Məhkəmə qərarları › İş №e-2(007)-1035/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1035/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1035/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 2872 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətilə 10.01.2022-ci il tarixə əsas borcu 2872 manat, faiz borcu 670.13 manat, cərimə borcu 430.80 manat olmaqla ümumi borcu 3972.93 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 06 oktyabr 2021-ci il tarixli, 16742/21 saylı pretenziya məktubu da göndərilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh əsas borcu 2872 manat, faiz borcu 670.13 manat, cərimə borcu 430.80 manat, həmçinin iddia ərizəsinə görə ödənilmiş 60.12 manat dövlət rüsumunun, ümumilikdə 4033.05 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib, izahatında göstərdi ki, o, kredit götürdüyü dövrdə hüquq-mühafizə orqanında işləmişdir, lakin sonradan həmin işdən çıxdığı üçün borcunu ödəyə bilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları kredit borcunun ödənilməsi ilə bağlı ona zəng etdikdə o, hazırkı vəziyyətini həmin əməkdaşlara da bildirmişdir. Hazırda isə şəxsi mühafizəçi işinə qəbul olunmuşdur və imkanı olduğu təqdirdə borcunu ödəyəcəkdir. Bununla yanaşı, iddia tələbinin əsas və faiz hissələri ilə razı olsa da, cərimə məbləği ilə razı deyil, həmin məbləğin azaldılmasını xahiş edir. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə illik 35.03 faiz dərəcəsi ilə 2872 manat məbləğində kredit verilmişdir. Borclu həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək qaytarmağı öhdəsinə götürmüşdür. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndindən görünür ki, borcalan müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə ödəniş məbləğlərini ödəmədikdə, vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini borcludan tələb etmək hüququna malikdir. - 10.05.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə 287 manat (sonuncu ay isə 288.94 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. - 10.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 10.01.2022-ci il tarixinə 2872 manat əsas borc, 670.13 manat faiz borcu, 430.80 manat cərimə borcu, cəmi 3972.93 manat borcu vardır. - 06.10.2021-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında BOKT "xxxx" QSC-dən 2872 manat məbləğində illik 35% olmaqla kredit götürülmüşdür. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən müqaviləyə və onun əlavəsinə/əlavələrinə (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə) uyğun olaraq ödəniş məbləğini vaxtında ödəmədikdə "xxxx" kreditin qalıq məbləğinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmçinin “Kredit müqaviləsinin” 3.1-ci bəndinə əsasən öhdəliyin lazımi qaydada icra edilmədiyi hər günə görə ümumi gecikdirilmiş məbləğinin 1% faizi miqdarında penya (cərimə) hesablanır. Borclunun nəzərinə çatdırıldırmışdır ki, (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq borclu tərəfindən əsas borcun 849.19 AZN hissəsi, hesablanmış 335.07 AZN faiz borcu, müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə 822.55 AZN cərimə borcu olmaqla bu günə 2006.81 AZN borcu ödənilməmiş olaraq qalmaqdadır. Yuxarıda göstərilən gecikmənin aradan qaldırılması ilə əlaqədar əvvəlki bildirişlərlə borcluya xəbərdarlıq edilmiş, lakin bu günə kimi müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı lazımi tədbir görülməmişdir. Odur ki, yuxarıda göstərilənləri borclunun nəzərinə çatdırmaqla bir daha bildirilmişdir ki, 5 gün ərzində yuxarıda qeyd edilən məbləğdə olan borc "xxxx"a ödənilməlidir. Əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və cərimə borcunun məcburi ödənilməsi, borcun girov predmetinə yönəldilməsi tələbi ilə "xxxx" tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. Belə olan halda əsas hesablanmış faiz və cərimə borcunu ödəməklə yanaşı məhkəmə və icra xərclərinin ödənilməsi də borclunun üzərinə yönəldiləcəkdir. İş materiallarında olan 25.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 59.72 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0.40 manat bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 10 may 2021-ci il tarixli, 207-TEL-0081-21 saylı kredit müqaviləsi üzrə 430.80 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 430.80 manat məbləğində cərimə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 may 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 2872 manat əsas, 670.13 manat faiz borcu, 50 manat cərimə, cəmi 3352.80 manat və ödənilmiş 59.72 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 2872 manat əsas, 670.13 manat faiz borcu, 50 manat cərimə, cəmi 3352.80 manat və ödənilmiş 59.72 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar