Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-967/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 191.000 manat pul vəsaiti və ödənilmiş 481 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı 191.000 manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsilə Cavabdeh borc vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixədək borcu tam şəkildə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin kredit müqaviləsi üzrə öhdəliyini pozaraq borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat verilsə də, o, öhdəliyin icrası vaxtından 1 il keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Hər bir halda müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək bildirmişdir ki, artıq bir neçə hazırlıq və baxış iclasları keçirilmiş, lakin cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. İşin məhkəmədə olması barədə məlumatı olmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməkdən imtina edir. Bu səbəbdən, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-134 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 191.000 manat borc almışdır. 18 yanvar 2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, notariusun depozit hesabına (Muğanbank, Azadlıq filialı) 191.000 manat pul vəsaiti qoymuşdur. Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış müqavilənin notariat işi materiallarından müəyyən edilir ki, notarius tərəfindən Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə İddiaçı tərəfindən 191.000 manat məbləğində pulun depozit hesabına qəbul edilməsi barədə müraciət edilmişdir. Borcverən İddiaçı və borcalan Cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən 191.000 manatın depozitə qoyulması barədə razılıqlarını ifadə etmişlər. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 481 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan borc müqaviləsi üzrə İddiaçı borc almış, borc məbləğinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin müqavilə müəyyən edilmiş müddətdə borcun qaytarılmasını icra etməmişdir. Tərəflər arasında 191.000 manat məbləğində pulun borc verilməsi qanunvericiliyin tələblərinə əsasən yazılı şəkildə bağlanaraq notarial qaydada təsdiqlənmişdir.Hazırda iddiaçının tələbi tərəflər arasında bağlanmış əqdə əsaslanan tələb olduğundan əqdin etibarsızlığı ilə bağlı hər hansı dəlil irəli sürülməmiş və məhkəmə tərəfindən buna dair əsaslar müəyyən edilməmişdir.Odur ki, iddiaçının tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməyərək, hər hansı mötəbər sübuta əsaslanan dəlillə təkzib edilmədiyindən iddia təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 191.000 manat pul vəsaiti və ödənilmiş 481 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 191.000 (yüz doxsan bir min) manat pul vəsaiti və ödənilmiş 481 (dörd yüz səksən bir) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-967/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-967/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver