Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-87/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manatın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın, mütəxəssisə ödənilmiş 300 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 31162 manat pulun və mənəvi ziyanın əvəzində isə 20000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Cavabdeh də, ailə üzvləri ilə qeyd olunan evdə yuxarı mərtəbədə özünə məxsus mənzildə yaşayır. Bir neçə ildir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yaşadığı mənzildə rahat yaşaya bilmir. Belə ki, cavabdehin mənzili iddiaçıya məxsus mənzilin üst tərəfində yerləşir və onun mənzilindən dəfələrlə mənzilə su axıdılmışdır. Nəticədə mənzili yararsız hala düşmüş və dəfələrlə cavabdehin mənzilindən axıdılan suyun təsiri nəticəsində mənzilinə dəyən maddi ziyanı aradan qaldırmaq üçün xeyli vəsait xərcləmişdir. Sonuncu dəfə 28 may 2020-ci il tarixdə cavabdehə məxsus 34 saylı mənzilin otağının tavanından növbəti su axması baş vermişdir. Həmin vaxt Bakı şəhərində olmasa da cavabdeh öz mənzilində olmuşdur. 29 may 2020-ci il tarixdə mənzilə gələrkən mənzilin tamamilə su içərisində olduğunun şahidi olmuşdur. Bu barədə cavabdehə etirazını bildirsə də onun mənzilindən axıdılan su bir neçə gün də mənzilə axmışdır. Çünki, mənzilin tavanı uzun müddət axaraq yığılıb qalmış suyu aşağıya az-az buraxırdı. Sonda məcbur olub tavanda yırtıqlar açıb suyun tamamilə boşalmasına nail olmuşdur. Bu barədə cavabdehə və yaşadığı binanın idarəçilik və mühafizəsi əməkdaşlarına müraciət etmiş və onlar tərəfindən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 34 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində su xəttində baş vermiş qəza nəticəsində su axaraq iddiaçıya məxsus mənzilə dolmuşdur. Göründüyü kimi, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan mənzilə və mənzilin içərisində olan əşyalara xeyli miqdarda maddi ziyan dəymişdir. Mənzilinə dəymiş maddi ziyanın hesablanması üçün mütəxəssis dəvət etmiş və mütəxəssis rəyinə əsasən mənzilə dəymiş ziyanın məbləği (içərisindəki bir sıra əşyalar və digər işlər nəzərə alınmaqla) 28592 manat müəyyən edilmişdir. Subasma nəticəsində məhv olmuş əşyalardan isə iki ədəd nişaya dəymiş maddi ziyanın məbləği 1140 manatdır. Bundan başqa, iddiaçı və ailə üzvləri çox əsəb gərginliyi keçirmişlər. Bu hadisələr çox pis təsir etmişdir və hazırda da psixi iztirab keçirirlər. Çünki, evi təmir etdirmək üçün mənzili tərk etmək məcburiyyətində qalmışlar. Hazırda qohumlarının evində müvəqqəti məskunlaşmışlar. Mənzilinə dəyən maddi ziyanın aradan qaldırılması üçün 31162 manatdan artıq xərc tələb olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi ziyanın məbləğini isə 20000 manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsinə mənzilinə dəymiş maddi ziyan və bunun nəticəsində iddiaçıya və ailə üzvlərinə vurulmuş mənəvi ziyan onun tərəfindən ödənilməlidir. Həmçinin qeyd edilən iddia tələbinin məhkəməyə hazırlanması və hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün vəkil ilə müqavilə bağlanılmış və 600 manat, iddianın məhkəməyə verilməsi üçün 30 manat, dəymiş maddi ziyanın hesablanması üçün ekspert-mütəxəssisə 300 manat pul ödənilmişdir. Bundan başqa isə notariat və digər xərclərə dair 500 manatdan artıq pul ödənilmişdir. Hesab edir ki, qeyd edilən məbləğlər də cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski 16 b saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 34 saylı mənzilin eyvanında elektrik su qızdırıcısına birləşən yumuşaq su borusu xx.xx.2020-ci il tarixdə partlamışdır. Həmin vaxtda mənzildə yaşayış olmamış və gedərkən su xəttinin giriş vintili açıq saxlanılmışdır. Beləliklə də 1 gün ərzində axan su mənzilin eyvanına dolmuş, oradan da mənzilə keçərək 173 nömrəli yaşayış sahəsini tam olaraq əhatə etmişdir. Eyni vaxta 9-cu mərtəbədə yerləşən 30 saylı mənzilin sakinləri rayonda olduğundan mənzilin eyni yaşayış sahəsi bütün istiqamətlərdə su ilə dolmuş, beləliklə 90/95 faiz evin təmiri və bəzi məişət malları (televizor, bir televizor altı, iki döşək, nişa, uşaq otağında divara yığılma paltar şkafı, 3 spot, bir lyustr və s.) yararsız hala düşmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli ƏEM/İ 11-250/20 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanına subasma nəticəsində dəymiş maddi ziyanın məbləği 28592 manat təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli MB-13/728 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B ünvanında yerləşən 30 saylı mənzil dəymiş zərərin xx.xx.2020-ci il tarixə hesablanmış bazar dəyəri 11270 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/986 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 34 saylı mənzilin balkon tikilisində quraşdırılmış su qızdırıcının və boruların təmir olunduğunu nəzərə alaraq, 30 saylı mənzilə su sızmasını texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materialına əlavə edilmiş 29 may 2020-ci il tarixli akta əsasən 30 saylı mənzilə 34 saylı mənzilin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızmış və nəticədə 30 saylı mənzilin tikililərinin yararsız hala düşdüyü müəyyən edilmişdir. Tədqiq olunan mənzildə aparılmış təmir-bərpa işləri səbəbindən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B ünvanında yerləşən 30 saylı mənzilə su sızma nəticəsində nə qədər ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/506 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 25156,0 manat məbləğində müəyyən olunmuşdur. İlkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərq əlavə sənədlərin mülki iş materiallarına əlavə olunması ilə izah olunur. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus mənzilinə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın və ekspert rəylərinin məzmunundan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddiz ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində dəymişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 10/506 saylı ekspert rəyi ilə müəyyən edilmiş 25156,0 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 19393 saylı qəbzdən göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə vəkil Nümayəndə hesabına 600 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 600 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 317193 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi alınması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 300 manat ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin iki ədəd nişaya dəymiş maddi ziyana və notariat və digər xərclərə aid hissələrə münasibətdə hesab edir ki, göstərilən iddia tələblərinin əsasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 26086 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 26086 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-87/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-87/2022
03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver