Məhkəmə qərarları › İş №e-2(006)-931/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-931/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-931/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2327.46 manat məbləğində kredit bоrcu, 60.60 manat məbləğində faiz bоrcu və 2138.63 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4526.69 (dörd min beş yüz iyirmi altı manat altmış doqquz) manat məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 65.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2327.46 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 2327.46 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 1093 gün üçün hesablanmış faiz borcu 60.60 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 1093 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2138.63 manat təşkil edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçının iddianı müdafiə etdiyini bildirmişdir. İclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan iclasın keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə hazırlıq iclasında qeyd etdiyi kimi, iddianı qismən, yəni əsas borcu və faiz borcuna münasibətdə qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 061A********** nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1% ödəmək şərti ilə 60 ay müddətinə 2327.46 (iki min üç yüz iyirmi yeddi manat, qırx altı qəpik) manat məbləğində kredit vermiş, Cavabdeh isə krediti və faizi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən və hesabdan çıxarışdan görünür ki, həmin tarixdə 2327.46 (iki min üç yüz iyirmi yeddi manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixinə olan vəziyyətə dair maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 061A********** nömrəli müqavilə üzrə İddiaçı QSC-yə 2327.46 manat məbləğində əsas borc, 60.60 manat məbləğində faiz borcu, 2138.63 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4526.69 manat borcu mövcuddur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, eyni zamanda müqavilənin ləğv edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ********** №-li ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən ərizənin verilməsinə görə 65.27 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə 061A********** nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2327.46 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da qeyd edilən müqavilə üzrə iddiaçıya 2327.46 manat məbləğində əsas borc, 60.60 manat məbləğində faiz borcu, 2138.63 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsinə dair tələblə əlaqədar qanunamüvafiq qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq, öhdəliyin icrası istiqamətində heç bir addım atmamışdır. Borcun mövcudluğu işdə olan 061A********** nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi, həmin müqaviləyə əlavə olan ödəniş planı, maliyyə arayışı və digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi və borcun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, əsas və faiz borcunun ondan tutulmasına etiraz etmir. Məhkəmə iddia tələbinin “İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisələndirilən kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə bağlanmışdır. Deməli, müqavilə hazırda qüvvədədir və bitmə tarixi xx.xx.2024-cü ildir. İddiaçı tərəf cavabdehə xəbərdarlıq ünvanlayaraq, müqavilə üzrə borcun ödənilməsini təklif etmiş, əks halda müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-421.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqavilənin ləğvi barədə tələb təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “əsas və faiz borcu” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin cavabdeh edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə yerinə yetirməmiş, nəticədə iddiaçıya əsas borc və müqaviləyə müvafiq olaraq hesablanmış faiz borcu yaranmışdır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətsizliyi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin iddianı əsas və faiz borcu hissəsində qəbul etməsinə dair etirafında qanunazidd və ya başqa şəxslərin maraqlarına toxunan hal aşkar etmədiyindən, etirafı qəbul edir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin “cərimə borcu” hissəsinə münasibətdə qeyd edir ki, 2138.63 manat məbləğində dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 116 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2327.46 (iki min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat əsas borc, 60.60 (altmış manat altmış qəpik) manat faiz borcu, 116 (yüz on altı) manat cərimə borcu olmaqla, cəmi 2504.06 (iki min beş yüz dörd manat altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 65.27 (altmış beş manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumunun 36 (otuz altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı QSC-yə verilməli, qalan 29.27 (iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat hissəsi İddiaçı QSC-yə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2327.46 (iki min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat əsas borc, 60.60 (altmış manat altmış qəpik) manat faiz borcu, 116 (yüz on altı) manat cərimə borcu olmaqla, cəmi 2504.06 (iki min beş yüz dörd manat altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 65.27 (altmış beş manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun 36 (otuz altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı QSC-yə verilsin, qalan 29.27 (iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat hissəsi İddiaçı QSC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar