Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-984/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 16846.93 ABŞ dolları – bundan 7781.52 ABŞ dolları əsas borc, 4521.59 ABŞ dolları faiz, 3478.94 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1064.88 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 175.92 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutulması, tutmanın ipoteka predmeti “Toyota Camry” markalı, Tip:sedan, BAN nömrəsi 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait X4 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə 7781,52 manat məbləğində əsas, 4521,59 manat məbləğində faiz, 3478,94 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1064,88 manat borc olmaqla, cəmi 16846,93 manat məbləğində borcun, iş üzrə ödənilmiş 175,92 manat dövlət rüsumunun tutulmasını, tutmanın ipoteka predmeti olan “Toyota Camry” markalı, Tip:sedan, BAN nömrəsi, 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərrac yolu ilə satılmasını, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsini və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli 041AM nömrəli kredit müqaviləsinə əsasən “Toyota Camry” markalı (Tip:sedan, Buraxılış ili2008, Ban- 6TİBE43K28X503127) avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6489.50 (altı min dörd yüz səksən doqquz dollar, 50 sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 10058.73 AZN təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Toyota Camry” minik markalı (Tip:sedan, 10VD036 qeydiyyat nişanlı, Buraxılış ili-2008, Ban- 6TİBE43K28X503127) avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2013-cü il tarixli, İP1-041AM saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Toyota Camry” markalı (Tip:sedan, Buraxılış ili-2008, Ban- 6TİBE43K28X503127) avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********821 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 07 oktyabr 2022-ci il tarixə kredit üzrə borcu cəmi 16846.93 (on altı min səkkiz yüz qırx altı manat, 93 qəpik) AZN təşkil edir. Bundan 7781.52 (yeddi min yeddi yüz səksən bir manat, 52 qəpik) AZN əsas borc, 4521.59 (dörd min beş yüz iyirmi bir manat, 59 qəpik) AZN faiz, 3478.94 (üç min dörd yüz yetmiş səkkiz manat, 94 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1064.88 (min altmış dörd manat, 88 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kerdit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını Mülki Prosessual qanunverciliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, 041 AM №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25% olmaqla, 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, İP1-041 AM №-li ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh ona məxsus olan “Toyota Camry” markalı, (Tip:sedan, Buraxılış ili-2008, Ban-6TİBE43K28X503127) avtomobili ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə 002 №-li Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 6489.50 USD təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 10058.73 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və kredit üzrə borcalan tərəfindən illik 18%-dək ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AB № 581421 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobil X2 məxsusdur. İş materiallarında olan AA № 106410 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobil LPO "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ASC-yə 7781,52 manat məbləğində əsas borcu, 4521,59 manat məbləğində faiz borcu, 3478,94 manat məbləğində cərimə borcu, 1064,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi manat məbləğində borcu vardır. İş materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanladığı 27 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən (№**********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 175,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, LPO «Dəmir Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona xx.xx.2013-cü il tarixində 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 7000 AZN məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə bank arasında ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka ümumilikdə 16846.93 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayış ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2017-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 7781,52 AZN, faiz borcu 4521,59 AZN təşkil edir. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməli, cavabdehdən əsas borc üzrə 7781,52 AZN, faiz borcu üzrə 4521,59 AZN məbləğində pul tutulmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 1064,88 AZN məbləğində borcun tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 AZN məbləğində pul tutulmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək kredit müqaviləsi üzrə cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 175.92 AZN (yüz yetmiş beş manat doxsan iki qəpik) məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə, yəni “...ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz, belə ki, məhkəmə hesab edir ki, əgər hazırki tələblə bağlı ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda Bank tərəfindən bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə 7781,52 AZN əsas kredit borcu, 4521,59 AZN faiz borcu, 300 AZN cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 AZN faiz borcu olmaqla, ümumilikdə 13667,99 AZN borc və 175,92 AZN məbləğində dövlət rüsumu tutulmalı, tələb Cavabdeh məxsus olan “Toyota Camry” markalı, Tip:sedan, BAN nömrəsi, 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilinə yönəldilməli və həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə 7781,52 AZN əsas kredit borcu, 4521,59 AZN faiz borcu, 300 AZN cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən hesablanan 1064,88 AZN faiz borcu olmaqla, ümumilikdə 13667,99 AZN borc və 175,92 AZN məbləğində dövlət rüsumu tutulsun. Tutma ipoteka predmeti olan “Toyota Camry” minik markalı, Tip:sedan, BAN nömrəsi 6TİBE43K28X503127, gümüşü metal rəngli, buraxılış ili 2008-ci il olan avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-984/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-984/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver