Məhkəmə qərarları › İş №e-2(006)-973/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-973/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-973/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan alınması qərara alınan 10.000 ABŞ dollarının reqres qaydasında dövlət tərəfindən ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)-310/2018 saylı hökmlə ona vurulmuş 10.000 ABŞ dolları məbləğində maddi ziyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(911)-310/2018 saylı hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 310; 178.2.1; 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin cinayət işi üzrə əməlində dələduzluq faktı ilə bağlı ona verilmiş ittihamlardan ikisi Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri olduğuna görə qanunla o, zərərçəkmişə vurulmuş maddi ziyanı ödəməklə, həm də həmin məbləğin bir mislini də dövlət nəfinə keçirməklə cinayət məsuliyyətindən azad edilə bilərdi. Buna görə də, o, barəsində hələ hökm çıxmamış, daha doğrusu, 13 sentyabr 2018-ci ildə X1 zərərçəkmişə ödəmək məqsədi ilə "xxxx" ASC-nin Əhmədli filialına TT**********4937850 saylı qəbzi ilə Xətai rayon Probasiya Şöbəsinin AZ15CTRE******************** saylı depozit hesabına 7.859 manat pul köçürmüşdür. Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə görə həmin məbləğdən əlavə dövlətin hesabına məbləğin bir misli qədər də, yəni daha 7.859 manat pul ödənməli idi. X1 tərəfindən "xxxx" ASC-nin Əhmədli Filialının 26 sentyar 2018-ci il tarixli TT**********8397850 saylı qəbzi ilə Xətai rayon İcra və Probasiya şöbəsinin AZ15CTRE******************** depozit hesabına qəbzlə ikinci dəfə əlavə olaraq 7.850 manat manat pul ödənilmişdir. Cinayətin baş verdiyi zamanda 7.859 manat pul ABŞ dollarına ekvivalent olaraq 10.000 ABŞ dolları təşkil edirdi. Lakin birinci instanisya məhkəməsi işə baxarkən həmin normanı tətbiq etmək əvəzinə qardaşının 13 sentyabr 2018-ci ildə probasiyaya ödədiyi 7.859 manat pulu müsadirə etmiş, onun 26 sentyabr 2018-ci ildə ödəmiş olduğu digər 7.859 manat pulu isə hesabdan çıxararaq geri, qardaşına qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsi özünün xx.xx.2018-ci il tarixli 1(103)-1574/2018 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin həmin hökmünü dəyişməyərək qüvvəsində saxlamışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası verdiyi kassasiya şikayətini araşdırarkən verilmiş kassasiya şikayətini qismən təmin edərək Xərai Rayon Məhkəməsinin hökmü ilə X1na məxsus olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən müsadirə edilmiş 7.859 manat pul da müsadirədən azad edilərək qardaşına qaytarılmışdır. Hazırda o, cəzasını tam olaraq bitirəndən sonra 1(011)-310/2018 saylı cinayət işi üzrə şahid statusunda olmuş X4 Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ondan 10.000 ABŞ dolları tələb etmişdir. Xətai Rayon Məhkəməsinin e-2(011)-4895/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmişdir. Ondan 10.000 ABŞ dolları məbləğində pulun tutularaq X8 verilməsi barədə qanunsuz məhkəmə qətnaməsindən şikayəti olacaq. Amma ona bu qədər ziyanın vurulması bilavasitə işə baxan məhkəmələrin təqsiridir. Məhkəmələr həmin cinayət işi üzrə ödədiyi pul məbləğlərini qanuna uyğun şəkildə iş üzrə zərərçəkmişlərə və dövlətə ödəməli idilər. Bu məbləğlər onun tərəfindən tam olaraq ödənmişdi. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası CM-nin bir sıra maddələrinə edilən 20 oktyabr 2017-ci il tarixli dəyişikliyə əsasən (73-1.2) bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Bu norma xx.xx.2018-ci ildə, yəni Xətai Rayon Məhkəməsi barəsində ittiham hökmü çıxarılan zaman qüvvədə idi. Hətta sonrakı məhkəmə instansiyaları araşdırmaları zamanı da bu norma qüvvəsində idi. Lakin həmin məhkəmələr ona nisbətdə bu normanı nəinki tətbiq etməmiş, hətta onun ziyan kimi ödədiyi bütün pulları geri qaytarmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında deyilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-nin 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət məsuliyyətindən azad etmə institutu hökmün qanuni qüvvəyə minməsindən sonra meydana gələn hallara görə deyil, yalnız əvvəlki məhkəmə instansiyalarında bu məsələ ilə bağlı buraxılmış məhkəmə səhvlərinin düzəldilməsi üçün tətbiq edilə bilər. Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73-1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. Xətai Rayon Məhkəməsinin həmin hökmü ilə isə onun 13 və 26 sentyabr 2018-ci ildə həmin iş üzrə zərərçəkmiş kimi tanınacaq şəxsə ödənilməsi üçün o zamanın məzənnəsi ilə 20.000 ABŞ dolları pul ödəmişdir (7.850 manat + 7.850 manat). Birinci instansiya məhkəməsi isə həmin pulların 50 faizini müsadirə etmiş, 50 faizini isə ona qaytarmışıdr. Məhkəmə bunu onunla əsaslandırmışıdr ki, həmin cinayət işi üzrə zərərçəkmiş olmadığına görə bu pulların yarısını dövlət nəfinə müsadirə edərək digər yarısını ona qaytarmışıdr. Hər bir halda vurulmuş ziyanı iki qat ödəməklə öz üzərindən maddi məsuliyyəti götürmüş hesab edir. Belə olan halda bütün məsuliyyət məhkəmələrin üzərinə düşür. Hələ üstəlik olaraq həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmamış bir şəxsin 10 ildən sonra ona qarşı 10.000 ABŞ dollarlıq iddia verməsi və həmin iddianın təmin edilməsi qanunsuzdur. Cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı tanınmayan şəxsin iddia verməsi qanunsuzdur. Xətai Rayon Məhkəməsi həmin hökmü hazırda mübahisələndirilə bilinməsə də, onun zərər çəkmişə ödədiyi ziyan pulunu zərərçəkmişə verməkdənsə onları özünə qaytarmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin elektron kabinet vasitəsilə təqdim edilmiş iddiaya etirazında göstərilmişdir ki, İddiaçı maddi ziyana görə 10.000 ABŞ dolları kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçının Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsi və zərərçəkmiş şəxs X8 məhkəmə qərarı ilə ödədiyi 10.000 ABŞ dollarının dövlət büdcəsindən alınaraq ona qaytarılması tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı Xətai Rayon Məhkəməsinin 2018-ci il 15 oktyabr tarixli 1(011)-310/2018 saylı hökmü ilə azadlıqdan məhrum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. Daha sonra, X11 zərərçəkmiş şəxs kimi cavabdeh İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə iddiası təmin edilərək maddi zərərə görə 10.000 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi qərara alınmışdır. Yəni, iddia ərizəsindən də göründüyü kimi, bu prosesdə Maliyyə Nazirliyi iştirak etməmiş və Nazirlik tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə maddi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Belə olan halda iddiaçı tərəfindən Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi əsassızdır. Bundan başqa qeyd edir ki, qanunvericiliyə əsasən vurulmuş ziyanın ödənilməsi hüququ şəxs barəsində bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə yaranır və vurulmuş ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər,müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı və s) konkret növləri də göstərilir. Lakin iddia ərizəsindən də aydın olur ki, iddiaçı məhkəmə qərarı ilə ona təyin olunmuş cəzanı tam çəkmişdir, yəni barəsində ittiham olunduğu maddə üzrə məhkəmənin bəraət hökmü yoxdur. Ümumiyyətlə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi tələb edilərkən tələblər və xərclər əsaslandırılmalı və hər birinə görə sübutlar təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddiaçı hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulmasına dair hər hansı təsdiqedici sənəd təqdim etmədən ümumi ifadələrlə kifayətlənərək maddi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Buna görə də, iddia tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia tələbi tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən və ən əsası da iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(911)-310/2018 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4 ,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2018-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı ekspertiza tədqiqatının dəyəri 122 (yüz iyirmi iki) manatın tutularaq Dövlət Büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD” disk və xx.xx.2016-cı il tarixdə X3 adından yazılmış ərizənin cinayət işinin materiallarında saxlanılması, İddiaçı X1 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə Xətai rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına (AZ15CTRE ********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsi, İddiaçı X1 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 26 sentyabr 2018-ci il tarixli TT**********8397850 saylı qəbzi ilə Xətai rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına (AZ15CTRE********************) əlavə olaraq ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun hökm qanuni qüvvəsini aldıqdan sonra X2 geri qaytarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(103)- 1574/2018 saylı qərarından görünür ki, məhkum olunmuş İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavənin təmin edilməməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin İddiaçı barəsində olan 15 oktyabr 2018-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin qismən təmin edilməsi, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(103)-1574/2018 saylı qərarının dəyişdirilməsi, məhkum İddiaçı X1 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə Xətai rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına (AZ15CTRE ********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-4895/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, 10.000 ABŞ dollarının ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 141 manat dövlət rüsumunun cavabdeh İddiaçı X6 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 1389/2025 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-4895/2024 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://e-qanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi : Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan alınması qərara alınan 10.000 dollar pulun reqres qaydasında dövlət ödəməlidir, 15 oktyabr 2018-ci il 1(011)-310/2018 saylı hökmü ilə ona vurulmuş 10.000 ABŞ dolları cavabdehdən alınaraq ona ödənilsin. İddiaçının dəlilləri: Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il 1(011)-310/2018 saylı hökmü ilə 7859 manat məbləğində pulun müsadirə edilməsinə dair müddəaların Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarı ilə məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılmasından, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan X6 xeyrinə 10000 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respubikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) pulun tutulmasının qət edilməsindən ibarətdir. İddiaçı iddia edir ki, qardaşı tərəfindən vurulmuş zərərin ödənilməsi məqsədilə təqdim edilmiş 7859 manat məbləğində pul məhkəmə hökmü ilə zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsinə yönəldilməmiş, son instansiya məhkəmə qərarına əsasən pulun müsadirəsi ləğv edilərək pul onun qardaşına qaytarılmışdır.Hazırda Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan tutulması qət edilən 10.000 ABŞ dolları məbləğində pul əslində 2018-ci il tarixdə məhkəmə hökmü ilə müsadirə edilmiş 7859 manatdır ki, hazırda ondan 10.000 ABŞ dolları məbləğində pulun tutulması əsassızdır. Hesab edir ki, məhkəmə hökmü ilə zərərin ödənilməsinə görə depozitə yerləşdirilmiş məbləğ əsassız olaraq müsadirə edildiyindən və zərərin ödənilməsinə yönəldilmədiyindən hazırda ondan məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş məbləğ cavabdeh Maliyyə Nazirliyi tərəfindən tutularaq ona ödənilməlidir. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya instansiyasının məhkəmə aktından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətini qismən təmin etmiş, müsadirə edilmiş 7.859 manat pul vəsaitinə hüquqi qiymət verilmişdir. Həmin məbləğin zərərin ödənilməsinə yönəldilməsinə əsaslar olmamışdır. Sonradan isə iddia tələbi irəli sürülməklə zərərçəkmiş şəxsin mülki məhkəmə icraatı qaydasında pulun tutulmasını tələb etməsi isə qanunla məhdudlaşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1389/2025 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)- 4895/2024 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının tələbinin faktiki əsası heç bir maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, “Kim kimdən nəyi və hansı əsasla tələb edir?” düsturunu hazırki iddia tələbinə tətbiq etdikdə aydın olur ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının iddiaçıya ziyan vurulması ilə nəticələnən qanunsuz hərəkətləri müəyyən edilmədiyindən, hazırda iddiaçının ondan məhkəmə qətnaməsi əsasında tutulması qət edilmiş məbləğin cavabdeh qismində Maliyyə Nazirliyi göstərilmiş dövlət büdcəsi hesabına ona ödənilməsinə dair tələb əsassız hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar