Məhkəmə qərarları › İş №e-2(006)-882/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-882/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-882/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 2022-ci ilin dekabr ayında ondan 6000 (altı min) manat borc pul istəmişdir. Onun anasının Cavabdeh anası ilə yaxınlığı olduğuna görə ona etibar edərək həmin tarixdə 6000 (altı min) manat pulu borc olaraq cavabdehə vermişdi. Aralarında olan şifahi razılığa əsasən borcun ödənilməsinin son tarixi 2023-cü ilin aprel ayının 1-i nəzərdə tutulmuşdur. Cavabdehlə aralarında olan şifahi razılığa əsasən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin sonuncu günü yəni 2023cü ilin aprel ayının 1-də cavabdehə zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmağına baxmayaraq cavabdeh bugünədək borcunu qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borcun qaytarılmasını tələb etsə də borcunu qaytarmamışdır. Lakin oğlu Nümayəndə Cavabdehla “Whatsapp” mobil proqram vasitəsi ilə yazışmalarında 11 dekabr 2023-cü il tarixdə Cavabdeh oğluna 6000 manat pulu borc olaraq götürdüyünü səs yazısında etiraf etmiş və həmin pulu yaxın zamanlarda ödəyəcəyinə söz vermişdir. Halbuki, cavabdeh bugünə qədər həmin borcundan bir manat da qaytarmamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh borcun etiraf edilməsini təsdiq edən səs yazısı məhkəmə iclasında məhkəməyə bir ədəd diskdə təqdim olunacaqdır. Hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından Cavabdeh ilə aralarında bağlanmış şifahi razılıqdan irəli gələn öhdəlik münasibətləri yaranmış və iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarına “Whatsapp” mobil proqram vasitəsi ilə edilmiş yazışmaların və səsli mesajların olduğu CD-dis və iddia ərizəsinin verilməsi üçün 80 manat məbləğində ödənilmiş dövlət rüsumunu təsdiq edən xx.xx.2024-cü il tarixli ödəniş qəbzi əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İddiaçı cavabdehə 6.000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 6.000 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilibverilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiziki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər. Hazırkı mübahisədə də, iddiaçı pulun cavabdehə nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 6.000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 6.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sübutlar (iş materiallarına əlavə edilmiş yazışmalar və səs yazıları) iddiaçı tərəfindən işə əlavə edilmişdir. Belə ki, iddiaçının oğlu Nümayəndə ilə cavabdehin “Whatsapp” mobil proqram vasitəsi ilə edilmiş yazışmaların və səsli mesajların məzmunu araşdırıldıqda müəyyən edilmişdir ki, cavabdeh 6.000 (altı min) manat məbləğində borc aldığını açıq şəkildə etiraf etmiş, həmin vəsaiti banka olan kredit öhdəliyinin icrası məqsədilə götürdüyünü bildirmiş və borcun geri qaytarılacağını vəd etmişdir. Cavabdeh həmçinin borcun ödənilməsini təmin etmək məqsədilə Nardaran qəsəbəsində yerləşən bağ evini satışa çıxardığını, bu satışın mart-aprel aylarında həyata keçiriləcəyini qeyd etmişdir. Bundan əlavə, digər səs yazısında cavabdeh yaxın zamanda 10.000 (on min) manat məbləğində borc vəsaiti əldə edəcəyini, bu məbləğin 8.000 (səkkiz min) manatını banka olan borcunun ödənilməsinə sərf edəcəyini, qalan 2.000 (iki min) manatını isə iddiaçıya verəcəyini bildirmişdir. O, həmçinin 15.000 (on beş min) manat əldə edə biləcəyi halda, iddiaçıya 5.000 (beş min) manat ödəyəcəyini də ifadə etmişdir. Həmçinin, həmin pul barədə Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində, saat 14:50-də aşağıdakı məzmunda mesaj göndərmişdir: “Salam Emin, xx.xx.2024 - tarixdə məhkəmə iclasında iştirak etməyəcəyəm, məhkəməyə xəbərdarlığım var, pul borcunun qaytarılmasına etiraz etmirəm, heç bir belə fikrim olmayıb və olmayacaq. Nardaranda bağı satıram, bağı sata bilməsəm yaşadığım evim satılacaq və olan borc ödəniləcək. Bağ satış elanı: bina.az - ******* elan nömrəsi”. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, 6.000 manat məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə iddiaçının pula olan mülkiyyət hüququnu faktiki olaraq cavabdehə keçmişdir. 6.000 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 6.000 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 6.000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 6.000 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formaladırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi 6000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehdən verdiyi pulu geri qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi, yəi cavabdehə borc qismində verilmiş 6.000 manat pulun tələb edilməsi tam əsaslıdır. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 80 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə qeyd edir ki, iddia tələbi pul hissəsində təmin edildiyindən, bu hissədə də tələb təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6.000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar