Məhkəmə qərarları › İş №e-2(006)-967/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-967/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-967/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 16388,86 manat əsas, 1912,74 manat faiz, 185,63 manat cərimə borcu olmaqla, cəmi 18487,23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 145,87 məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 17623 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06 dekabr 2023-cü il tarixinə "xxxx" KB ASCyə 16388,86 manat əsas, 1912,74 manat faiz, 185,63 manat cərimə borcu olmaqla, cəmi 18487,23 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, kredit götürdüyü zaman işləyirdi. Lakin sonradan işdən ayrılmış, bu səbəbdən ödənişləri ödəmək onun üçün çətin olmuşdur. Hazırda işləyir və aylıq əmək haqqısı təxminən 2000 manat təşkil edir. Kirayədə yaşayır və himayəsində iki azyaşlı uşağı vardır. İzahatının sonunda əsas borcunun olduğunu qəbul edərək, hər ay 200 manat məbləğində ödəniş etmək imkanının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 452nkNAR/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 17623 manat məbləğində kredit verilmişdir. Borcluya ünvanlanmış pretenziya məktubuna əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə 16388,86 manat əsas, 1346,62 manat faiz, 66,27 manat cərimə borcu olmaqla, cəmi 17801,75 manat borcu yaranmışdır. Məktubda borcluya banka olan borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə müqavilə münasibətlərinə son qoyulacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" ASC-yə həmin tarixə 16388,86 manat əsas, 1912,74 manat faiz, 185,63 manat cərimə borcu olmaqla, cəmi 18487,23 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 7959/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 452nkNAR/22 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il tarixə aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə – 16538,71 manat; faiz borcu üzrə – 1205,75 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 452nkNAR/22 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 18% ödənilməsi şərti ilə 17623 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. Cavabdehin banka olan borcunun müəyyən edilməsindən ötrü məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, aparılmış tədqiqat nəticəsində cavabdehin banka olan borcu müəyyən edilmiş, bununla da 27 sentyabr 2023-cü il tarixinə cavabdehin həm əsas, həm də faiz borcunun məbləğləri ayrı-ayrılıqda ekspert rəyində öz əksini tapmışdır. İşdə olan xəbərdarlıq məktubundan aydın olur ki, bank məhkəməyə müraciət etmədən öncə borcluya banka olan borcunu ödəməsini təklif etmiş, əks təqdirdə müqavilə münasibətlərinə son qoyulacağı barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıq məktubunda borclunun əsas borcu 16388,86 manat, faiz borcu 1346,62 manat məbləğində hesablanmışdır. Lakin maliyyə arayışında borc məbləğlərində dəyişiklik edilmiş, borclunun xx.xx.2023-cü il tarixə əsas borcun 16388,86 manat, faiz borcunun 1912,74 manat olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə işdə olan sübutları məcmu halda qiymətləndirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini (16388,86 manat əsas, 1346,62 manat faiz borcu və cərimə) tələb etmişdir. Lakin, iddia ərizəsindən, həmçinin təqdim olunmuş maliyyə arayışından görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamağa davam etmiş və 06 dekabr 2023-cü il tarixə olan məbləğdə, yəni 1912,74 manat miqdarında tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılan kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddiaçının cavabdehə ünvanlanlıdığı, faktiki olaraq müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmiş xx.xx.2023-cü il tarixli iradə ifadəsinə əsasən həmin tarixə müvafiq olaraq hesablanmalıdır. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 145 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 452nkNAR/22 nömrəli kredit müqaviləsi üzrə (xəbərdarlıq məktubuna əsasən) 16388,86 manat əsas borc, (ekspert rəyinə əsasən) 1205,75 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 17644,61 manat borc, ödənilmiş dövlət rüsumunun 139 manatı və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 452nkNAR/22 nömrəli kredit müqaviləsi üzrə 16388,86 manat əsas borc, 1205,75 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 17644,61 manat borc, ödənilmiş dövlət rüsumunun 139 manatı və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar