Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-87/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12.527,83 manat əsas; 1.825,36 manat faiz olmaqla; cəmi 14.353,19 manat borcun və ödənilmiş 133,06 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 12.527,83 manat əsas; 1.825,36 manat faiz olmaqla; cəmi 14.353,19 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Məhkəmə iclasına üzürlü səbəbə görə gələ bilmir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA4001222A102 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 12.527,83 manat əsas; 1.825,36 manat faiz olmaqla; cəmi 14.353,19 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2023-cü il tarixli 9/6814 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, BİKA4001222A102 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu sualda soruşulan tarix üzrə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Əsas borc üzrə – 12.003,15 manat; Faiz üzrə – 1.255,05 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İlk öncə məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəyin “tədqiqat prosesinin təsviri” adlı hissəsindən müəyyən olunur ki, aparılmış tədqiqat nəticəsində borclunun 12.003,15 manat əsas və 1.255,05 manat faiz borcu vardır. Lakin rəyin “nəticə” hissəsində texniki səhvin nəticəsi olaraq faiz borcunun miqdarı düzgün qeyd edilməmiş və yanlışlıqla 1.255,85 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə alıb, borclunun faiz borcunun aparılmış tədqiqata uyğun olaraq 1.255,05 manat təşkil etdiyini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Eyni zamanda, məhkəmə ekspert rəyinə qiymət verərək hesab edir ki, rəydə göstərilən hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 133,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA4001222A102 nömrəli kredit müqaviləsi üzrə 12.003,15 manat əsas borc, 1.255,05 manat faiz olmaqla, cəmi 13.258,20 manat və ödənilmiş dövlət rüsumunun 123 manatı Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyinə əsasən cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli BİKA4001222A102 nömrəli kredit müqaviləsi üzrə banka 12.003,15 manat əsas borc, 1.255,05 manat faiz borcu olmaqla, cəmi 13.258,20 manat borcu mövcuddur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA4001222A102 nömrəli kredit müqaviləsi üzrə 12.003,15 manat əsas borc, 1.255,05 manat faiz borcu olmaqla, cəmi 13.258,20 manat və ödənilmiş dövlət rüsumunun 123 manatı Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-87/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-87/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver