Məhkəmə qərarları › İş №e-2(006)-998/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-998/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-998/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1859 (bir min səkkiz yüz əlli doqquz) manat sığorta ödənişinin və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 10 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış “Nissan Altima” markalı 99AE977 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 23 avqust 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan mopedlə toqquşaraq zədələnmişdir. Nəsimi DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 1859 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh 1859 manat sığorta ödənişinin və ödənilmiş 39 manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, "xxxx" ASC-də sığorta olunan "xxxx" MMC-yə məxsus “Nissan Altima” markalı avtomobilin dövlət qeydiyyat nişanı sığorta müddəti dövründə 99AE977dən 77PL610-a dəyişdirildiyini bildirmiş, lakin iddia ərizəsində həmin avtomobilin əvvəlki 99AE977 dövlət qeydiyyat nişanının qeyd edildiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh hazırlıq iclasında qeyd etdiklərini təsdiqləyərək avtoqəzanın onun səhvinə görə baş verməsini, iddianı qəbul etdiyini və imkanı olmadığından dəymiş ziyanı hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, 99AE977 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Altima” markalı, 1N4AB4A99LC265187 ban nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mülki işin materiallarında olan Mİ0962/21 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı “Günay Sığorta“ ASC tərəfindən sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan “Nissan Altima” markalı 99AE977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-dək sığortalanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, 77PL610 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Altima” markalı, 1N4AB4A99LC265187 ban nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMCyə məxsus “Nissan Altima” minik markalı, **-PL-*** dövlət nömrə nişanlı, 1N4AB4A99LC265187 ban nömrəli avtomobili idarə etmək hüququ X1 (sürücülük vəsiqəsi: AF021324, kateqoriya B, xx.xx.2018-xx.xx.2028) verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Mülki işin materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 12:30-da Ü.Hacıbəyli küçəsi 57 ünvanında velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 338.4.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, Cavabdeh barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Altima” markalı dövlət qeydiyyat nişanı 77PL610 olan avtomaşın üçün cəmi təmir xərci 2500 AZN müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Nissan Altima” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə moped toqquşmuş və hadisədə təqsiri olan şəxs mopedin sürücüsü Cavabdeh olmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli MİG-0112/22 saylı sığorta ödənişi ilə bağlı aktdan (sığorta şəhadətnaməsi №: Mİ0962/21) görünür ki, “Nissan Altima” markalı 99AE977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı hesablanmış sığorta ödənişinin məbləği 1859 (bir min səkkiz yüz əlli doqquz) manatdır və köçürmə yolu ilə "xxxx" MMCyə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “MİG-0112/22 sığorta aktına əsasən zərər ödənişi” təyinatı ilə "xxxx" MMC-nin hesabına 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 38.60 (otuz səkkiz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmiş, 0.40 manat məbləğində xidmət haqqı tutulmuşdur. İlk öncə qeyd edilməlidir ki, məhkəmə tərəfindən müəyyən edilir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli 99AE977 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilən BAN nömrəsi ilə xx.xx.2022-ci il qeydiyyat tarixli 77PL610 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan BAN nömrəsi eynidir (1N4AB4A99LC265187). Deməli, 1N4AB4A99LC265187 BAN nömrəli “Nissan Altima” minik markalı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı sığorta müddəti ərzində 99AE977-dən 77PL610-a dəyişdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan “moped” tipli nəqliyyat vasitəsilə iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi” növü üzrə xx.xx.2021-ci il tarix, saat 00:00-dan xx.xx.2024-cü il tarix saat 23:59-dək sığortalanmış “Nissan Altima” markalı 99AE977 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində toqquşmuşdur. Həmin yolnəqliyyat hadisəsində cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına ödənilmişdir. Zərərçəkən şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi” növü üzrə sığortalandığından, iddiaçı "xxxx" ASC ödənilmiş 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş materialları əsasında iş üzrə müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən tam sığorta növü üzrə sığortalanmış avtomobilə zərər vurmuş, iddiaçı həmin zərəri avtomobilin mülkiyyətçisinə ödəmiş, cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilindiyindən iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh öz növbəsində təqsirli olduğunu qəbul edir və iddianı tam həcmdə qəbul edir. Bununla əlaqədar qeyd edilməlidir ki, onun etirafında qanunazidd və üçüncü şəxslərin maraqlarına toxunan hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Buna görə də məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunan Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda, qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, cavabdehin iddianı etiraf etməsini qəbul edərək belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia təmin edilməli, Cavabdeh 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş ödənilmiş 38.6 (otuz səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1859 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 38.6 (otuz səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar