Məhkəmə qərarları › İş №e-2(006)-91/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-91/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-91/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183 ünvanda yerləşən 4 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. İddiaçının mənzilindən üst mərtəbəsində yaşayan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzilindən dəfələrlə su axması olmuşdur – xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il. Su axması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin təmirinə xeyli məbləğdə ziyan vurulmuşdur. Baş vermiş bu hadisələrlə bağlı iddiaçının atası X4 xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət etmişdir. Ərizə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı X2 adlı bir şəxs izahat verərək, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzilin sahibləri onun valideynləri olduğunu bildirmişdir. Həmin şəxsin bildirdiyinə görə su axıntısı onun valideynlərinin səhlənkarlığı nəticəsində baş verməmiş, binanı inşa edən şirkətin binanın üstündə olan tikinti tullantılarının təmizlənməsi, su axımı noçaların, tutulması nəticəsində baş vermişdir. Bu, əslində belə deyil. İddiaçının mənzilinə su başqa səbəbdən, cavabdehin mənzildə quraşdırdığı qurğuya lazımi xidmət göstərməməsi nəticəsində baş vermiş qəza səbəbindən axıdılmışdır. Belə ki, iddiaçı tərəfindən cəlb olunmuş "xxxx" MMC hər iki mənzilə baxış keçirərək, 91 №-li, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi vermişdir. Rəydə qeyd olunur ki, tədqiq olunan Bakı şəhəri, Nəsimi rayonu, Bakı Səfəroğlu küçəsi, ev 183də yerləşən 4 saylı mənzilə baxış keçirən zaman xx.xx.2019-cu il tarixli texniki pasportunda göstərilən 8 saylı lociyanın 3 və 4 saylı yaşayış otaqlarının tavanlarında boya qatırının şişməsi, sarımtıl su sızma izlərinin olduğu, 4 saylı yaşayış otağının divar kağızının qopması və sarımtıl su sızması izlərinin olduğu müəyyən edildi. Su sızmanın səbəbini müəyyən etmək Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzilə baxış keçirilən zamanı ev sahibinin şifahi ifadələrinə və təqdim olunmuş fotoşəkillərə əsasən lociyada quraşdırılmış kombinin üstü metal boru şlanqla birləşmə hissəsində qəza baş verməsi nəticəsində lociyaya su axıdılmışdır. Baxış zamanı həqiqətən də həmin hissədə üstü melal torlu şlanqın yenisi ilə dəyişdirildiyi müəyyən edilmişdir. Həmçinin, mənzilin yaşayış otağının daxilində quraşdırılmış kondisionerin su axımının yaşayış otağının qarşısında olan açıq eyvandan keçən diametri 50.0 mm olan plastik kanalizasiya xəttinə deşilərək qoşulduğu, açıq eyvanda yerə doşənmiş metlaxın döşəmədə quraşdırılmış trapa doğru mailliyinin olmadığı müəyyən edilmişdir. Bütün bu göstərilən halları nəzərə almaqla müəyyən olunur ki, həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 9 saylı mənzildən su sızaraq bu mənzilin alt mərtəbəsində yerləşən 4 saylı mənzildə aparılmış təmir işlərinə ziyan dəymişdir. Mənzilin daxilində su sızma izlərinin yaranması aşağıdakı səbəbdən baş verə bilər: Kanalizasiya xəttinin tıxaclanmasından; Sudan nəzarətsiz istifadə edilməsindən; Su xətlərində yaranmış hər hansı bir qəzadan; Kanalizasiya xətlərinin karroziyaya uğramasından və s. Rəylə iddiaçıya məxsus mənzilinə su sızması nəticəsində mənzilin təmirində yaranmış qüsurların aradan qaldırılması üçün 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) xərc tələb olunduğu müəyyən olunmuşdur. İddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçının sahibi olduğu mənzilin təmirinə 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) tələb olunmaqla, bu ziyanın müəyyən olunması üçün vəkil xidmətinə görə 500 (beş yüz) manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan xərclər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən İddiaçı sahibliyində olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilinə suyun axıdılması nəticəsində iddiaçıya vurulmuş 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) məbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat, hüquqların bərpası üçün vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, onun sahibliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183 ünvanında yerləşən 4 saylı mənzilinə suyun axıdılması nəticəsində ona vurulmuş 1992,20 (bir min doqquz yüz doxsan iki manat, iyirmi qəpik) mməbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat, hüquqlarının bərpası üzrə vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi, cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, o cümlədən santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən İddiaçı verilən 30 avqust 2023-cü il tarixli, № 136 arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin müəyyən edilməsinə dair 300 (üç yüz) manat xidmət haqqı “X3 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına köçürülmüşdür.

8. “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, № 91 mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su sızması halları baş vermiş və bu su sızması rəyin tədqiqat hissəsində göstərilən amillərdən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183-də yerləşən 4 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün tələb vəsait hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1992,20 manat məbləğində müəyyən edilir.

9. Hüquqi yardımın göstərilməsi haqqında 20 iyul 2023-cü il tarixli, 30/23 nömrəli müqavilədən görünür ki, iddiaçı X1 Vəkil tərəfindən hüquqi yardım göstərilməsi məqsədilə tərəflər arasında müqavilə bağlanmış və bununla bağlı iddiaçı tərəfindən 500 (beş yüz) manat məbləğində pul ödənilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 183, 9 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəorğlu küçəsi, ev 183, mənzil 4 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

12. Nəsimi RPİ-nin 22-ci PŞ tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X4 şikayəti ərizəsi ilə şöbəyə müraciət edərək, yaşadığı mənzilə, yəni ünvan 3 ünvanına üst qonşu tərəfindən su axıdılmasını, mənzilin yararsız vəziyyətə düşməsini, qanuni tədbir görülməsini qeyd etmiş, qarşı tərəf isə ona göstərilən xüsusatların mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 10/5550 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin tikililərinin konstruktiv elementləri (tavan divar) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan tikililərin planlı yerləşmə vəziyyətini, iddiaçının qeyri-yaşayış sahəsinin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə yuxarı mərtəbədə yerləşən 9 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə suyun sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 4 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1914,0 manat məbləğində müəyyən edilir.

14. Ekspertiza xərcinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 183, 4 saylı mənzil İddiaçı, həmin mənzilin üst mərtəbəsində yerləşəm 9 saylı mənzil isə Cavabdeh məxsusdur. Cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir.

16. Hazırda iddiaçı cavabdehin mənzilində quraşdırılan qurğuya lazımi xidmət göstərilməməsi nəticəsində onun mənzilinə su axıdılmasını, buna görə ona 1992.20 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, ziyanın əvəzinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona verilməsini, cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulmasını tələb edir.

17. İş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı xüsusi bilik tələb edən sualların cavablandırılması zəruri olduğundan, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvafiq ekspertizalar təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi alınmışdır.

18. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyində ünvan 4 ünvanında yerləşən mənzilin tikililərinin konstruktiv elementləri (tavan divar) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan tikililərin planlı yerləşmə vəziyyətini, iddiaçının qeyri-yaşayış sahəsinin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə yuxarı mərtəbədə yerləşən 9 saylı mənzildən su axdığı, lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadığı, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə suyun sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi, Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 4 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1914,0 manat məbləğində olması müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Həmin Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

24. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmaları nəticəsində ekspert rəyi əsasında iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması və susızma nəticəsində iddiaçıya 1914 manat məbləğində zərər dəyməsi müəyyən edildiyindən, məhkəmə sözügedən rəyi hazırki iş üzrə sübut növü kimi qəbul edərək hesab edir ki, iddia tələbi “1992.20 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1914 manat məbləğində pul alınaraq İddiaçı verilməli, tələb qalan hissədə təmin edilməməlidir.

26. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

27. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Daha sonra məhkəmə iddia tələbinin “X3 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 (üç yüz) manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənişlə əlaqədar sübut təqdim edilsə də, məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir.

32. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert)-məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir.

33. Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.

34. İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş “X3 və Ekspertiza Mərkəzi” MMCyə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, həmçinin iddiaçı özü müstəqil qaydada özü tərəfindən könüllü qaydada ekspertə (mütəxəssisə) müraciət etdiyindən həmin ödəniş qarşı tərəfdən tələb edilə bilməz.

35. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən vəkilə hüquqi yardım xərci olaraq ümumilikdə 500 manat məbləğində pul ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Hazırda iddia qismən təmin edildiyi üçün məhkəmə Cavabdeh hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 300 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.

38. Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 2210 manat (maddi ziyana görə 1914 manat + vəkil xərci 500 manat (300 manat azaldılnan hissə)) olmuşdur ki, bu halda da ödənilmiş dövlət rüsumunun 44.14 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Daha sonra məhkəmə tələbin “cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması” hissəsinə münasibətdə isə qeyd edir ki, hər bir tərəfin öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıması barədə mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq, cavabdehin mənzilindəki santexniki qurğularında qüsurlar olduğunu və susızmanın səbəbi olmasını iddia edən iddiaçı həmin dəlilləri sübut etmək vəzifəsini daşımışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı həmin dəlillərə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sözügedən dəlillər formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də bu dəlillərin doğruluğu öz təsdiqini tapmamışdır. Belə olan halda, cavabdehin mənzilinin santexniki qurğularında qüsur olması iddiaçı tərəfindən müvafiq qaydada sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin üzərinə iddiaçının mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, santexniki qurğuların dəyişdirilməsi və yararlı vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması” hissəsi təmin edilməməlidir.

42. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1914 (min doqquz yüz on dörd) manat, həmçinin vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manat olmaqla ümumilikdə 2210 (iki min iki yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iş üzrə ödənilmiş dövlət rüsumunun 44.14 (qırx dörd manat, on dörd qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

43. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

44. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir.

45. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1914 (min doqquz yüz on dörd) manat, həmçinin vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manat olmaqla ümumilikdə 2210 (iki min iki yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 44.14 (qırx dörd manat, on dörd qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar