Məhkəmə qərarları › İş №e-2(006)-884/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-884/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-884/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "qorunan əmanət üzrə kompensasiya tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "qorunan əmanət üzrə kompensasiya tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” ASC arasında 3 dəfə müxtəlif tarixlərdə əmanət müqavilələri imzalanmışdır. Həmin əmanət müqavilələri əsasında iddiaçı müvafiq olaraq 2000 manat, 2000 manat və 3900 manat məbləğində pul vəsaitini “xxxx" ASC-yə əmanət şəklində yerləşdirmişdir. Hər üç əmanət müqaviləsi üzrə əmanətlər qorunan əmanətlər olmuşdur. “xxxx” ASC-nin lisenziyası ləğv edildikdən sonra İddiaçı Banka müraciət edərək pul vəsaitlərinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçıya Bankdan bildirilmişdir ki, o, əmanətini “xxxx” ASC-nin Xəzər filialına yerləşdirmiş, həmin filial bağlandığından və filial miqrasiya olunduğundan pulun qaytarılmasında problemlər yaşanır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarı qəbul olunduqdan sonra “xxxx” ASC tərəfindən digər əmanətçilərə pulların qaytarılması üçün tədbirlər görülməyə başladı və əmanətçilər müxtəlif banklardan öz vəsaitlərini ala bildilər. Lakin iddiaçıya bildirildi ki, onunla bank arasında olan əmanət müqavilələri filial miqrasiya olunarkən itirilmişdir. “xxxx” ASC iddiaçıya əmanət hesablarından çıxarışlar təqdim etmişdir. Həmin çıxarışlardan görünür ki, iddiaçının orada 2000 manat, 2000 manat və 3900 manat məbləğində əmanəti vardır və həmin məbləğlərə müvafiq olaraq 234,67 manat, 234,67 manat və 456,30 manat faiz hesablanmışdır. İddiaçı rəsmi qaydada Əmanətlərin Sığortalanması Fonduna (xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir) və “xxxx" ASC-yə (xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir) probleminin həll edilməsi ilə bağlı yazılı müraciət etmişdir. Hər iki müraciətinə bu günə qədər cavab verilməmişdir. Ləğv prosesində olan Bankın cavab verməməsi anlaşılan ola bilər, lakin Əmanətlərin Sığortalanması Fondunun iddiaçının probleminə bu şəkildə vecsiz yanaşması əmanətlərin qorunmasının nə dərəcədə riskli olduğundan xəbər verir və müsbətə doğru görülən işləri kölgə altına salır. Göstərilənlərə əsasən 8825,64 manat məbləğində kompensasiya ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığına bankda 2000 manat, 235,34 manat (faiz), 2000 manat, 235,34 manat (faiz), 3900 manat, 457,60 manat (faiz) məbləğində əmanəti vardır. İşin materiallarında olan ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxx 2019-cu il tarixli əmanət müqavilələrinə əsasən İddiaçı tərəfindən Banka illik 12 faiz dərəcəsi ilə, 12 ay müddətinə 7900 manat məbləğində qorunan əmanət yerləşdirilmişdir. İddiaçı əmanətə görə kompensasiya alınması üçün “xxxx” ASC-nin müvafiq filialına müraciət edərək əmanət müqavilələrini, hesabdan çıxarışları və şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək vəsait əldə edə bilər. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Eyni zamanda, əmanət məbləği və ona hesablanmış faiz məbləğləri iddiaçıya ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 8825,64 (səkkiz min səkkiz yüz iyirmi beş manat, altmış dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8855,64 (səkkiz min səkkiz yüz əlli beş manat, altmış dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 8825,64 (səkkiz min səkkiz yüz iyirmi beş manat, altmış dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8855,64 (səkkiz min səkkiz yüz əlli beş manat, altmış dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar