Məhkəmə qərarları › İş №e-2(007)-1031/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1031/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1031/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları pozulmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qətnaməsi ilə onların birgə nikahlarından doğulmuş uşaqların ananın yanında qalması, ümumilikdə cavabdehdən, hər ay, hər uşağa görə 175 manat aliment alınmaqla, iki uşaq üçün 350 manat alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qeyd edir ki, cavabdeh rəsmi dövlət orqanında işləyir, əmək haqqı çox yüksəkdir. Ailə Məcəlləsinin tələblərinə əsasən, iki uşaq üçün, əmək haqqının 1/3 hissəsi məbləğində aliment pulu cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Buna görə Ailə Məcəlləsinin tələblərini rəhbər tutaraq, aliment miqdarının artırılması barədə iddia tələbini təmin edərək, iki uşağın saxlanması üçün, cavabdehdən əmək haqqı üzrə qazancından və əmək haqqı üzrə başqa bütün gəlirlərindən (mükafatlar, əlavələr, artımlar, olmaqla bütün ödənişlərindən) 1/3 məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, o, heç yerdə işləmir. Uşaqlar məktəbdə oxuyurlar, tələbatları artır. Məktəb isə uzaqda olduğundan taksi ilə gedib-gəlməli olur, özü isə tələbədir. Həm oxuyur, həm də uşaqlara baxır. Təkbaşına çatdırmır. Maddi vəziyyəti çox çətindir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib verdiyi izahatında göstərdi ki, o, iddiaya etiraz edir və bu barədə yazılı etirazı məhkəməyə təqdim etdiyini bildirdi. Belə ki, Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, övladlarının ananın himayəsində saxlanılmaları, eləcə də hakim tərəfindən əmək haqqı, fikir və təşəbbüsü nəzərə alınmaqla uşaqların hər birinə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aylıq alimentin ödənilməsi qət edilmişdir. Xidmət etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi nazirliyin strukturuna daxil olan digər-dövlət büdcəsindən maliyyələşən xidmət sahələrindən (PPX, YPX, ÇPA və s.) fərqli olaraq müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan struktur hissədir. Bunun nəticəsidir ki, iddiada qeyd olunan əlavə və digər bütün ödənişləri ehtiva edən hər hansı ödənişlər əmək haqqı məbləğində mövcud deyildir. Baş Mühafizə İdarəsinin 04 mart 2022-ci il tarixli 038-4635-1222 nömrəli arayışına əsasən vergilər tutulduqdan sonra ələ çatası əmək haqqı məbləği 2021-ci ilin yanvar ayından dekabr ayınadək hər ay üçün 1012 manat 83 qəpik, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1520 nömrəli Fərmanına əsasən aylıq vəzifə maaşına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edildikdən sonra isə 2022-ci ilin yanvar və fevral aylarına hər ay üçün 1125 manat 88 qəpik təşkil etmişdir. Buradan belə görünür ki, 16 may 2021-ci il tarixdən hər ay üçün ödədiyi 350 manat əvəzinə alimentin məbləği, iddia tələbində qeyd olunduğu kimi əmək haqqının 1/3 hissəsi miqdarında hesablanmış olsaydı, 1012 manat 83 qəpiyin 33%-i 334 manat 23 qəpik təşkil etməklə ödədiyi məbləğdən az olmalı idi. İddia tələbinin düzgün və əsassız olduğunun bir neçə aspektinə toxunaraq vurğulamaq istəyir ki, xidmət etdiyi qurumun aylıq vəzifə (tarif) maaş cədvəlinə nəzər salındıqda görünür ki, həm polis, həm də mülki mühafizə xidməti işçilərinin vəzifə maaşları şəhər və rayonların əhali sayı və iqtisadi zonasına görə fərqlənir. Belə ki, müqayisə üçün mülki mühafizə xidməti üzrə mühafizəçilərin aylıq vəzifə maaşlarının Bakı, Sumqayıt şəhərləri üzrə 410 manat, Gəncə şəhəri üzrə 360 manat, digər şəhər və rayonlar, o cümlədən Lənkəran rayonu üzrə isə 310 manat təşkil etdiyini nümunə gətirə bilər. Buradan görünür ki, ödədiyi 350 manat məbləğində aliment iddiaçının yaşadığı rayon üzrə sabit əmək haqqı miqdarını da üstələyir. Həmçinin iddia tələbinə baxılarkən iş üzrə digər halların da nəzərə alınmasını xahiş edir. Belə ki, o, valideynləri ilə Bakı şəhərində, övladları-Fuad və Nərgiz isə iddiaçı ilə birlikdə Lənkəran rayonu, Liman şəhərində yaşayırlar. Bu səbəbdən də aylıq əmək haqqından 350 manat aliment ödənişi ilə yanaşı, övladlarının onun və baba-nənəsi ilə vaxtaşırı görüşmələri üçün digər xərclərin (uzaq məsafə qət edilməsi, şənbədən bazara onlarla qaldıqda mehmanxanada gecələmə, görüş müddətində gəzinti, qida, maarif və əyləncə yerlərini ziyarət, oyuncaq, zəruri olan bir çox geyim əşyaları və s. alınması), eləcə də Bakı şəhərində aylıq yaşayış, kommunal və s. xərclərinin tərəfindən ödənilməli olduğunu qeyd etmək istəyir. Görüş zamanı sadaladığı xərclərin tərəfindən övladlarına yönəldiyini hər ikisi- Fuad və Nərgiz təsdiqləyə bilərlər. İddiaçı Kazımova (Ağazadə) Aynurə Namiq qızının “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin təmin edilmədən ödənilən aliment məbləğinin sadaladığı xüsusatlar da nəzərə alınmaqla 350 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 23.09.2014-cü il tаriхdə vеrilmiş AZ-İİİ № 391747 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 sentyabr 2014-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23.09.2014-cü il tarixdə 1518 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 19.11.2016-cı il tаriхdə vеrilmiş AZ-İİİ № 863360 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14.11.2016-cı il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19.11.2016-cı il tarixdə 7701 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası İddiaçıdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(007)-894/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında 19 noyabr 2013-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2346 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 sentyabr 2014-cü il tаriхdə anadan olmuş X4 və 14 noyabr 2016-cı il tarixdə anadan olmuş X1 yеtkinlik yаşınа çаtаnаdək anaları Kazımova (Ağazadə) Aynurə Namiq qızının himayəsində saxlanılmaları, 10 sentyabr 2014-cü il tаriхdə anadan olmuş X3 və 14 noyabr 2016-cı il tarixdə anadan olmuş X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 16 may 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Kazımova (Ağazadə) Aynurə Namiq qızına verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 04.03.2022-ci il tarixli arayışından görünür ki, Baş Mühafizə İdarəsinin Kadrlar İdarəsinin baş inspektoru, polis mayoru Cavabdeh 01 yanvar 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək vergilər tutulduqdan sonra ələ çatası əmək haqqı məbləği 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək 1012.83 manat, 2022-ci ilin yanvar və fevral aylarında isə 1125.88 manat təşkil etmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 11.10.2021-ci il tarixli, № 2021-004445 saylı arayışından görünür ki, məhkəməyə müraciət etmədən öncə tərəflər ilkin mediasiya prosesində iştirak etmişlər, lakin mediasiya prosesini davam etdirməmişlər. Bu barədə arayış iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 14 noyabr 2016-cı il təvəllüdlü X2 doğulmuşlar. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı uşaqlar İddiaçı yanında qalmışlar, Cavabdeh uşaqların yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 16 may 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəməyə təqdim edilmiş, Cavabdeh iş yerindən verilmiş arayışa əsasən onun aylıq vəzifə maaşı 01 yanvar 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək vergilər tutulduqdan sonra ələ çatası əmək haqqı məbləği 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək 1012.83 manat təşkil etsə də, 2022-ci ilin yanvar və fevral aylarında bu məbləğ 1125.88 manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin hallarla yanaşı, cavabdehin də mənafeyini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “əmək haqqı üzrə başqa bütün gəlirlərindən (mükafatlar, əlavələr, artımlar, olmaqla bütün ödənişlərindən) 1/3 hissəsi məbləğində alimentin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, hazırkı halda iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 14 noyabr 2016-cı il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 14 noyabr 2016-cı il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı halda, alimentin artırılması ilə bağlı ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Buna görə də, məhkəmə xərcləri iddiaçı tələb etmədiyindən, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 14 noyabr 2016-cı il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 14 noyabr 2016-cı il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar