Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-922/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2009-cu il tarixli 587 kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə Cavabdeh1 əvəzindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəmiş olduğu 27233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filalı ilə bağladığı 06 aprel 2009-cu il tarixli 587 №li kredit müqaviləsinə əsasən ona məxsus ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilini 2009-cu ilin may ayında etibarnamə əsasında ona satmış və avtomobilə aid texniki pasportun əsli, 06 fevral 2009-cu il tarixli 587 kredit müqaviləsinə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli ona verilmişdir. Onun tərəfindən 2009-cu ilin may ayından başlayaraq kredit cədvəlinə uyğun aylar üzrə vəsitlər həmin avtomobilə aid bankdakı ******************** nömrəli bank hesabına ödənilmişdir. Qrafik üzrə kredit öhdəliyinin son ödəmə tarixi 2012-ci il aprel ayında nəzərdə tutulsa da, tərəfindən kredit öhdəliyi 2012-ci ilin yanvar ayında, yəni vaxtından əvvəl tam ödənilmişdir. Bundan sonra bank tərəfindən həmin avtomobilin girovdan çıxarılması üçün X5 26 yanvar 2012-ci il tarixli 165 saylı məktub göndərilmişdir. Lakin hansısa səbəbdən avtomobil girovdan çıxarılmamışdır. O, da satıcı ilə aralarında xoş münasibət yaranması səbəbindən avtomobilin öz adına sənədləşdirilməsində maraqlı olmamışdır. Bir müddət əvvəl, yəni 2023-cü ilin aprel ayında həmin avtomobillə yolda hərəkətdə olarkən X6 əməkdaşları tərəfindən onun avtomobili saxlanılmış və avtomobilin banka borcu olduğu səbəbindən cərimə meydançasına yerləşdirilməsi bildirilmişdir. Tərəfindən müəyyən araşdırma aparılıqdan sonra ona məlum oldu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2013-cü il tarixdə Binəqədi rayon məhkəməsində Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 06 aprel 2009-cu il tarixli 587 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 7558.60 (yeddi min beş yüz əlli səkkiz ABŞ dolları 60 sent) ABŞ dolları, faiz borcu üzrə 1908.41(min doqquz yüz səkkiz ABŞ dolları 41 sent) ABŞ dolları, 500 ABŞ dolları məbləğində dəbbə pulu və 29 aprel 2009-cu il tarixli A/702 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.854 (iyimi min səkkiz yüz əlli dörd) ABŞ dolları, faiz borcu üzrə 12479.58 (on iki min dörd yüz yetmiş doqquz ABŞ dolları 58 sent) ABŞ dolları, 700 ABŞ dolları dəbbə pulunun tutulmasını və tutulmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilinə və ** FL *** dövlət qeydiyyat nişanlı “Hyundai Sanata FE” markalı minik avtomobilinə yönəldilməsi tələbinə dair iddiası məhkəmənin 21 oktyabr 2013-cü il tatixli, 2(001)-5918/2013 saylı qətnaməsi ilə təmin edilmişdir. O, həmin qətnamədən maraqlarına toxunan şəxs qismində Binəqədi rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti versə də, Binəqədi rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(001)-5918/2013 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd edir ki, Cavabdeh1 06 aprel 2009-cu il tarixli 587 №li kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 18% (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 20708 (iyirmi min yeddi yüz səkkiz) ABŞ dolları məbləğində kredit götürmüş və kreditin təminatı kimi “Hyundai Sonata” minik avtomobilini (buraxılış ili 2008, ban KMHET41DP9A642961) ipotekaya qoymuş, tərəflərin razılığı ilə ipoteka predmeti 25884 (iyirmi beş min səkkiz yüz səksən dörd) ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bildirir ki, banka ödədiyi ödəniş qəbzlərinin əsilləri ondadır. Apardığı hesablardan məlum oldu ki, o, banka kredit borcu üzrə 26899.40 (iyirmi altı min səkkiz yüz doxsan doqquz ABŞ dollar 40 sent) dolları əvəzinə 27233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dollar ödəmişdir ki, bu da ümumi kreditdin məbləğindən 321 ABŞ dolları artıqdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Binəqədi Rayon Məhkəməsində işə baxılarkən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 əvəzindən 06 fevral 2009-cu il tarixli 587 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödənilmiş vəsaitlər barədə hesabından çıxarışı məhkəmədən gizlətmiş, nəticədə o, qanuni istifadəsində olan avtomobildən məhrum olmuşdur. Ona görə də hesab edir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəmiş olduğu 27233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2009-cu il tarixli 587 №li kredit müqaviləsinə əsasən hesablanmış kredit borcu ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə xx.xx.2012-ci il tarixli, 165 nömrəli məktub ünvanlanmış, Cavabdeh1 kredit müqaviləsinə əsasən verilmiş kredit və ona hesablanmış faizləri tam şəkildə ödədiyindən, girova qoyulmuş ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilinin girovdan azad edilməsi xahiş olumuşdur. Lakin sonradan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5918/2013 snaylı, 21 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə 06 aprel 2009-cu il tarixli 587 saylı «krediti müqaviləsi»nə əsasən ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobili ipoteka ilə yüklü edimişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia tələbində Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 06 iyun 2013-cü il tarixli, 165 nömrəli avtomobil kredit müqaviləsi üzrə ödənilmiş pulun tutulmasını tələb etməkdə haqlı olmamışdır. Bank hesab edir ki, iddiaçının Banka qarşı irəli sürdüyü tələb əsassızdır və hüquqi əsası yoxdur. İlk öncə qeyd edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən əsaslar və hallar mübahisələndirilən kredit müqaviləsi Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlandığından iddiaçı hazırkı iş üzrə iddia tələbini irəli sürməklə bağlı subyektiv hüquqa malik deyildir. Həmçinin bank da hazırkı iş üzrə subyektiv cavabdeh deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 izahatında bildirmişdir ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış S-AVK-784 saylı, 25 sentyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən bankın Cavabdeh1 qarşı olan xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli təminatlı kredit müqavilələri ilə bağlı problemli aktiv üzrə tələb hüququ "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına güzəşt edilmişdir. “Hyundai Sonata” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobili 10.800 manata hərracda satılaraq həmin pul borcdan çıxılmışdır. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. İş materiallarından göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2009-cu il tarixli 587 saylı «krediti müqaviləsi»nə əsasən bank kredit alana 36 ay müddətinə avtomobilin satın alınması məqsədi ilə 20708 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 18 faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh1 20708 ABŞ dolları məbləğindəki kredit borcunu xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödəyib bitirmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 165 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən verilmiş kredit və ona hesablanmış faizləri tam şəkildə ödədiyindən, girova qoyulmuş ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilinin girovdan azad edilməsi xahiş olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, (səhifə 19-26) kredit ödənişi Cavabdeh1 adına Həsənov Zülfəli, Həsənov Əlislam və İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5918/2013 saylı, 21 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə 06 aprel 2009-cu il tarixli 587 saylı «krediti müqaviləsi»nə əsasən əsas borc üzrə 7558.60 ABŞ dolları, faiz borcu üzrə 1908.41 ABŞ dolları, dəbbə pulu üzrə 500 ABŞ dolları, xx.xx.2009-cü il tarixli, A/702 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 20854 ABŞ dolları, faiz borcu 12479,58 ABŞ dolları, dəbbə pulu üzrə 700 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Hyundai Sonata” markalı ** EO *** dövlət qeydiyyat nişanlı və “Hyundai Santa FE” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi və həmin avtomobilərin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitdən ABŞ dolları ilə borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən maraqlı şəxs qismində verilmiş apellyasiya şikayəti Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5918/2013 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdadır. Hazırda iddiaçı iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin heç bir maddəsinə istinad etmədən tərəf olmadığı, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 06 aprel 2009-cu il tarixli, 587 saylı müqaviləsinə əsasən ödənilmiş pulun qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə pulun tələb edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının Bankdan pul tələb etməsi üçün subyektiv hüququ yoxdur. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin mübahisə edilən kredit müqaviləsinin Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlandığını nəzərə alaraq qeyd edir ki, İddiaçı tərəf olmadığı həmin kredit müqaviləsi üzrə pul tələb etməkdə haqlı olmamışdır. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələn zaman, həmçinin iddiaçının məhkəmə iclasında iddia tələbini əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilməməsini də nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2012-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Həmçinin iş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən göründüyü kimi (səhifə 19-26) kredit ödənişi Cavabdeh1 adına Həsənov Zülfəli ,Həsənov Əlislam və İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bununla bağlı qeyd eir ki, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının tələbinin Cavabdeh1 qarşı irəli sürməli olduğundan və həmin müddətdən 2 ildən artıq vaxt keçdiyindən (10 ildən çox) iddiaçı tərəfindən həmin müddət (kəsici müddət) ötürülmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. İş materiallarındanda göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 165 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən verilmiş kredit və ona hesablanmış faizləri tam şəkildə ödədiyindən, girova qoyulmuş ** EO *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilinin girovdan azad edilməsi xahiş olunmuş, lakin həmin avtomobil girovdan çıxarılmamışdır. İddiaçı isə iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 ilə aralarında xoş münasibət yaranma səbəbindən avtomobilin öz adına sənədləşdirilməsində maraqlı olmamışdır. Yəni həmin müddətdən etibarən avtomobili öz adına rəsmiləşdirmək adına hər-hansı hərəkət etməmiş və həmçinin Cavabdeh1 əsassız varlanması ilə bağlı da hər hansı tələbdə olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair" iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair" iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-922/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-922/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver