Məhkəmə qərarları › İş №e-2(006)-988/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-988/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-988/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 99 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 229 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 15 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 30/15063 saylı xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC-nin arayışına əsasən həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə analoq yayımı ilə xx.xx.2010-cu il tarixindən başlanılmış, həmin mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMCnin arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0418 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0418 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2013-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 330 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 99 manat 00 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bugünədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-nin ona qarşı qaldırdığı iddia tələbini qəbul edir. İddiaçı tərəfindən yaşadığı ünvanda 2014-cü ildə qanunsuz qoşulma barədə akt tərtib olunmuşdur. Artıq bu aktın tərtibindən 9 il keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən də iddia rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 497№-li Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 15 saylı Mənzil Kommunal İstismar sahəsinin arayışından görünür ki, Cavabdeh həqiqətən Dilarə Əliyeva küçəsi, ev 225, mənzil 55 ünvanında yaşayır. Mülki işin materiallarında olan İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 0418 №-li aktından görünür ki, X1 (Ədalət–A), X2 (“K@TV1”) və Məmmədov Sabirin (RİTN-nin mütəxəssisi) iştirakları ilə bu aktı tərtib edirlər ondan ötrü ki, həqiqətən 16 aprel 2014-cü ildə Nəsimi r., D.Əliyeva 225 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 55 saylı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən açan olmamışdır. Buna görə də aktın surətini mənzilin qapısına qoymuşlar. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2007-ci il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva 225 saylı evin, 55 nömrəli mənzilinin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 0418№-li akt tərtib olunana qədər ünvan 4 ünvanında yerləşən yaşayış binasındakı 55№-li mənzilə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin təqdim edilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC cavabdehin kabel şəbəkəsindən ayrıldığı xx.xx.2013-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan 330 gün müddətinə görə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya 99 manat 00 qəpik zərər vurulduğunu iddia edir və iddiasını təqdim edilmiş müvafiq akt və cavabdehin qeyd olunan ünvanda yaşaması barədə arayış ilə əsaslandırmağa çalışır. Lakin, məhkəmə hesab edir ki, qeyd olunan akt hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla qüsurlu tərtib edilmişdir. Həmin aktların doğruluğu yalnız maraqlı şəxslərin, yəni İddiaçı MMC (“KATV1”), "xxxx" MMC-nin və RYTN-nin nümayəndələri tərəfindən təsdiq edilmiş, lakin aktın tərtib edilməsində maraqlarına toxunulan cavabdeh və ya bitərəf şəxs (hal şahidi) iştirak etməmişdir. İddiaçının istinad etdiyi aktın tərtibində Rabitə Nazirliyinin nümayəndəsinin iştirak etdiyi qeyd olunsa da, həmin nümayəndənin hansı səbəblə təmsil etdiyi qurumun səlahiyyətində olan tədbiri görərək müvafiq inzibati protokol tərtib etmədiyi izah olunmamışdır. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”a görə (həmin qərar müvafiq akt tərtib edildiyi zaman qüvvədə olmuşdur), həmin nazirliyin əməkdaşı təsbit edilmiş müvafiq pozuntu barədə kommersiya hüquqi şəxslərinin əməkdaşları ilə birlikdə akt tərtib etmək əvəzinə, həmin inzibati xətanın müvafiq qaydada protokollaşdırılmasını təmin etməli idi. Məhkəmə həmçinin, cavabdehin ərizəsinə münasibətdə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Eyni Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Belə olan halda, iddiaçının vurulmuş zərərin cavabdehdən tutulmasına dair tələbi əsassız olduğundan, iddia tələbinin digər hissələri (hüquqi yardım xərclərinin tutulması və s.) isə bu tələblə birbaşa əlaqəli olduğundan, iddia digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar