Məhkəmə qərarları › İş №e-2(006)-926/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-926/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-926/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «qalıq borcun kredit reyestri üzrə siyahıdan çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Royalbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «qalıq borcun kredit reyestri üzrə siyahıdan çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən qalıq borcun kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06 iyul 2010-cu il tarixində 24 ay müddətinə "xxxx" ASC-dən 5500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit götürdükdən bir müddət sonra "xxxx" ASC-nin lisenziyası ləğv olunaraq fəaliyyəti dayandırılmışdır. Ödəniş etmək məsədi ilə dəfələrlə bankı axtarsa da banka ödəniş etmək üçün filialı tapmamışdır. Bu illlər ərzində bir dəfə olsun kredit borcunun olması və ödəniş etməsi barədə məlumatlandırılmamışdır. Kredit almaq tələbi ilə fəaliyyət göstərən banklara müraciət etmiş, oradan bildirmişlər ki, Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borcların siyahısında adına 1246.49 ABŞ dolları məbləğində əsas, 4302.45 ABŞ dolları məbləğində borc göstərilir. Bu günədək bank adına götürülmüş kreditin tələb olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, bank ümümi iddia müddəti olan 10 (on) il iddia müddətini də ötürmüşdür. Azərbycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərmanının təsiri dairəsinə düşmüşdür. Fərmana əsasən ona kompensasiya təyin edilmiş və borcu azaldılmış və faiz və cərimə borcu tam olaraq silinmişdir. "xxxx" ASC Prezident Fərmanından sonra belə ona heç bir məlumat verməmişdir. Bu səbəbdən adına olan xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini Azərbaycan Respublikasının Mərkəzi Bankından, LPO "xxxx" ASC-dən və Azərbaycan Kredit Bürosu” MMC-dən xahiş etmişdir. Oradan ona bildirmişlər ki, həmin məlumatların silinməsi onların imkanı xaricindədir və məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, bankın kredit şöbəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdehin həmin kredit müqaviləsi üzrə ümumi 4374 ABŞ dolları, o cümlədən 1247 ABŞ dolları əsas borc, 3127 ABŞ dolları faiz borcu və 1175 ABŞ dolları cərimə, aktiv borcu mövcuddur. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştiurakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli **********114 saylı arayışdan görünür ki, iddiaçının xx.xx.2010cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu 1247 ABŞ dolları əsas borc, 3127 ABŞ dolları faiz borcu və 1175 ABŞ dolları cərimə olmaqla, cəmi 4374 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2010-cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə borcun Azərbycan Respublikası Pezidentinin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Fərmanına əsasən faiz və cərimə borcunun tam olaraq silinməsinə istinad etməklə kredit reyestri üzrə borclular siyahısından çıxarılmasını tələb edir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2010-cu il tarixli (00)**********01357 nömrəli kredit müqaviləsi üzrə cavabdehə əsas kredit məbləği üzrə 1247 ABŞ dolları, faiz üzrə 3127 ABŞ dolları, cərimə üzrə 1175 ABŞ dolları borcunun olması müəyyən olunmuşdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar