Məhkəmə qərarları › İş №e-2(006)-930/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-930/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-930/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3562.8 manat əsas borcun, ödənilmiş 55.63 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********07 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 4500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.8 kv.m olan mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş qalan 3562.8 manat əsas borcu qalmışdır. Cavabdehlər - Cavabdeh2 və X9 X2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********07 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə sonuncuya bank tərəfindən 36 ay müddətinə illik 20 faiz olmaqla 4500 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X5 müqavilə əsasında götürdüyü 4500 manat pulu 36 ay müddətinə ayda 167.3 manat, sonuncu ay 164.21 manat olmaqla hissə-hissə qaytarılması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə X5 tərəfindən əsas borca görə 937.2 manat ödənilməklə, iddiaçı qarşısında 3562.8 manat ödənilməmiş öhdəliyi qalmışdır. İş materiallarında olan AZ-İİ 160656 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə ev 16, mənzil 96-dan ibarətdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X5 arasında 4500 manat pulun 20 % dərəcəsi ilə 36 ay müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, X5 xx.xx.2021-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsələri kimi Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Cavabdehlərdən yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin onlar müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsələr kimi kreditor qarşısında öhdəliklərini yerinə yetirməmişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə, Cavabdeh1 və Cavabdeh2 kreditor qarşısında öhdəlik götürmüş şəxsin (borclunun) vərəsələri olmaqla həmin şəxsdən miras qalmış əmlaka dair hər biri ½ hissədə irs aldıqlarından kredit borcunun onlardan tutulması barədə tələbi əsaslı və qanuna uyğun hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Bununla yanaşı, iş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə ev 16, mənzil 96-ya olan miras payını Cavabdeh2 bağışlamışdır. Qeyd olunan əqd forma və məzmununa görə etibarlı olmaqla mübahisələndirilməmişdir. Vurğulanmalıdır ki, bu əqd üzrə iradə vərəsələr tərəfindən notarial qaydada miras əmlak qəbul ediləndən sonra ifadə edilmiş və hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Qeyd olunanlardan belə qənaətə qəlinir ki, bağışlayanın miras əmlakın özünə aid olan hissəsini əvəzsiz olaraq özgəninkiləşdirməsi onu miras qoyanın kreditorları qarşısında qəbul edilmiş miras həcmində yaranan öhdəlikdən azad etmir. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X2 ödənilməmiş borcu hər iki cavabdehdən alınması barədə iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 55.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3562.8 manat əsas borc, ödənilmiş 55.63 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3562.8 manat əsas borc, ödənilmiş 55.63 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar