə əsas borc 715 manat, 25 manat cərimə olmaqla, cəmi 740 manat məbləğində borc cavabdeh Əlı̇ yev İsmət Rüfət oğlundan İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddianın qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 27 manatı cavabdehdən onun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir Məhkəmə vurğulayır ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 199, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 iyun 2020-ci il tarixli WTCN-008721 nömrəli müqavilə üzrə əsas borc 715 manat, 25 manat cərimə olmaqla, cəmi 740 (yeddi yüz qırx manat) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı cavabdeh Əlı̇ yev İsmət Rüfət oğlundan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar