Məhkəmə qərarları › İş №e-2(006)-976/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-976/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-976/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 03 dekabr 2014- cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 11.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 290007954/ZM saylı 03 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li 03 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 yanvar 2017-ci il tarixdə 209-15/01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı əsas borcu 6.082,62 (altı min səksən iki ABŞ dolları 62 sent) ABŞ dolları, 1.469,31 (bir min dörd yüz altmış doqquz ABŞ dolları 31 sent) ABŞ dolları faiz borcu, cərimə borcu 630,06 (altı yüz otuz ABŞ dolları 06 sent) ABŞ dolları olmaqla cəmi 6.082,62 (altı min səksən iki ABŞ dolları 62 sent) ABŞ dolları və 2.099,37 (iki min doxsan doqquz ABŞ dolları 37 sent) ABŞ dolları faiz borcu cəmi 8.181,99 (səkkiz min bir yüz səksən bir ABŞ dolları 99 sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 (bir) USD = 1.40 AZN) 11.454,78 (on bir min dörd yüz əlli dörd Manat 78 qəpik) Manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 24 yanvar 2022-ci il tarixədək uzadılır. Kreditin üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 27 (iyirmi yeddi) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-C-41-3010/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 24.708,67 (iyirmi dörd min yeddi yüz səkkiz Manat 67 qəpik) Manat təşkil edir. Bundan 7.443,24 (yeddi min dörd yüz qırx üç Manat 24 qəpik) Manat əsas, 9442,04 (doqquz min dörd yüz qırx iki Manat 04 qəpik) Manat faiz, 6.810,90 (altı min səkkiz yüz on Manat 90 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.012,49 (bir min on iki Manat 49 qəpik) Manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 24.708,67 (iyirmi dörd min yeddi yüz səkkiz manat 67 qəpik) manat - bundan 7.443,24 (yeddi min dörd yüz qırx üç manat 24 qəpik) manat əsas, 9442,04 (doqquz min dörd yüz qırx iki manat 04 qəpik) manat faiz, 6.810,90 (altı min səkkiz yüz on manat 90 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.012,49 (bir min on iki Manat 49 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 164,13 (bir yüz altmış dörd manat 13 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun iddiaçı LPO İddiaçı ASC-yə heç bir borcu qalmamışdır. O həmin bankdan əvvəl də kredit məbləği götürmüş, lakin heç bir zaman gecikməsi olmamışdır. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu müqaviləyə əsasən Bank tərəfindən borcalana şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 11.500 USD məbləğində kredit verilmişdir. 8.Mülki işin materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 290007954/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. 9.Mülki işin materiallarında olan ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixli, 209-15/01 nömrəli Əlavə Sazişlərdən görünür ki, kreditin müddəti bu Əlavə saziş imzalandığı tarixdən 24 yanvar 2022-ci il tarixədək uzadılır. 10.Mülki işin materiallarında olan 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 yanvar 2017-ci il tarixli, 29007954 saylı kredit müqaviləsi üzrə 03 oktyabr 2024-cü il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 7443,24 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 9442 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 6810,90 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1012,49 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 24708,67 manat. 11.Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 (borc alan) və Cavabdeh1 (zamin) ünvanlanan 09 oktyabr 2024cü il tarixli bildirişdən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 24706.61 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişlər. 12.Mülki işin materiallarında olan hesabdan çıxarış məlumatları. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/276 saylı, xx.xx.2025-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 24 yanvar 2017-ci il tarixli, 209-15/01 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7496.91 manat, faiz borcu üzrə 8714.72 manat, xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 7496.91 manat, faiz borcu üzrə 8714.72 manat, faiz borcu 5% ilə 1008.96 manat. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 yanvar 2017-ci il tarixli, 209-15/01 nömrəli Əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 11.500 USD məbləğində kredit verilmiş, həmin tarixdə Bankla digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, daha sonra xx.xx.2017-ci il tarixli, 209-15/01 nömrəli Əlavə Sazişə əsasən kreditin müddəti bu Əlavə saziş imzalandığı tarixdən 24 yanvar 2022-ci il tarixədək uzadılmışdır. 15.Hazırda iddiaçı Bank məhkəməyə müraciət edərək, cavabdehlərdən 7.443,24 manat əsas, 9442,04 manat faiz, 6.810,90 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.012,49 manat faiz borcu və iş üzrə ödənilmiş 164,13 manat dövlət rüsumunun tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlərgöstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 17.Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdehlər tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. 18.İddiaçı tərəf bildiriş göndərərək cavabdehlərdən müqavilələr üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehlərə təqdim edildiyi tarixdən cavabdehlər tərəfindən hər hansı bir cavab verilməmişdir. 19.Göründüyü kimi cavabdehlər müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Bununla da sazişlərin şərtlərini pozmuşlar. 20.Odur ki, qeyd edilənlərə əsasən iddiaçı tərəf hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 21.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borc üzrə 7443,24 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. 22.Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixə kredit müqaviləsi üzrə 7496,91 manat təşkil edir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 24.Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin müqavilələr üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. 25.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. 26.Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun 8714,72 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. 27.Belə ki, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. 28.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 29.Digər tərəfdən, məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 32.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 33.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdehlərdən bankın xeyrinə 8714,72 manat faiz borcu tutulmalıdır. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. 35.Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 36.Məhkəmə iddia tələbinin müqavilə üzrə yaranmış 6810,90 manat məbləğində cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, 700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. 37.Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 1008,96 manat məbləğində müəyyən edildiyindən ekspert rəyi sübut növü kimi qəbul edilməli və iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. 38.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. 39.Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. 40.Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. 41.Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. 42.Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. 43.İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 44.Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. 45.Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 1008,96 manat borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyinə əsasən əsas borca münasibətdə). 46.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Odur ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbin təmin edilən hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 161.96 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. 48.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7443,24 manat məbləğində əsas borc, 8714,72 manat məbləğində faiz borcu, 700 manat məbləğində cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1008,96 manat faiz borcu olmaqla ümumilikdə 17866,92 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 161,96 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 49.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 50.Hazırki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 51.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 52.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 53.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7443,24 (yeddi min dörd yüz qırx üç manat, iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 8714,72 (səkkiz min yeddi yüz on dörd manat, yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 700 (yeddi yüz) manat məbləğində cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1008,96 (min səkkiz manat, doxsan altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17866,92 (on yeddi min səkkiz yüz altmış altı manat, doxsan iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 161,96 (yüz altmış bir manat, doxsan altı qəpik) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar