Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-991/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 90 manat 30 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank) xidməti haqqı olmaqla, cəmi 220 manat 70 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və Radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasından TR № 057 saylı və TR № 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il, 04 yanvar 2018-ci il və 01 iyun 2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 14 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi qeydiyyat vəsiqəsi əsasında cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2010-cu il tarixdə həmin ünvanda yaşayan Anar Balamiyev ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 29 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə «Ədalət-A» hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2296 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2015-ci il tarixdə keçirilən baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 3756 N saylı akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəkəbəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2014-cü il tarixdən sonuncu qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2015-ci il tarixə qədər olan müddət 301 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 90 manat 30 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli 2296 N saylı aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda «KATV1» kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli 3756 N saylı aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda «KATV1» kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ünvan 1 ünvanda KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2014-cü il tarixədək isə son ödəməsini edib. xx.xx.2014-cü il tarixdə 29 manat 40 qəpik borc ilə şəbəkədən ayrılıb. Bakı şəhəri 14 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 110 saylı evin 102 saylı mənzili Cavabdeh məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hazırkı iddiası ilə bağlı "xxxx" MMC-yə 100 manat məbləğində pul ödəmişdir. Mülki işin faktiki hallarından göründüyü kimi, iddiaçı, "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli 2296 N saylı və xx.xx.2015-ci il tarixli 3756 N saylı aktlara əsaslanaraq cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olduğunu bildirmiş və bu əsasla da vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Halbuki, tərtib edilmiş həmin aktlar hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla qüsurludur. Sözügedən aktların doğruluğu yalnız maraqlı şəxslərin ("xxxx" hüquq firması ilə İddiaçı MMC-nin) nümayəndələri tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı iş üzrə maraqlı olmayan hal şahidləri, həmçinin mənzil sahibi iştirak etməmişlər. Bununla yanaşı, pozuntunun aşkar edildiyi və aktın tərtib edildiyi tarix xx.xx.2015-ci ilə təsadüf etsə də, iddiaçı tərəfindən pozuntunun törədilməsinin xx.xx.2014cü il tarixdən başlanıldığı ehtimal edilmiş, bu faktı təsdiq edən heç bir mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarında həmin müddət ərzində cavabdehin məhz ünvan 1 ünvanda yaşadığını təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddiaçının vurulmuş zərərin cavabdehdən tutulmasına dair tələbi əsassız olduğundan, iddia tələblərinin digər hissəsi (hüquqi yardım xərclərinin tutulması) isə bu tələblə birbaşa əlaqəli olduğundan, iddia digər hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-991/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-991/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver