Məhkəmə qərarları › İş №e-2(006)-910/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-910/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-910/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200000 (iki yüz min) manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh özünə məxsus obyektin qalan hissəsini almaq, eləcə də özünün dediyinə görə bir sıra məişət problemlərinin həlli üçün İddiaçı 250000 (iki yüz əlli min) manat borc pul almışdır. Həmin razılaşmaya əsasən cavabdeh aldığı pulu bir il yarım ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı borcun ümumilikdə 50000 (əlli min) manat hissəsini, xx.xx.2021-ci il tarixdə 15000 (on beş min) manat, xx.xx.2022-ci il tarixdə isə 35000 (otuz beş min) manat olmaqla qaytarmışdır. Borcun qaytarılması barədə müddət bitdiyinə baxmayaraq, cavabdeh aldığı borcun 200000 (iki yüz min) manat hissəsini qaytarmamış, razılaşma ilə üzərinə götürdüyü öhdəliyini də icra etməmişdir. Cavabdeh aldığı borcun tam qaytarılmasına dair öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Borcun qaytarılması barədə razılıq olmadığı üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi X2 iddianı qismən qəbul edib bildirdi ki, həqiqətən də, iddiaçı ilə cavabdeh arasında 250000 manat borc pulun alınmasına dair xx.xx.2020-ci il tarixli sadə yazılı formada qəbz imzalanmışdır. Cavabdeh tərəfindən həmin borcun 50000 manat hissəsi ilə yanaşı, 30000 manat hissəsi də, ümumilikdə 80000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Lakin 30000 manatın iddiaçıya geri qaytarılması ilə əlaqədar sübut yoxdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 170000 manatdır. Qeyd edilənlərə əsasən, iddianın qismən təmin edilməsini xahiş etdi və cavabdehin həmin pulu hissə-hissə ödəməyə imkanı olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını, vəkillərin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan sadə yazılı formada tərtib edilmiş, İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı ona məxsus obyektin qalan hissəsini almaq və başqa xərclər üçün 250000 (iki yüz əlli min) manat borc almışdır. Bir il yarım ərzində bu pulu İddiaçı qayaracaq. Pulu nağd almışdır. Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli yazıdan görünür ki, İddiaçı Cavabdeh 15000 manat almış, borc 235000 manat qalmışdır. Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli yazıdan görünür ki, İddiaçı Cavabdeh 35000 manat almış, borc 200000 manat qalmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 490 (dörd yüz doxsan) manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh sadə yazılı formada tərtib edilmiş xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı 250000 manat məbləğində pulu borc almış və həmin borc məbləğini 1 il yarım ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 250.000 manat borc məbləğinin 50.000 manat hissəsini qaytarsa da, qalan 200.000 manat hissəsini qaytarmamışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 200.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddianı qismən qəbul edərək, iddiaçıya həm də 30000 manat ödədiyini bildirərək, ona cəmi 170000 manat məbləğində borclu olduğunu, həmin borcu isə hissə-hissə ödəməyə imkanı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iş materiallarında olan sadə yazılı formada tərtib edilmiş, İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qəbzi mülki qanunvericiliyin normaları baxımından öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan yazılı əqd kimi və cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan sadə yazılı formada tərtib edilmiş və hər ikisi tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qəbzə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə qarşılıqlı razılaşdırdıqları müddətdən, yəni 2022-ci ilin mart ayından xeyli vaxt keçməsinə baxmayaraq, borcunu tam qaytarmamış, bununla da razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi haqlıdır və təmin edilməlidir. Cavabdehin vəkili-nümayəndəsinin məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaçıya olan 200.000 manat borcundan 30.000 manat hissəsini qaytarması və qalıq borcun 170.000 manat təşkil etməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bu dəlili təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 490 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti və 490 (dörd yüz doxsan) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 200.490 (iki yüz min dörd yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti və 490 (dörd yüz doxsan) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 200.490 (iki yüz min dörd yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar