Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-870/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 211,21 manat, faiz borcu üzrə 5,93 manat (5 % dərəcəsi ilə) olmaqla, cəmi 217,14 manat borcun, o cümlədən 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (Nəsimi filialı) ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, BPM**********27 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Texniki overdraft – müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Adıçəkilən müqavilənin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”in 1.11-ci maddəsinə görə texniki overdraft – müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30 % dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46- 120-ci günlər aralığı hesab olunur. 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart şərtlərin kredit/kredit xəttinə aid müddəaları texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən göründüyü kimi xx.xx.2024-cü il tarixində müştərinin kartında vəsait olmadığı halda 17.51 manat, 16.59 manat, 35.94 manat, 23.96 manat, 23.96 manat, 36.87 manat, xx.xx.2024-cü il tarixində 6.36 manat, 22.73 manat, 27.29 manat vəsaitdən istifadə edərək 211.21 manat əsassız olaraq varlanmışdır. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka əsas borc üzrə 211.21 manat, faiz borcu üzrə 5.93 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 217.14 manat borcu mövcuddur. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-38059/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. İddiaçı "xxxx" ASC “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 211,21 manat, faiz borcu üzrə 15.53 manat (5 % dərəcəsi ilə) olmaqla, cəmi 226,74 manat borcun, o cümlədən 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızı ərizə təqdim edərək, iş üzrə məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin təmin edilməsini məhkəmədən xahiş etmiş, Cavabdeh1 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. "xxxx" ASC (Bank) ilə Cavabdeh1 (Müştəri və ya Borcalan) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********27 nömrəli tam kart müqaviləsindən görünür ki, bu müqavilə bank ilə müştəri arasında müştərinin adına bank tərəfindən ABB tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi debet və ya əmək haqqı kartı, arxa tərəfi kredit kartı; bundan sonra – “Tam kart”) buraxılmasına, müştərinin adına bank hesablarının (debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, kredit kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar”), kredit xəttinin (bundan sonra “Kredit” və ya “Kredit xətti”) açılmasına, müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, bank tərəfindən ayrılmış kreditdən 6-cı bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin banka ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Tam kartın müddətinin 5 il, valyutanın AZN, kredit limitinin 15.000 AZN, təyinatın şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri olması, gecikdirmə zamanı cərimə hesablanması qaydası da müqavilədə göstərilmişdir. Borcalan ********** nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməlidir. Borcalanın banka təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borcalan daşıyır.
8. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona texniki overdraft üzrə yaranmış əsas və faiz borcunun 5 (beş) gün ərzində ödənilməsi, əks təqdirdə həmin vəsaitin qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
9. "xxxx" ASC tərəfindən təsdiq edilmiş Cavabdeh1 məxsus (hesab nömrəsi: ********************) hesabdan xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, hesaba 21.743,80 manat mədaxil olunduğu halda, həmin dövrlər üzrə məxaric əməliyyatlarının məbləği -21.955,01 manat olmuşdur.
10. Əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ******************** nömrəli hesab üzrə "xxxx" ASC-yə həmin tarixədək 211.21 manat əsassız varlanmaya səbəb olan məbləğ, 5.93 manat faiz borcu olmaqla, cəmi 217.14 manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumuna və 0,40 manat komissiya haqqına görə borcları vardır.
11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmiş, 0,40 manat isə xidmət haqqı tutulmuşdur.
12. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən təsdiq olunmuş formada təqdim olunmuş kart müqaviləsinin 9.6-cı bəndinə əsasən Cavabdeh1 ******************** nömrəli hesabı üzrə texniki overdraft (mənfi qalıq) yaranması halı müəyyən edilmişdir. Müvafiq müqavilə şərtlərinə əsasən, müştəri texniki overdraft hallarına əvvəlcədən razılıq vermiş, həmçinin bu razılığı hər hansı bir halda ləğv etməyəcəyini birmənalı şəkildə bəyan etmişdir. Nəticə olaraq, kart hesabında texniki overdraftın yaranması hüquqi və müqavilə əsaslıdır və bu hal faktiki olaraq mövcuddur və müəyyən edilmişdir. Bankdan təsdiq olunmuş formada təqdim olunan hesabdan çıxarışa və yenidən hesablamaya əsasən xx.xx.2024-cü il tarixinə ("xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunan arayışa əsasən) Cavabdeh1 kart müqaviləsi üzrə (hesab nömrəsi: ********************) 211,21 manat əsas borcu, 5,79 manat faiz borcu (faiz dərəcəsi 5 %), cəmi 217,14 manat təşkil edir (hesabdan çıxarış və yenidən hesablama barədə cədvəl əlavə olunmuşdur). Qeyd: Hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixində cəmi 154,83 manat (6 əməliyyat), xx.xx.2024-cü il tarixində isə cəmi 56,38 manat (3 əməliyyat) məbləğində vəsaitdən istifadə edərək ümumi 211,21 manat məbləğində overdraft (mənfi qalıq) yaranmışdır.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3273 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulan 1-ci suala cavab olaraq bildirilir ki, Cavabdeh1 "xxxx" ASC-də olan ******************** nömrəli kart hesabı üzrə texniki overdraft (mənfi qalıq) yaranması müəyyən edilir. Bundan başqa iş materiallarında olan hesabdan çıxarış məlumatları (c.i.v 73) və iş materiallarına əlavə olaraq təqdim olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən bildirilir ki, Cavabdeh1 ******************** nömrəli kart hesabı üzrə "xxxx" ASC-yə əsas (overdraft) borcu 211,21 manat və faiz borcu isə 5,79 manat olmaqla, ümumilikdə borc məbləği 217,00 manat məbləğində müəyyən edilir.
14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir.
15. Əsassız varlanmanı əks etdirən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ******************** nömrəli hesab üzrə "xxxx" ASC-yə qeyd olunan tarixədək 211.21 manat əsas, 15.53 manat faiz borcu olmaqla, cəmi 226.74 manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumuna və 0,40 manat komissiya haqqına görə borcları vardır.
16. İş materiallarına kart sifarişi ilə əlaqədar sənədlərin toplusu, hesabdan çıxarışlar və digər sənədlər də əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən, müddəti 5 il, limiti 15.000 manat olan kart iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir.
18. Baş vermiş texniki overdraft nəticəsində xx.xx.2024-cü il tarixdən başlayaraq kartın balansında mənfi qalıq yaranmışdır. Belə ki, cavabdeh özünə məxsus olmayan, yəni bankın vəsaiti olan cəmi 211,21 manat məbləğində puldan istifadə etmiş, lakin həmin məbləği banka qaytarmamışdır. Məsələ ilə əlaqədar xx.xx.2024-cü ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin xəbərdarlığın müsbət nəticəsi olmamışdır.
19. Hazırda iddiaçı cavabdehin onun hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 211,21 manat, gecikdirilmiş vaxt üçün həmin məbləğə 5 %-lə hesablanmış 15,53 manat pul və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir.
20. Məhkəmə araşdırmaları dövründə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis rəyi tələb edilmişdir. İstər mütəxəssis, istərsə də ekspert tərəfindən verilmiş rəylərdə iddia olunan məbləğdə texniki overdraftın yaranması halının baş verməsi öz təsdiqini tapmış, cavabdehə hesablanmış borcun hüquqi və müqavilə əsasının olması qeyd edilmişdir (mütəxəssis rəyində əsas və cərimə borcunun cəmlənməsi zamanı texniki səhvə yol verilməsi müşahidə olunsa da, ümumilikdə rəy mötəbər sübut qismində qiymətləndirilmiş, o cümlədən ekspert rəyinin də mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməmişdir).
21. Beləliklə, məhkəmə araşdırması nəticəsində mütəxəssis və ekspert rəyləri ilə də müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan 211,21 manat vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan həmin məbləğdə pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. c) Məhkəmənin mövqeyi:
22. Deməli, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh1 211,21 manat əsas borc alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
24. İddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, əsassız varlanmaya səbəb olan məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmaması, gecikdirilməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı bu tələbində də haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 15,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 211,21 manat əsas, 15,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 226,74 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
26. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır.
27. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddə. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddə. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (overdraft halının baş verdiyi tarixdə qüvvədə olan redaksiyada). 954.1-ci maddə. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddə. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddə. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı: Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-ci maddə. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddə. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddə. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.1-ci maddə. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddə. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 211,21 manat əsas, 15,53 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 226,74 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
34. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh1 211,21 (iki yüz on bir manat iyirmi bir qəpik) manat əsas, 15,53 (on beş manat əlli üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 226,74 (iki yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova